Azərbaycanın regional və qlobal diplomatik nüfuzu Münxendə bir daha nümayiş olundu

Qlobal siyasi gündəliyin əsas platformalarından biri sayılan 62-ci Münxen Təhlükəsizlik Konfransı üç gün davam edən intensiv müzakirələrdən sonra yekunlaşıb. Konfrans çərçivəsində ölkəmiz Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə təmsil olunub və Azərbaycanın regional və qlobal təhlükəsizlik gündəliyində artan rolu, strateji təşəbbüskarlığı, diplomatik nüfuzu ali müstəvidə nümayiş etdirilib.

Bunu Trend-ə politoloq Azər Qarayev bildirib.

O qeyd edib ki, dövlət başçısının geniş spektrli görüşləri və beynəlxalq ekspert dairələri ilə dialoqları Azərbaycanın həm regionda, həm də daha geniş geosiyasi məkanda etibarlı tərəfdaş və fəal iştirakçı kimi mövqeyini daha da möhkəmləndirib:

"Dünyanın təxminən 120 ölkəsini təmsil edən minə yaxın nümayəndə, o cümlədən 60-a yaxın dövlət və hökumət başçısı bu mötəbər tədbir çərçivəsində bir araya gələrək geniş tərkibdə toplandı. Forum beynəlxalq təhlükəsizlik arxitekturasının gələcəyi baxımından xüsusi siyasi əhəmiyyət daşıyırdı. Bu mötəbər beynəlxalq platformada Prezident İlham Əliyevin iştirakı Azərbaycanın qlobal təhlükəsizlik gündəliyində artan rolunun və siyasi çəkisinin daha bir təsdiqi oldu. Dövlət başçısının konfrans çərçivəsində keçirdiyi çoxsaylı görüşlər və verdiyi müsahibələr Azərbaycanın regional və qlobal proseslərin fəal iştirakçısı kimi mövqeyini daha da möhkəmləndirdi. Bu iştirak, eyni zamanda, ölkənin yalnız regionda deyil, daha geniş geosiyasi məkanda etibarlı tərəfdaş və təşəbbüskar aktor kimi qəbul edildiyini bir daha nümayiş etdirdi".

Azər Qarayev bildirib ki, Prezident İlham Əliyevin müxtəlif ölkələrin dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların rəhbərləri, aparıcı siyasi və ekspert dairələrinin nümayəndələri ilə keçirdiyi görüşlər Azərbaycanın strateji əhəmiyyətinin artdığını aydın şəkildə ortaya qoyur.

"Bu təmaslar çərçivəsində regional təhlükəsizlik, enerji təhlükəsizliyi, nəqliyyat dəhlizlərinin inkişafı, eləcə də postmüharibə dövründə Cənubi Qafqazda formalaşan yeni reallıqlar geniş şəkildə müzakirə olunur. Aparılan müzakirələr Azərbaycanın təşəbbüslərinin beynəlxalq səviyyədə artan maraq və dəstəklə qarşılandığını nümayiş etdirir", - deyə politoloq bildirib.

Politoloq Prezident İlham Əliyevin konfrans çərçivəsində keçirdiyi görüşlərə diqqət çəkərək bildirib ki, dövlət başçısının İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzani ilə görüşərək Azərbaycanın regional əməkdaşlıq və sabitlikdə fəal rolunu önə çıxarması, ölkəmizin diplomatik nüfuzunu gücləndirir, tərəfdaşlıq əlaqələrini daha yüksək səviyyəyə qaldırır və qarşılıqlı etimadın beynəlxalq səviyyədə möhkəmlənməsinə töhfə verir.

"Bu görüş tərəflər arasında iqtisadi əlaqələrin genişləndirilməsi və diplomatik təmasların gücləndirilməsi üçün mühüm platforma oldu. Dövlət başçısı Cənubi Qafqazda sülh və etibarlı tərəfdaşlıq mövqeyini vurğuladı və qarşılıqlı səfərlərin təşkili imkanlarını müzakirə etdi. Görüş Azərbaycanın regional təsirinin daha da artdığını nümayiş etdirdi.

Bolqarıstan Respublikasının Prezidenti İliyana Yotova ilə aparılan görüşdə Prezident İlham Əliyev ikitərəfli münasibətlərin strateji əhəmiyyətini vurğuladı və enerji, ticarət və mədəni əməkdaşlıq sahələrində perspektiv imkanları müzakirə etdi", - deyə Azər Qarayev əlavə edib.

Politoloq onu da diqqətə çatdırıb ki, Bolqarıstan Respublikasının Prezidenti İliyana Yotova ilə aparılan görüş çərçivəsində iki ölkə arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi üçün geniş perspektivlər üzərində fikir mübadiləsi aparılıb: "Görüş zamanı enerji və ticarət sahələrində ikitərəfli əməkdaşlığın daha da dərinləşdirilməsi, həmçinin mədəni və humanitar əlaqələrin genişləndirilməsi imkanları diqqət mərkəzində oldu. Bu dialoq yalnız iki ölkə arasında əlaqələrin keyfiyyətini artırmaqla kifayətlənməyib, həm də Azərbaycan-Bolqarıstan münasibətlərinin Avropada etibarlı və strateji tərəfdaş kimi qəbul olunmasının mühüm göstəricisi oldu".

Azər Qarayev həmçinin bildirib ki, Slovakiya Respublikasının Baş nazirinin müavini və müdafiə naziri Robert Kalinak ilə keçirilən görüşdə tərəflər regional təhlükəsizlik çağırışlarını, geosiyasi maraqları və həmçinin iqtisadi-siyasi sahələrdə qarşılıqlı təşəbbüsləri müzakirə edərək, Azərbaycan-Avropa əlaqələrinin strateji dərinliyini artırmaq, tərəfdaşlıq mexanizmlərini möhkəmləndirmək və beynəlxalq arenada ölkəmizin nüfuzunu daha da yüksəltmək istiqamətində mühüm nəticələr əldə ediblər:

"Bu dialoq Azərbaycanın Avropadakı strateji mövqeyinin güclənməsi, tərəfdaşlıq əlaqələrinin sistemləşdirilməsi və beynəlxalq səviyyədə nüfuzunun artırılması baxımından böyük əhəmiyyət kəsb etdi.

Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas ilə aparılan danışıqlar zamanı Prezident İlham Əliyev Azərbaycanın Avropa İttifaqı ilə enerji təhlükəsizliyi, əməkdaşlığın gələcək perspektivləri, xüsusilə enerji və iqtisadi təşəbbüslərin icrası, eləcə də qarşılıqlı maraq doğuran digər sahələr ətrafında geniş fikir mübadiləsi aparıb. Bu dialoq Azərbaycan-Avropa İttifaqı münasibətlərinin dərinləşdirilməsi və Azərbaycanın Avropadakı nüfuzunun daha da artırılması baxımından strateji əhəmiyyət daşıyır.

Konfrans çərçivəsində keçirilən Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşdə Prezident İlham Əliyev regional təhlükəsizlik çağırışlarını və enerji əməkdaşlığı perspektivlərini geniş şəkildə müzakirə edib. Görüş zamanı Azərbaycan tərəfindən Ukraynaya göstərilən humanitar dəstək yüksək qiymətləndirilib, tərəflər diplomatik əlaqələrin dərinləşdirilməsi və qarşılıqlı etimadın möhkəmləndirilməsi yollarını araşdırıb".

Politoloq vurğulayıb ki, Prezident İlham Əliyevin "Oracle" korporasiyasının baş icraçı direktoru Mayk Sisiliya ilə keçirdiyi görüşdə Azərbaycanın rəqəmsal transformasiya strategiyası, süni intellekt və texnologiya sahəsində apardığı islahatlar mövzusunda geniş fikir mübadiləsi aparılıb:

"Tərəflər texnoloji innovasiyalar sahəsində əməkdaşlıq imkanlarını və potensial birgə layihələri ətraflı müzakirə edib. Bu dialoq Azərbaycanın beynəlxalq texnoloji arenada etibarlı tərəfdaş və innovasiya təşəbbüskarı kimi mövqeyini gücləndirib və investorların diqqətini ölkəmizin rəqəmsal iqtisadiyyat potensialına yönəltməsinə şərait yaradıb.

Bundestaqın xarici siyasət komitəsinin sədri Armin Laşet ilə aparılan görüşdə Prezident İlham Əliyev Azərbaycanın Avropadakı strateji mövqeyini, Cənubi Qafqazda sülhün və stabilliyin təmin edilməsində oynadığı rolu diqqət mərkəzinə çıxarıb. Tərəflər parlamentlərarası əməkdaşlıq imkanlarını, həmçinin regionda sabitliyin gücləndirilməsi üçün qarşılıqlı təşəbbüsləri müzakirə edib. Görüş Azərbaycan diplomatiyasının Avropadakı təsirini və nüfuzunun daha da möhkəmlənməsində, ölkəmizin regiondakı sülh təşəbbüslərinə verdiyi töhfənin diqqət önünə çıxmasında mühüm rol oynayıb".

Politoloq Azər Qarayev bildirib ki, Prezident İlham Əliyevin "The Goldman Sachs Group Inc." şirkətinin qlobal məsələlər üzrə prezidenti Cared Kohen ilə görüşü Azərbaycan iqtisadiyyatının beynəlxalq investorlar üçün cəlbediciliyini strateji perspektivlərlə vurğulaması ilə yadda qalıb. Görüş zamanı qlobal maliyyə və iqtisadi tendensiyalar, eləcə də maliyyə sektorunda strateji əməkdaşlıq imkanları ətraflı şəkildə müzakirə edilib. Bu dialoq ölkəmizin qlobal iqtisadi gündəliyə inteqrasiyasını gücləndirib və beynəlxalq maliyyə dairələrində Azərbaycanın nüfuzunun artmasında əvəzsiz rol oynayıb.

Politoloq onu da vurğulayıb ki, dövlət başçısının mühüm görüşləri və beynəlxalq media qurumlarına verdiyi müsahibələr Azərbaycanın mövqeyinin qlobal auditoriyaya birbaşa və aydın şəkildə çatdırılması baxımından mühüm rol oynamaqla yanaşı, bu müsahibələr vasitəsilə ölkənin həyata keçirdiyi müstəqil siyasət, regionda formalaşan yeni geosiyasi konfiqurasiya, eləcə də Azərbaycanın enerji və nəqliyyat sahəsində oynadığı strateji rol beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılıb:

"Nəticə etibarilə, Prezident İlham Əliyevin Münxen Təhlükəsizlik Konfransı çərçivəsindəki fəal diplomatik fəaliyyəti Azərbaycanın beynəlxalq nüfuzunun daha da artmasına, ölkənin strateji maraqlarının yüksək səviyyədə təqdim olunmasına və yeni əməkdaşlıq perspektivlərinin formalaşmasına növbəti mühüm töhfədir. Bu iştirak Azərbaycanın qlobal təhlükəsizlik arxitekturasında söz sahibi olan dövlət kimi mövqeyinin ardıcıl şəkildə möhkəmləndiyini bir daha təsdiqləyib".