“Azərişıq” azad olunmuş torpaqlarda "zəfər işığı" yandırır
Müəllif: Fərid Zöhrabov
Mənbə: Trend
"Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin yaranmasından 10 il keçir. Yarandığı az müddət ərzində Cəmiyyət ölkəmiz üçün çox böyük işlər görüb. Qurumun əsas vəzifəsi ölkəmizi fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin etmək, abonentlərə yüksək səviyyəli xidmət göstərməkdir. Görülən işlərə nəzər salsaq, görərik ki, "Azərişıq" vəzifələrinin öhdəsindən layiqincə gəlir.
Prezident İlham Əliyevin tapşırıqlarına əsasən, "Azərişıq" paytaxtda və regionlarda, eləcə də, Qarabağ və Şərqi Zəngəzurda torpaqlarımız işğaldan azad olunandan sonra dərhal bir sıra uğurlu layihələrə imza atıb.
Belə ki, 30 ilə yaxın düşmən tapdağında qalan torpaqlarımız 2020-ci ildə azad edildikdən sonra həmin ərazilərin enerji ilə təmin edilməsi pioritet məsələlərdən idi.
Azərbaycanın bu bölgələri 30 ilə yaxın bir müddətdə işğal altında qalarkən, düşmən tərəfindən oradakı elektrik enerjisi şəbəkələri, xətləri və stansiyaları məhv edilmiş və ya istifadəyə yararsız vəziyyətə salınmışdı.
Prezident İlham Əliyevin müvafiq fərmanına uyğun olaraq "Azərişıq" ASC işğaldan azad edilmiş ərazilərdə xüsusi dövlət əhəmiyyətli binaların elektrik enerjisi ilə təchizatını "Azərişıq Qarabağda" layihəsi çərçivəsində təxirəsalınmaz tədbirlərlə həyata keçirməyə başladı.
Qurumun işğaldan azad olunan ərazilərdə həyata keçirdiyi işlər Azərbaycanın sosial-iqtisadi inkişafına, təhlükəsizlik təminatına və regionun yenidən qurulmasında böyük əhəmiyyət kəsb edir. İşğaldan azad olunmuş ərazilərdə elektrik enerjisi təchizatının bərpa edilməsi və yeni elektrik şəbəkələrinin qurulması, həm mülki, həm də iqtisadi fəaliyyətin bərpası üçün vacibdir. Bu, regionda həyat keyfiyyətinin yüksəlməsi və yeni investisiyaların cəlb olunması baxımından müstəsna əhəmiyyətə malikdir.
Elektrik enerjisinin təchizatı ərazilərdə kənd təsərrüfatı, sənaye və xidmət sektorlarının inkişafına şərait yaratmağa kömək edir. Ərazilərdə elektrik enerjisinin bərpası, insanların normal həyat şəraitinə qayıtmasına, həmçinin, iş yerlərinin açılmasına səbəb olur. Bu, əhalinin sosial rifahının artmasına, məcburi köçkünlərin öz evlərinə geri qayıtmasına şərait yaradır. İnfrastruktur layihələri, həmçinin, enerji təminatının artması ərazilərdə təhlükəsizlik təminatının güclənməsinə də xidmət edir.
Elektrik təchizatının sabitliyi və etibarlılığı həm yerli əhalinin, həm də strateji obyektlərin qorunmasına mühüm təsir göstərir. Bu cür layihələr Azərbaycanın beynəlxalq aləmdə iqtisadi gücünü artırmasına və regiondakı mövqeyini gücləndirməsinə də təsir edir. İnfrastrukturun bərpası və inkişafı, xarici investorlar üçün də önəmli amil olur, bu isə ölkənin iqtisadi inkişafına və xarici əlaqələrinin möhkəmlənməsinə imkan verir. Nəticə etibarilə, "Azərişığ"ın bu ərazilərdəki fəaliyyəti yalnız elektrik enerjisinin bərpası ilə məhdudlaşmır. O, həmçinin, iqtisadiyyatın bərpasına, insanların həyat şəraitinin yaxşılaşdırılmasına, təhlükəsizliyin gücləndirilməsinə və Azərbaycanın regional təsirinin artırılmasına yönəlmiş mühüm addımlar atır.
Dağ və meşəlik, həmçinin, çətin relyefli ərazilər olmasına baxmayaraq, "Azərişıq" əməkdaşları qarlı, şaxtalı havada işlərini fədakarlıqla görməyə başladılar. Ən əsas çətinlik isə düşmənin ərazilərimizə basdırdığı minalar idi. Bütün bunlara baxmayaraq, torpaqlarımız azad olunandan sonra işlər yüksək səviyyədə görülməyə başladı və bu gün də davam edir. "Azərişıq" yalnız elektrik təchizatını təmin etməklə kifayətlənmir, həm də yeni innovativ sistemlərin tətbiqi ilə daha dayanıqlı və etibarlı enerji şəbəkəsinin qurulmasını məqsəd qoyur.
İşğaldan azad edilən ərazilərdə elektrik təchizatının bərpası istiqamətində ilk addımlar mövcud elektrik xətlərinin təmiri və yeni enerji xətlərinin çəkilməsi ilə atıldı. Bu çərçivədə yüksək gərginlikli elektrik xətləri, transformatorlar və yeni enerji stansiyaları inşa edildi. "Azərişıq" ASC, həmçinin, zədələnmiş və ya sıradan çıxmış elektrik infrastrukturunun bərpasını sürətləndirərək, bölgədəki sakinlərin təmiz və kəsintisiz enerji təminatını təmin etmək üçün mütəmadi olaraq işlər aparır.
Gəlin, "Azərişıq" ASC-nin Qarabağ və Şərqi Zəngəzurda gördüyü işlərə nəzər salaq.
2020-ci ildə Vətən müharibəsinin yenicə bitməsinə baxmayaraq, həmin ərazilərdə elektrik təminatı ilə bağlı təxirəsalınmaz işlərə başlanıldı. Cəbrayıl şəhərində və Hadrut qəsəbəsində yerləşən xüsusi dövlət əhəmiyyətli binalar yeni çəkilən elektrik veriliş xətti vasitəsilə elektrik enerjisi ilə təmin olundu. Sonra isə "Şükürbəyli" yarımstansiyasından qidalanmaqla Qarabağın gözü olan Şuşa şəhəri elektrik enerjisi ilə təmin edildi. Bunlar müharibədən dərhal sonrakı işlər idi.
İlkin işlərdən sonra daha fundamental işlər planlaşdırıldı və görülməyə başlandı. Şuşanın Baş Planına uyğun olaraq enrji infrastrukturu qurulmağa başladı. İlk dəfə olaraq texnoloji yeniliklərin tətbiqi ilə Şuşa şəhəri üçün yeni konseptdə işlərə başlanıldı. Bu, rəqəmsal yarımstansiya idi. Qeyd edək ki, sovet və işğal dövründə şəhərdə 48 transfarmator var idi və köhnə sistem üzərində qurulmuşdu. 2022-ci ilin mayın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şuşa şəhərində "Azərişıq" ASC-nin Şuşa Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında iştirak etdi.
Şuşada Rəqəmsal İdarəetmə Mərkəzinin istifadəyə verilməsi şəhərin dayanıqlı və keyfiyyətli enerji ilə təchizatı baxımından əhəmiyyətli hadisə idi. Ənənəvi üçpilləli 35/10-6/0,4kV-luq paylayıcı elektrik şəbəkələrinin yerinə Şuşada qurulan yeni dairəvi elektrik təchizat sxemi müasir dəringirişli ikipilləli 35/0,4kV-luq şəbəkələrlə əvəz edildi. İlk dəfə Şuşada tətbiq edilən 35/0,4 kV-luq şəbəkələrin Rəqəmsal İdarəetmə Mərkəzi digər yarımstansiyalarla dairəvi əlaqələndirilmə imkanlarına malik olub Şuşa şəhərinin dayanıqlı və fasiləsiz elektrik enerjisi təchizatını təmin edir. Nəticədə elektrik enerjisinin alış nöqtəsindən abonent sayğacınadək idarə olunması tam nəzarətdə saxlanılır.
