Azərbaycanla Yaponiya aqrar sahədə birgə işçi qrupun yaradılması imkanlarını dəyərləndiriblər

Azərbaycan və Yaponiya aqrar sahədə əməkdaşlığın və hüquq-müqavilə bazasının gücləndirilməsi, kənd təsərrüfatı üzrə birgə işçi qrupun yaradılması imkanlarını müzakirə ediblər.
Bu barədə Day.Az Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir.
Belə ki, Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Yaponiyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Katsuya Vatanabe ilə görüşüb.
Qonağı salamlayan nazir Məcnun Məmmədov Azərbaycanda aqrar sektora dövlət dəstəyi barədə ətraflı məlumat verib. O bildirib ki, Azərbaycanla Yaponiya arasında bütün sahələrdə əməkdaşlıq dinamik inkişaf edir. Azərbaycan Yaponiya ilə iqtisadi və ticarət əlaqələrinin gücləndirilməsinə yönəlmiş bütün təşəbbüsləri tam dəstəkləyir.
Görüşdə aqrar sahədə əməkdaşlığın və hüquq-müqavilə bazasının gücləndirilməsi, kənd təsərrüfatı üzrə birgə işçi qrupun yaradılması, mütərəqqi texnologiyalar sahəsində təcrübə mübadiləsi məqsədilə Yaponiyanın müvafiq universitetləri ilə əlaqələrin qurulması, Yaponiya Beynəlxalq Əməkdaşlıq Sistemi tərəfindən təşkil edilən təlimlərdə Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssislərinin mütəmadi iştirakının təmin olunması, biofermaların yaradılması və hidroponik üsulla becərmə sahəsində Yaponiya təcrübəsinin öyrənilməsi, aqrar tədqiqat və innovasiya sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.
Yaponiyanın ölkəmizdə fövqəladə və səlahiyyətli səfiri Katsuya Vatanabe ölkəsinin Azərbaycanla dost ölkə olduğunu və bütün sahələrdə tərəfdaşlığın inkişafında maraqlı olduğunu vurğulayıb. O, kənd təsərrüfatı, innovasiya və texnologiyalar sahəsində əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın mövcudluğunu qeyd edib.
Tərəflər müzakirə olunan istiqamətlər üzrə qarşılıqlı maraqlı olduqlarını ifadə ediblər. Görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре