Müəllimin şagirdin başına saqqız yapışdırması ilə bağlı iddialar əsassızdır

315 nömrəli tam orta məktəbdə ingilis dili müəlliminin məktəbin "8b" sinif şagirdinin başına saqqız yapışdırması ilə bağlı iddialara rəsmi cavab verilib.

Day.Az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, iddialar əsassızdır.

"Qeyd olunan məsələ ilə bağlı valideynin hüquq-mühafizə orqanlarına müraciət əsasında aparılmış araşdırma nəticəsində iddianın əsassız olduğu müəyyən edilib və bununla bağlı rəsmi qərar qəbul olunub. Həmçinin məktəbdaxili araşdırma aparılıb, müəllim, valideyn və şagirdə uyğun tövsiyələr verilib.

Eləcə də məsələ ilə bağlı Elm və Nazirliyinin Uşaq Müdafiəsi İdarəsi və Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən araşdırma aparılır. İdarənin nümayəndələri məktəbdə olub, şagird davranış qaydalarına əməl olunmasına diqqət artırılıb, təlim-tərbiyə prosesinə uyğun olmayan hallara qarşı maarifləndirmə işi genişləndirilib", - məlumatda bildirilib.

Qeyd edək ki, dünən sosial şəbəkələrdə 315 nömrəli tam orta məktəbin "8b" sinfində təhsil alanHacət Bədəlovun başına ingilis dili müəlliminin saqqız yapışdırması ilə bağlı xəbərlər yayılmışdı.