İordaniyada Ulu Öndər Heydər Əliyevin 100 illiyi silsilə tədbirlərlə qeyd edilib

Müasir Azərbaycanın memarı və banisi, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə Azərbaycan Respublikasının İordaniya Haşimilər Krallığında səfirliyi tərəfindən silsilə tədbirlər təşkil edilib.

Day.Az xəbər verir ki, öncə paytaxt Əmmanda yerləşən Yeni Bədr rayonunda Ulu Öndərin adını daşıyan küçənin üzərindəki İordaniya-Azərbaycan dostluğu rəmzini bildirən dairədə anım mərasimi keçirilib. Əmman şəhər Böyük Bələdiyyəsinin nümayəndələri və Yeni Bədr Bələdiyyəsinin rəhbər heyətinin, eləcə də İordaniyada Azərbaycan Universitet və İnstitutlarının Məzunları Klubunun İdarə Heyətinin sədri və bir sıra üzvləri, ictimaiyyət nümayəndələri, Azərbaycan icmasının fəalları və səfirliyin əməkdaşlarının iştirakı ilə keçirilən tədbirdə çıxış edən səfir Eldar Səlimov bu günün Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinə təsadüf etdiyini qonaqların diqqətinə çatdırıb, bu əlamətdar və tarixi hadisə münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına uyğun olaraq, 2023-cü ilin ölkəmizdə "Heydər Əliyev İli" elan olunduğu barədə məlumat verib.

Səfir dahi şəxsiyyətin həyatı, fəaliyyəti, sovet və müstəqillik dövründə xalqı və Vətəni üçün gördüyü misilsiz xidmətləri, eləcə də yenicə müstəqilliyinə qovuşmuş Azərbaycanın ərəb-İslam dünyası ilə dostluq və əməkdaşlıq əlaqələrinin qurulmasında müstəsna rolundan geniş bəhs edib. Bu xüsusda, Azərbaycan-İordaniya əlaqələrinin möhkəm təməlinin məhz Ulu Öndərin mərhum Kral Əl-Hüseyn İbn Talal ilə 1994-cü ilin dekabrında Mərakeşin Kasablanka şəhərində keçirilən İslam Əməkdaşlıq Konfransına üzv ölkələrin sammiti çərçivəsində baş tutmuş görüşdə qoyulduğunu tədbir iştirakçılarına xatırladıb.

Tədbirin sonunda Ümummilli Liderin əziz xatirəsinə dərin hörmət əlaməti olaraq dairə və ətrafında şam ağacları əkilib.

Sonra səfirliyin binasında qardaş və dost ölkələrin diplomatik missiya rəhbəri və diplomatlarının, eləcə də İordaniya Senat və Nümayəndələr Palatasının üzvləri, Yaxın Şərq Strateji Araşdırmalar Mərkəzinin rəhbər heyətinin, o cümlədən Krallığın aparıcı mətbuat və televiziya nümayəndələrinin iştirakı ilə "Heydər Əliyev (1923-2023)" adlı elmi simpozium və İordaniya Baş nazirinin müavininin müşaviri Məhəmməd əl-Məlkəvinin müəllifi olduğu "Heydər Əliyevin anadan olmasının 100 illiyi (1923-2023)" adlı kitabın təqdimat mərasimi olub.

Qeyd edək ki, Ulu Öndər Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti barədə məlumatları, həmçinin ərəb və İslam ölkələrinin rəhbərləri ilə görüşlərini, eləcə də dünya liderləri və BMT, ICESCO və Ərəb Dövlətləri Liqası kimi nüfuzlu beynəlxalq təşkilatların sabiq baş katiblərinin Heydər Əliyev haqqında fikirlərini özündə ehtiva edən belə bir kitab ilk dəfə olaraq Yaxın Şərq ölkəsində və məhz mötəbər vəzifə sahibi tərəfindən qələmə alınır.

Simpoziumun açılışında səfir E.Səlimov bugünkü tədbirin mahiyyəti və əhəmiyyətinə toxunaraq, çağdaş Azərbaycan dövlətinin qurucusu və Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin doğma xalqı və Vətəni üçün gördüyü böyük işlərə geniş yer ayırıb. O qeyd edib ki, məhz yenicə müstəqilliyini bərpa edən, ağır siyasi və sosial-iqtisadi vəziyyətlə qarşı-qarşıya olan və Ermənistanın hərbi təcavüzünə məruz qalan Azərbaycan vətəndaş müharibəsi astanasında idi. Bu cür mürəkkəb durumda müdrik Azərbaycan xalqı nicat yolunu yalnız Heydər Əliyevdə görürdü. Səfir bundan sonra Azərbaycanda Heydər Əliyev epoxasının başladığını diqqətə çatdıraraq, həmin vaxtda ölkəmizdə hərtərəfli sürətli tərəqqiyə start verildiyini və gələcəyə hesablanmış qlobal əhəmiyyətli enerji və nəqliyyat layihələrinin əsasının qoyulduğunu qeyd edib.

Tədbirdə çıxış edən İordaniya Nümayəndələr Palatasının üzvü, Palatada Asiya və Okeaniya ölkələri ilə Dostluq assosiasiyasının rəhbəri Əbdülrəhim əl-Maayah dahi şəxsiyyət Heydər Əliyevin Kral Əl-Hüseyn İbn Talal və hazırkı Kral II Abdullah ilə görüşlərini yada salıb. Vurğulayıb ki, məhz Heydər Əliyev dost və qardaş ölkələrimiz arasında dostluq və əməkdaşlığın güclü əsasını qoyub. Həmin əlaqələr bu gün iki lider - Prezident İlham Əliyev və Kral II Abdullahın şəxsi münasibətləri sayəsində keyfiyyətcə yeni müstəvidə inkişaf edir.

Daha sonra söz alan "Heydər Əliyevin anadan olmasının 100 illiyi (1923-2023)" adlı kitabın müəllifi, İordaniya Baş nazirinin müavininin müşaviri Məhəmməd əl-Məlkəvi bu mühüm əsərin ərsəyə gəlməsindən danışıb. O, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev haqqında kifayət qədər məlumatlı olduğunu və zəngin tarixə malik Azərbaycan xalqının bu böyük oğlunun ərəb dünyasında görkəmli dövlət xadimi kimi tanındığını əsas tutaraq, Heydər Əliyev haqqında kitab yazmağı qərara aldığını simpozium iştirakçılarının diqqətinə çatdırıb.

Çıxışların ardından müəllifin imzası ilə "Heydər Əliyevin anadan olmasının 100 illiyi (1923-2023)" adlı kitabın təqdimatı keçirilib.

Diqqətə çatdıraq ki, "Heydər Əliyevin anadan olmasının 100 illiyi (1923-2023)" adlı kitab İordaniya Milli Kitabxanasında rəsmi qeydiyyata alınıb və bu yaxınlarda bir sıra nüsxələri kitabxananın rəhbərliyinə rəsmi şəkildə təqdim ediləcək.