Böyük Qayıdışa - Zəngilan rayonunda "ağıllı kənd" konsepsiyası əsasında yenidən salınmış Ağalı kəndinə sakinlərin köçürülməsinə başlanıldı. Əlbəttə ki, işıqsız kənddə yaşamaq mümkün deyildi. Ona görə də "Azərişıq" Zəngilan rayonunun Ağalı kəndinə və tikilməkdə olan beynəlxalq hava limanına 35 kV-luq xətt çəkməyə başladı. Yeni tip izolyasiya olunmuş 35 kV-luq xətlərin istifadəsi ümumilikdə ölkənin enerji sisteminin dayanıqlıq, etibarlıq və səmərəlilik göstəricilərini beynəlxalq standartlara yaxınlaşdırmağa imkan verir. Yenidən qurulan Ağalı kəndində küçələrin "ağıllı" işıqlandırılması həyata keçirildi.
Bundan başqa, digər azad edilmiş ərazilərdə nəhəng işlər görülməyə davam etdirildi. Şuşanının Daşaltı kəndində isə 35/10 kV-luq 1 yarımstansiya, "Hadrut" qovşaq yarımstansiyası və Rəqəmsal İdarəetmə Mərkəzi, Cəbrayılda Rəqəmsal İdarəetmə Mərkəzi tikilərək istismara verilib.
2024-cü ildə Prezident İlham Əliyevin iştirakı ilə böyük güc mərkəzlərindən ikisinin rəsmi açılışı baş tutub. Sentyabrın 2-də ölkə başçısı Kəlbəcərdə 110/35 kV-luq "İstisu" yarımstansiyasını işə salıb. Oktyabrın 3-də Zəngilan Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında iştirak edib. Ağdam Elektrik Şəbəkəsi və Rəqəmsal İdarəetmə Mərkəzi də istismara hazır vəziyyətdədir. Hər 3 güc mərkəzi müasir tələblərə cavab verən SCADA sistemi ilə təchiz edilib.
İşğaldan azad olunan ərazilərdə 35 kV-luq yeni güc mərkəzlərinin tikintisi də davam edir. Laçında müasir yarımstansiya və Rəqəmsal İdarəetmə Mərkəzi tikilir, eləcə də, 110/35/10 kV-luq "Minkənd" yarımstansiyasının inşası, "Ağbulaq-SES" və "Minkənd" yarımstansiyaları arasında 35 kV-luq iki dövrəli ÖİN xəttinin çəkilişi yekunlaşmaq üzrədir. Xocalıda "Xocalı" yarımstansiyası və İdarəetmə Mərkəzinin tikintisi, "Əsgəran", Malıbəyli və Sığnaq yaşayış məntəqələrində yarımstansiyaların tikintisi davam edir. Xocavənddə "Zoğalbulaq" yarımstansiyasının tikintisi, Hadrut "Qovşaq" yarımstansiyası ilə "Zoğalbulaq" yarımstansiyası arasında 35 kV-luq iki dövrəli ÖİN xəttinin çəkilişi davam edir. Həmçinin, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında tikintisi davam edən və ya planlaşdırılan yaşayış məntəqələrinin enerji təchizatının təmin olunması məqsədilə müasir tələblərə cavab verən yeni transformator yarımstansiyaları tikilir. Hazırda Qubadlı Rəqəmsal İdarəetmə Mərkəzində tamamlanma işləri gedir.
Kəlbəcərdə Zallar, Yanşaq, Qamışlı və Çaykənd, Laçında Güləbird, Şəlvə, Ərikli, Kürdhacı, Ağdamda Eyvazxanbəyli, Xocalıda Aşağıquşçu, Yuxarıquşçu, Şuşada Qaybalı, Xocavənddə Hadrut qəsəbəsi, Tuğ və ətraf kəndləri, Füzulidə Dövlətyarlı, Pirəhmədli və Dədəli, Cəbrayılda Horovlu, Şükürbəyli kəndləri və Xudafərin qəsəbəsi, Zəngilan rayonu və Cahangirbəyli kəndi, Qubadlıda Xanlıq, Mahruzlu və Zilanlı kəndlərinin xarici elektrik təchizatının təmin olunması məqsədilə 35 kV-luq iki dövrəli ÖİN elektrik veriliş xəttinin çəkilişi davam edir. Xankəndi şəhərində isə şəbəkə köhnədir. Demək olar ki, istifadəyə yararsızdır. Xankəndi şəhərinin Baş Planına uyğun olaraq layihə və sxemlər hazırlanır. O işlərin icrasına da yaxın günlərdə başlanılmalıdır.
"Azərişıq" azad edilmiş ərazilərdə də innovativ və texnoloji yenilikləri tətbiq edir.
Bu prosesə yüksək gərginlikli elektrik xətlərinin çəkilməsi, yeni elektrik stansiyalarının inşası və mövcud olan enerji sistemlərinin modernləşdirilməsi daxildir. Beləliklə, "Azərişıq" ASC yalnız elektrik təchizatını təmin etməklə kifayətlənmir, həm də yeni innovativ sistemlərin tətbiqi ilə daha dayanıqlı və etibarlı enerji şəbəkəsinin qurulmasını həyata keçirilməsində iştirak edir.
Bundan başqa, Cəmiyyət Qarabağ və Şərqi Zəngəzur bölgələrində hərbi hissələrin işıqlandırılması, Qarabağda istifadəyə verilmiş hava limanlarının elektrik enerjisi ilə təchiz edilməsi istiqamətində mühüm addımlar atır. Bu tədbirlər bölgənin təhlükəsizliyinin təmin edilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Misal olaraq, Kəlbəcər rayonundakı "Alagöllər", Zəngilanda isə Bartaz yüksəkliyində görülən işləri göstərmək olar.
"Azərişıq" ASC son illərdə ekoloji cəhətdən faydalı olan elektromobillərin istifadəsini təşviq etmək üçün müxtəlif layihələr həyata keçirib. Cəmiyyət elektromobillər üçün şarj stansiyalarının sayını artıraraq, bu sahədə əhəmiyyətli addımlar atıb. Bu təşəbbüslər ölkənin enerji sektoru üçün də böyük əhəmiyyət daşıyır, çünki bu tip nəqliyyat vasitələri elektrik enerjisi ilə işləyir və bununla da nəqliyyatın fosil yanacaqdan asılılığını azaldır. Qurum tərəfindən işğaldan azad edilən Qarabağ və Şərqi Zəngəzurda yaşıl enerji ilə dəstəklənən 15 enerjidoldurma məntəqəsi (EDM) quraşdırılıb. Bu məntəqələrin sayının artırılacağı gözlənilir.
Hazırda işğaldan azad edilən ərazilərində "Azərişıq" ASC-nin 5 097 abonenti mövcuddur. Bunun 4 182-si əhali qrupuna, 915-i isə qeyri-əhali qrupuna daxil olan abonentlərdir. İşğaldan azad edilən ərazilərdə abonentlərin sayı mütəmadi olaraq artır. Elektrik şəbəkələrin yenilənməsi və müasir texnologiyalarla təmin edilməsi, abonentlərin məmnuniyyətini təmin edir. Bu isə regionda elektrik enerjisinin təminatında sabitlik yaradır və sakinlərinin gündəlik həyatını asanlaşdırır.
Göstərilən faktlar onu deməyə əsas verir ki, "Azərişıq" ASC bütövlükdə Azərbaycan iqtisadiyyatının, həmçinin yenidən bərpa edilən Qarabağın və Şərqi Zəngəzurun inkişafında müstəsna əhəmiyyətə malikdir.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре