Yalan, məkr və qəddarlıq

Müəllif: Elçin Alıoğlu

Mənbə: Trend

Fransa prezidenti Emmanuel Makronun "diplomatik lakey"i olan, Fransa və Avropa məsələləri üzrə naziri Jan-Noel Barro Lüksemburqda Azərbaycanı hədəfə alan bəyanatları ilə - guya "özbaşına saxlanılan" erməni məhbuslardan və "dərhal sülh sazişi imzalanmalı" olduğu haqqında danışarkən - təkcə kobud diplomatik səhvə yol vermədi. O, əslində, rəsmi Parisin illərdən bəri postsovet məkanında, xüsusilə də Cənubi Qafqazda yürütdüyü xarici siyasətin vizit kartına çevrilmiş neokolonial təkəbbürünü, siyasi əxlaqdan və diplomatiyanın yazılmamış qaydalarından uzaq mənəviyyatsızlığı nümayiş etdirdi.

Parisin sistemli şəkildə Ermənistana ölümcül silahların göndərilməsi, Fransada fəaliyyət göstərən radikal erməni qruplarına dəstək, Azərbaycanın ərazi bütövlüyünü tanımaqdan imtina və separatizmin "insan haqları" adı altında leqallaşdırılmasına yönəlmiş cəhdləri fonunda Barronun absurd açıqlamaları sadəcə təhrikedici bəyanat deyil. Bu, Bakı ilə İrəvan arasında çətinliklə qurulan və hər an pozula biləcək sülh arxitekturasına qarşı yönəlmiş məqsədli diplomatik təxribatdır.

Barronun bəyanatı Ermənistanla Azərbaycan arasında onilliklər davam edən qarşıdurmadan, 2020-ci il müharibəsindən və nəhayət 2023-cü ildə Qarabağdakı separatçı rejimin ləğvindən sonra sülh sazişinin real müstəviyə keçdiyi həlledici bir mərhələdə səslənib.

Halbuki Bakı dəfələrlə bəyan edib ki, dayanıqlı sülh yalnız sərhədlərin qarşılıqlı tanınması, ərazi iddialarından imtina və sərhədin demarkasiyası ilə mümkündür.

Fəqət bu şəraitdə Fransa hələ də Cənubi Qafqazda nüfuzunu qorumaq üçün iflasa uğramış diplomatik platformalardan, o cümlədən, ATƏT-in Minsk Qrupunun xarabalıqlarından yararlanmağa can atır. Azərbaycan haqlı olaraq bu qurumun fəaliyyətinin rəsmən dayandırılmasını tələb edir, çünki o, artıq hüquqi və siyasi baxımdan qeyri-funksionaldır. Üstəlik, çoxdan ölüb.

Fransa isə əksinə, bu strukturu diriltmək və onu təzyiq alətinə çevirmək istəyir. Üstəlik, Paris "köhnə Avropa"nın razılığı olmadan baş verən hər hansı Cənubi Qafqaz təşəbbüsünü sabotaj etməyə hazırdır.

Tarixən Fransanın Ermənistanı Şərq istiqamətində qeyri-rəsmi vassal kimi qəbul etməsi bu siyasətin ideoloji sütununu təşkil edir. Fransa daxilində, xüsusilə Provens - Alplar - Azur sahili və İl-de-Frans kimi regionlarda erməni diasporunun siyasi çəkisi elə güclüdür ki, Parisdə istənilən anti-erməni mövqeyi siyasətçinin siyasi intiharı deməkdir.

Məhz buna görə də Fransa Avropa İttifaqı daxilində Ermənistana açıq şəkildə silah verən yeganə ölkədir. Bu silahlar yalnız radioelektron kəşfiyyat vasitələri ilə məhdudlaşmır - yüksək dəqiqliyə malik artilleriya sistemləri də Ermənistana ötürülür ki, bu da regionda silahlanma yarışını qızışdırır və qüvvələr balansını pozur.

Paris bu yolla nəinki Türkiyənin regiondakı təsirini zəiflətməyə, həm də Rusiya və İranın vasitəçiliyi ilə irəliləyən diplomatik səyləri sabotaj etməyə, eyni zamanda, Azərbaycanın Qərblə öz şərtləri əsasında yaxınlaşmasına mane olmağa çalışır.

Barronun "erməni əsirlərin özbaşına saxlanılması", "sülh dərhal imzalanmalıdır" kimi ifadələri isə Fransanın klassik kolonial lüğətindən bəhrələnmədir.

Yəni Paris həmişə olduğu kimi, indi də bir zamanlar müstəmləkə altında saxladığı "yerli xalqlara" buyuruqlar verən metropoliya davranışı sərgiləyir.

Jan-Noel Barronun bəyanatlarında nə Azərbaycanda mühakimə olunan şəxslərin törətdiyi hərbi cinayətlərə, nə Ermənistan Konstitusiyasında hələ də əksini tapan ərazi iddialarına, nə də Ermənistan tərəfindən törədilmiş silahlı təxribatlara dair bircə cümlə belə yoxdur.

Fransanın bu diplomatik ritorikası bir daha göstərdi ki, Parisin yanaşması tamamilə birtərəflidir: burada zərərçəkən suçlanır, təcavüzkar isə "zərərdidə" kimi təqdim olunur.

Halbuki Bakı Fransanın bu çirkin, primitiv və təhlükəli yanaşma tərzini dəfələrlə, sərt və məntiq baxımından tam əsaslandırılmış şəkildə ifşa edib.

Reallıq budur ki, Fransa Ermənistana silah verərək regionda vəziyyəti qəsdən gərginləşdirir. Eyni zamanda, Paris hərbi cinayətlərdə ittiham olunan şəxslər üzərində aparılan məhkəmə prosesinə müdaxilə etməklə beynəlxalq hüququ pozur. Üstəlik, Fransa "özbaşına həbs" ritorikasından istifadə etməklə istintaq materiallarını və hüquqi əsasları görməməzliyə vurur, Ermənistan Konstitusiyasında yer alan və Azərbaycana qarşı yönəlmiş ərazi iddialarını tamamilə görməməzlikdən gəlir və birtərəfli şərtlər diktə etməklə və cinayətkarları müdafiə etməklə regional sülh səylərini sabotaj edir.

Rəsmi Bakı Parisin "humanist maska" altında reallaşdırdığı geosiyasi manipulyasiyanı ifşa edərək onun əsl niyyətlərini üzə çıxarmaqdadır: bu, nə sülhə, nə ədalətə, nə də beynəlxalq hüquqa xidmət edən siyasət deyil. Bu, sadəcə köhnə müstəmləkəçi ambisiyaların müasir diplomatiya kostyumuna bürünmüş halıdır.

Fransa Avropa İttifaqının arxasında gizlənərək, Azərbaycanla Ermənistan arasında formalaşan incə diplomatik tarazlığı sistemli şəkildə sabotaj edir. Bakı və İrəvan bir sıra əsaslı məsələlər üzrə prinsipal konsensusa gəldikləri anda, Paris ittiham ritorikası ilə çıxış edir, üçüncü tərəflərin müdaxiləsini təşviq edir və Ermənistan daxilindəki daxili siyasi müzakirələri qızışdırmağa çalışır.

Tərəflərin iradəsini öz gündəliyi ilə əvəzləməyə çalışan istənilən xarici aktor sülhə xidmət etmir - o, onu dağıdır. Ədalətli və davamlı sülh sazişi ancaq aşağıdakı şərtlərlə mümkündür: - Ermənistanın hüquqi formada Azərbaycan ərazisinə olan iddialardan imtinası; - sərhədlərin delimitasiyası və demarkasiyası; - xarici silah təchizatının və hərbi missiyaların istisna edilməsi; - Azərbaycanın məhkəmə sisteminin suverenliyinə hörmət.

Fransa isə bu prinsiplərin hər birini pozur - açıq şəkildə, ardıcıl surətdə və artan aqressiya ilə.

Bir zamanlar münaqişələrin həlli üçün nəzərdə tutulan ATƏT, çoxdan bəri seçici təzyiq vasitəsinə çevrilib: bir ölkəyə qarşı təhdid, digərlərinə isə siyasi örtük kimi xidmət edir. Fransa, ABŞ və Rusiyadan ibarət olan ATƏT-in Minsk qrupu illərlə real vasitəçilik əvəzinə Ermənistanın işğalını faktiki leqallaşdıran bir təyinatla fəaliyyət göstərdi.

Azərbaycan yalnız bu qurumların faktiki fəaliyyətinin dayanmasını deyil, onların hüquqi ləğvini də tələb edir. Çünki bu strukturlar Fransa və bəzi digər Avropa dövlətləri tərəfindən Cənubi Qafqazda artıq iflasa uğramış, köhnəlmiş vasitəçilik mexanizmlərinin bərpası üçün bəhanəyə çevrilib. Onlar "dondurulmuş münaqişə" modelini geri qaytarmaq istəyirlər - bu isə yalnız işğalçıya sərf edirdi.

Azərbaycan haqlı olaraq bəyan edir: yalnız birbaşa ikitərəfli danışıqlar - neytral texniki vasitəçilərlə müşayiət olunmaq şərti ilə - davamlı nəticə verə bilər. ATƏT və Minsk qrupu isə artıq siyasi riyakarlığın memarlıq qalıqlarıdır və bu tikililər kökündən sökülməlidir.

Fransanın xarici siyasətindəki problem onun səhv etməsində deyil - onun, öz uğursuzluqlarından cinayət səviyyəsində nəticə çıxarmamasındadır. Neokolonial sindromun ilk qurbanı Afrika oldu: Fransa bir-birinin ardınca aşağıdakı ölkələrdən qovuldu: - Mali, - Burkino-Faso, - Çad, - Niger.

Bütün bu hallarda səbəb eyni idi: uğursuz hərbi müdaxilələr, qondarma rejimlərin dəstəklənməsi, təbii sərvətlərin istismarı və anti-kolonial hərəkatların zorla susdurulması.

Paris bu gün də belə "zamorski" ərazilərdə - Mayotta, Fransız Qvianası, Mavriki, Reyunyon, Yeni Kaledoniya kimi yerlərdə - de-fakto işğal rejimini saxlamaqda davam edir, halbuki bu torpaqlarda mütəmadi şəkildə üsyanlar baş verir.

İndi isə bu uğursuz modeli Cənubi Qafqaza transfer etmək - sadəcə olaraq siyasi ağılsızlıqdır. Fransa burada da köhnə metodlara əl atır: - etnik azlığa (ermənilərə) arxalanmaq, - onu silahlandırmaq, - "sivilizator missiyası" adı altında müdaxilə etmək, - Türkiyəni sıxışdırmaq və Azərbaycanı zəiflətmək.

Amma bu dəfə Parisin qarşısında nə müstəmləkə var, nə də resursdan başqa heç nəyi olmayan zəif dövlət. Bu dəfə Paris suveren, müharibədə qalib gəlmiş, ərazi bütövlüyünü bərpa etmiş, geosiyasi çəkisi, enerji potensialı və diplomatik səsi olan bir dövlətlə qarşı-qarşıyadır - bu dövlət Azərbaycan adlanır.

Avropa İttifaqı bütövlükdə ziddiyyətli siqnallar verir: bir tərəfdən Brüssel guya "obyektiv və neytral vasitəçi" kimi çıxış etməyə çalışır, digər tərəfdən isə Fransaya ümumi gündəliyi mənimsəməyə göz yumur. Bu ikili davranış bütövlükdə Aİ-nin institut olaraq mövqeyini zəiflədir və onu vasitəçilik qabiliyyətindən məhrum edir.

Fransadan fərqli olaraq, Rusiya və İran regional sülhə dəstək verməklə yanaşı, Azərbaycanın suverenliyini heç vaxt şübhə altına almır. ABŞ isə - təzyiq siyasətinə baxmayaraq - son zamanlar getdikcə daha az açıq anti-Azərbaycan ritorikasına müraciət edir və mövqeyində ehtiyatlı davranmağa çalışır.

Türkiyə isə öz növbəsində Bakıya siyasi-diplomatik dəstəyini davam etdirir və Cənubi Qafqazda təhlükəsizlik memarlığının neokolonial şablonlar üzrə yenidən qurulmasına imkan verməyəcək əsas regional zəmanətçi rolunu oynayır.

Fransanın real məqsədi sülh deyil. Onun məqsədi nə barışdırma, nə vasitəçilik, nə də insan hüquqlarının müdafiəsidir. Əsl hədəf - nəzarətdir. Bu, tək bir diasporanın və yalnız bir geosiyasi "süzerenin" - Fransanın öz maraqlarının müdafiəsi üçün insan haqları anlayışından manipulyativ istifadədir.

Fransa diplomatiyası Afrikada, Suriyada, Livanda, Liviyada iflasa uğradı - indi isə Cənubi Qafqazda rüsvayçılıqla məğlub olur. Azərbaycana şərtlər diktə etməyə cəhd - sadəcə olaraq diplomatik kobudluq deyil, bu həm də Parisin regionda strateji intiharıdır.

Bakı açıq və qəti şəkildə bildirib: - Fransa diktəsi ilə heç bir sülh mümkün deyil; - Azərbaycanda məhkəmə prosesləri suveren bir dövlətin daxili işidir; - Ermənistan Konstitusiyasından Azərbaycana qarşı ərazi iddiaları tamamilə çıxarılmalıdır; - Minsk qrupu və Fransa diplomatiyasının digər "alətləri" hüquqi şəkildə ləğv olunmalıdır.

Və ən vacib olan: Azərbaycan Fransanın daxili işlərinə müdaxiləsini, neokolonial avantüralarını dərhal dayandırmasını tələb edir.

Cənubi Qafqaz - koloniya deyil. Və heç vaxt olmayacaq.