Amuldağ qızıl yatağındakı işləri dərhal dayandırmağa çağırırıq - Amin Məmmədov

Əslində biz keçən ilin iyun ayında Ermənistanın Naxçıvanla sərhəddə Arazdəyən tərəfdə zavod inşa etmək istəməsindən bu yana bir neçə bəyanat vermişdik. Bununla bağlı Ermənistanın baş naziri Nikol Paşinyana da açıq məktub ünvanlandı.
Day.Az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədri Amin Məmmədov deyib.
"Ermənistanda vətəndaş cəmiyyəti təşkilatları və eko-fəallarının Amuldağ yatağının istismarının biomüxtəlifliyə, su ehtiyatlarına ciddi təhlükə törətməsi barədə etirazını təqdirəlayiq hesab edirik. Biz keçən ilin iyun ayında Ermənistanın Naxçıvanla sərhəddə Arazdəyən tərəfdə zavod inşa etmək istəməsindən bu yana bir neçə bəyanat vermişdik. Təəssüf ki, Ermənistanın öz vətəndaş cəmiyyətləri tərəfindən buna bir reaksiya yox idi. İndi isə Ermənistanda 100-dən çox vətəndaş cəmiyyəti, ekofəal Amuldağ qızılyatağı və fəsadları ilə bağlı bəyanat veriblər. Bu fəaliyyət nəticəsində ağır metallar Bərgüşad çayına axıdılır və Həkəri çayı vasitəsilə Araz çayı çirkləndirilir.
Burada təəssüf ki, xarici şirkətlər investor kimi çıxış edir. Ermənistan hökumətini və bu yataqda qızıl hasilatına cəlb edilmiş şirkətləri heç bir ekoloji normaları nəzərə almadan istismarı aparılan "Amuldar qızıl yatağı"ndakı işləri dərhal dayandırmağa çağırırıq", - deyə o bildirib.
Qeyd edək ki, Amuldağ yatağı təbii mineral su yatağı olan İstisu (Cermuk) şəhərindən 13 kilometr məsafədə yerləşir. Yatağın istismarı İstisu mineral bulaqlarına məhvedici zərər vurur. Yataq həm də Arpaçay və Bazarçay arasındakı ərazidə yerləşir. Hər iki çay Azərbaycan ərazisindən keçərək Araz çayına tökülür. Amuldağ yatağının istismarında çoxdan qadağan edilmiş, ətraf mühit üçün yüksək təhlükə törədən zəhərli maddələrin istifadəsi təbiəti məhv edir, çay sularının turşulaşmasına, suyun zəhərlənməsinə səbəb olur. Qızıl hasilatının bu çayın sularını çirkləndirməsi ilə yanaşı, əraziyə yaxın yerləşən Ermənistanın ən böyük şirin su gölü olan Göyçə (Sevan) gölünün ekosisteminə də mənfi təsir göstərir. Eyni zamanda, bu sənaye Xəzər dənizi hövzəsi üçün də ciddi təhlükə törədir. Naxçıvan ərazisindən axan Arpaçay, eləcə də, Bazarçay Araz çayına və oradan da Xəzər dənizinə tökülür. Beləliklə, bu, təkcə Azərbaycanın deyil, həm də İranın, eləcə də, digər Xəzəryanı ölkələrin ekologiyasına ciddi ziyan vurur.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре