11 manatlıq yemək necə 5 manata SATILIR? - Lanç menyularının RİSKLƏRİ
Restoranların möhtəşəm endirim təşkil edən lanç menyularını yəqin ki, hər kəs görüb. Burada əsas diqqət çəkən məqam tək-tək alınacaq yeməklərin toplu halda, yəni lanç şəkildə çox ucuz qiymətə verilməsidir.
Çox zaman şorba, salat, dönər və ayran lanç şəklində 5-6 manat arası təklif olunur. Ayrı-ayrılıqda isə salat 4 manat, şorba 3 manat, dönər 3 manat, ayran isə 1 manat civarında olur.
Təxminən 11 manatlıq yeməyin necə 5-6 manata başa gəldiyi isə istehlakçılarda haqlı suallar doğurur.
Mövzu ilə bağlı Day.Az-a açıqlamasında qida məsələləri üzrə ekspert Asim Vəliyev deyib ki, ucuz təklif olunan qidalar bəzən bizlərdə keyfiyyət baxımından şübhələr yaradır.
O, qeyd edib ki, 5 manata təklif olunan bol yeməkli lanç menyularına tamamilə etibarsız demək doğru olmazdı.
"Burada kommersiya gedişatları rol oynaya bilər. Amma bir istehlakçı olaraq bu növ kütləvi və ucuz qidalanmada qida təhlükəsizliyi və qida dəyərinin aşağı olması riskləri hər zaman çox yüksəkdir. Kor-koranə etibar edə bilmərik. Restoranın gigiyenik vəziyyəti, yeməklərin təzəliyi və saxlanma şəraitinə mütləq diqqət yetirilməliyik.
Restoranların bu qiymətə lanç təklif edə bilməsinin arxasında həm tamamilə qanuni iqtisadi mexanizmlər, həm də qida təhlükəsizliyini təhlükəyə atan gizli faktorlar dayana bilər. Restoran gün ərzində fərdi sifarişlərlə 10 porsiya deyil, lanç üçün bütöv bir qazan yemək bişirir. Topdan xammal alışı maya dəyərini aşağı salır. Lanç özü restorana birbaşa böyük qazanc gətirmir. Məqsəd ofis işçilərini məkana öyrəşdirməkdir. Həmçinin onlara əlavə olaraq qiyməti yüksək olan məhsulları satmaq, axşam menyusu üçün müştəri bazası toplamaqdır", - o deyib.
A.Vəliyev əlavə edib ki, 5 manatlıq limitə sığmaq üçün çox vaxt dondurulmuş, saxlama müddətinin sonuna az qalmış, mənşəyi məlum olmayan ucuz ət və ət məhsullarından, təkrar emal edilmiş bitki yağlarından istifadə olunur:
"Restoranlar bəzən öncəki günlərdən qalan, lakin tam xarab olmamış xammalları lanç yeməklərində gizlədə bilirlər. Bu isə mikrobioloji baxımdan toksinlərin bədənə daxil olmasına və qida zəhərlənmələrin səbəb ola bilər. Lanç yeməkləri kütləvi şəkildə erkən saatlarda bişirilir. Əgər bu yeməklər servis olunana qədər düzgün olmayan temperaturda 2 saatdan çox saxlanılarsa, tərkibindəki bakteriyalar çoxalmağa başlayır. Ucuz lanç təklif edən yerlərdə çox vaxt peşəkar isti-soyuq saxlama vitrinləri olmur. Enerjiyə qənaət üçün söndürülür.
Lanç yeyəcəyimiz məkanda insan axınının çox olmasına diqqət etməliyik. Dövriyyə yüksəkdirsə, deməli yeməklər vitrində qalıb bayatlamır, tez-tez yenilənir. Bu da mikrobioloji riskləri azaldır. Çox ucuz menyularda dəniz məhsulları, mayonezli salatlar, qaymaqlı və kərə yağlı ağır souslar, eləcə də qiymə ətindən hazırlanan yeməklər ən çox risk daşıyan qrupdur. Çünki qiymə təmiz ət diliminə nisbətən bakteriyaların çoxalması üçün daha geniş səth sahəsinə malikdir", - qida eksperti vurğulayıb.
Həmçinin ekspert bildirib ki, toyuq filesi, qaynadılmış mal əti, təzə bişmiş və tüstüsü üstündə olan şorbalar, düyü, ya qarabaşaq kimi sadə qarnirlər daha təhlükəsizdir.
"Yeməyin süfrəyə ilıq deyil, tam qaynar, ya soyuq qəlyanaltıların tam soyuq gəldiyinə diqqət etməliyik. Əgər menyuya salat daxildirsə, açıq havada, üzəri örtülməmiş şəkildə saatlarla gözləyirsə, onu götürməsək yaxşıdır. Milçəklər və asqırma, öskürmə yolu ilə havadan düşən damcılar kütləvi çarpaz çirklənmə mənbəyidir.
Ucuz lançlar bizi dərhal zəhərləməyə bilər. Amma belə yerlərdə maya dəyərini salmaq üçün istifadə olunan keyfiyyətsiz, dəfələrlə qızdırılmış yağlar, yüksək düz və dadlandırıcı bədəndə toplanaraq uzun müddətdə qaraciyər yağlanması, xroniki iltihab, həzm sistemi pozğunluqları və ürək-damar xəstəliklərinə zəmin hazırlayır," - o sonlandırıb.
Nəsimi Ələsgərli
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре