SEPAH ABŞ-nin hərbi bazalarını atəşə tutub

İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) ABŞ-nin region ölkələrindəki hərbi bazalarını raket və PUA-larla atəşə tutub.

Day.Az xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) məlumat yayıb.

"ABŞ-nin regiondakı hərbi bazalarına hücumlarda bir ədəd "Tad" radar sistemi, bir ədəd "Patriot" sistemi və bir ədəd "C-Ram" radar sistemi vurulub və məhv edilib", - deyə SEPAH bildirib.

SEPAH qeyd edib ki, eyni zamanda ABŞ ordusuna məxsus helikopter təchizatı anbarı, helikopterlərin saxlandığı anqar vurulub.

SEPAH əlavə edib ki, İran öz mənafeyi və təhlükəsizliyini qorumaq məqsədilə ABŞ ordusunun mövqelərini atəşə tutur.

Xatırladaq ki, ABŞ-İran münasibətlərində növbəti gərginlik iyulun 8-də başlayıb. Həmin gün ABŞ Silahlı Qüvvələri Vaşinqton və Tehran arasında imzalanmış memorandumdan sonra ilk dəfə olaraq, Hörmüz boğazında ticarət gəmisinə hücuma cavab olduğu iddiası ilə İran ərazisinə bir neçə silsilə zərbə endirib. Elə həmin gün ABŞ Prezidenti Donald Tramp İranla atəşkəs rejiminin dayandırıldığını bəyan edib. Buna cavab olaraq Tehran Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Oman ərazisində yerləşən ABŞ obyektlərinə zərbələr endirməyə başlayıb.