Heç bir əməli addım atmayan Minsk qrupunun gözlənilən sonu - TƏHLİL

Müəllif: Nuranə Tofiqli
1992-ci ildən fəaliyyət göstərən və əsas iş prinsipi Qarabağ münaqişəsinin sülh yolu və danışıqlar prosesi vasitəsilə həll edilməsinə yönələn ATƏT-in Minsk qrupu gördüyümüz kimi, heç bir nəticə əldə edə bilmədi. 30 ilə yaxın müddətdə boş fərziyyə və sözlər fonunda münaqişənin həllinə heç bir töhfə verməyən təşkilatın "gələcək taleyi" artıq göz qabağındadır.
Azərbaycan rəşadətli Ordusu ilə 44 günlük Vətən müharibəsində qələbə çaldı, öz tarixi torpaqlarını düşmənin işğalından azad etdi və bununla da 28 illik münaqişəyə son qoydu. Lakin illərdir sülh və danışıqlar prosesi ilə münaqişənin həllinə yardım məqsədilə yaradılmış həmsədr institutu missiyasını yerinə yetirmədi.
Prezident İlham Əliyev "Qlobal dünya nizamına təhdidlər" mövzusunda Bakıda işə başlayan Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında bunu vurğulayıb:
"Minsk qrupu 1992-ci ildə təsis edilib və onun mandatı münaqişənin həllinə yardım etməkdən ibarət olub. Lakin faktiki olaraq onun fəaliyyəti sıfırla nəticələnib. Təsəvvür edin ki, ATƏT-dən mandat almış bu qrup 28 il ərzində heç bir nəticə əldə etməyib. Azərbaycan Qarabağ münaqişəsini həll etdikdən sonra Minsk qrupunun fəaliyyətinə artıq ehtiyac yoxdur. Hesab edirəm ki, hər kəs bunu anlayır. Xüsusilə Rusiya-Ukrayna müharibəsindən sonra aydındır ki, Minsk qrupunun üç həmsədr ölkəsi bir araya gələ bilməz və biz bununla bağlı artıq mesajlar almışıq - bu qrupun həmsədrlik institutu fəaliyyət göstərməyəcək. Yəni, Minsk qrupu funksiyasını itirib. Bunu yenidən dirçəltmək cəhdləri də səmərəsizdir. Düşünürəm ki, bunun ən yaxşı yolu Minsk qrupuna əlvida deməkdir. Təşəkkür edirik və əlvida. Yox, yalnız əlvida demək olar. Yəni, 30 il kifayətdir, təqaüdə çıxmaq vaxtıdır".
Dövlət başçısı bildirib ki, Ermənistanda və ya hər hansı başqa ölkədə Minsk qrupu ilə bağlı hər hansı spekulyasiya Azərbaycanda yalnız qıcıq doğurur:
"Biz münaqişəni həll etmişik. Minsk qrupu tərəfindən işlənib hazırlanmış Madrid prinsipləri həll olunub. İndi biz Ermənistanla münasibətləri normallaşdırmağın yolları barədə düşünməliyik, sülh müqaviləsi imzalamalıyıq".
Hər şey artıq aydın görünür ki, illər ərzində ATƏT-in Minsk qrupu yalnız ermənilərin dəyirmanına su töküb, münaqişənin həlli yolunda Azərbaycanın xeyrinə heç bir iş görməyib. Həmsədr qrupunun sözdə olan iş prinsipi və məsələnin həllini sülh yolu ilə çözmək vədi boşuna çıxdı. Daha doğrusu münaqişə zonasında 30 ilə yaxın müddət ərzində təşkilatın fəaliyyəti nəticə verməyən bəyanat yaymaqdan ibarət olub. Onlar öz fəaliyyətinin bölgədə davamlı sülhün əldə olunmasına yönəldiyini bildirsələr də, faktiki olaraq bu istiqamətdə heç bir nəticəyə nail ola bilməyiblər. Erməni vandalizminin qarşısını almaq əvəzinə, yalnız ikitərəfli çağırışlar etməklə çıxış ediblər.
Halbuki Azərbaycan beynəlxalq öhdəlikləri və prinsipləri daim yerinə yetirib və erməni terrorunun qarşısında heç bir halda beynəlxalq hüquq normalarına zidd addımlar atmayıb. Buna baxmayaraq həmsədrlər 28 il ərzində Azərbaycanın öz tarixi torpaqlarını işgalçılardan azad etməsi üçün heç bir səy göstərmədilər. Onlar bu illər ərzində yalnız münaqişənin uzanmağına və bununla da erməni cinayətlərinin davam etməsinə şərait yaratmış oldular. Beləliklə, təşkilatın qarşısına qoyulan heç bir vəzifəni yerinə yetirmədilər.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре