İnnovasiya ekosisteminin maliyyə əlçatanlığının genişləndirilməsi məqsədilə hazırlanan qanun layihələri təsdiqlənib
Azərbaycan Respublikasında innovasiya ekosisteminin maliyyə əlçatanlığının artırılması, alternativ maliyyələşmə alətlərinin inkişafı və bu sahəyə investisiyaların təşviqi məqsədilə qanunvericiliyə dəyişikliklər təsdiqlənib.
Dəyişikliklər nəticəsində vençur fondları, kraudfandinq və digər müasir maliyyə alətləri vasitəsilə startapların və mikro, kiçik və orta sahibkarlıq subyektlərinin maliyyəyə çıxışı genişlənəcək, investor hüquqları daha effektiv qorunacaq, xarici kapital və intellektual potensialın cəlbi üçün daha əlverişli mühit formalaşacaq.
Bu çərçivədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə, Mülki Məcəlləsinə, həmçinin "Valyuta tənzimi haqqında", "İnvestisiya fondları haqqında" və "Qiymətli kağızlar bazarı haqqında" qanunlara dəyişikliklər edilib, eyni zamanda "Kraudfandinq haqqında" yeni Qanun layihəsi qəbul olunub.
Vençur kapitalı fondlarının fəaliyyətini tənzimləyən hüquqi bazanın formalaşdırılması məqsədilə "İnvestisiya fondları haqqında" Qanuna vençur kapitalı fondu, peşəkar investor və akkreditə olunmuş investor anlayışları əlavə edilib. Həmçinin vençur fondlarının sadə qeydiyyat və ya lisenziyalaşdırılan rejim əsasında fəaliyyət göstərməsi hüquqi cəhətdən tənzimlənib.
Mülki Məcəlləyə konvertasiya edilən borc müqaviləsi (convertible note) və gələcək iştirak payı haqqında müqavilə (SAFE) ilə bağlı müddəalar daxil edilib. Bu mexanizmlər startapların erkən mərhələdə daha çevik maliyyə cəlb etməsinə və investisiyaların sonrakı mərhələlərdə paya və ya səhmə çevrilməsinin hüquqi əsaslarını müəyyən edir.
Bununla yanaşı, korporativ müqavilə institutu və investorların xüsusi hüquqlarına dair mexanizmlərin (birgə satış, məcburi satış, ilk imtina, ləğvetmə zamanı üstünlük, dəyərsizləşmədən müdafiə və s.) hüquqi əsasları müəyyən edilib. Bu dəyişikliklər investor hüquqlarının qorunmasına və korporativ idarəetmənin təkmilləşdirilməsinə töhfə verəcək.
İşçilərin pay və səhm iştirakı planı (ESOP) üzrə müqavilə mexanizmlərinin hüquqi çərçivəsi də yaradılıb. Bu mexanizm texnologiya şirkətlərinə istedadlı kadrların cəlb edilməsi, motivasiyası və uzunmüddətli saxlanılması üçün əlavə imkanlar yaradır.
Qəbul edilən "Kraudfandinq haqqında" Qanun startapların, mikro, kiçik və orta sahibkarlıq subyektlərinin alternativ maliyyələşmə mənbələrinə çıxışını genişləndirir, maliyyələşməni daha operativ və əlçatan edir, eyni zamanda investorların hüquqlarını qoruyan hüquqi baza formalaşdırır.
Qanunla operatorların reyestrinin aparılması, uyğunluq və təhlükəsizlik tələblərinə nəzarət, icrası məcburi göstərişlərin verilməsi və zəruri hallarda fəaliyyətin dayandırılması ilə bağlı səlahiyyətlər müəyyən edilib.
Qanunda həmçinin cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə tələblərinə uyğun müştəri uyğunluğu və şəffaflıq mexanizmləri də öz əksini tapıb.
Qeyd edək ki, qanunvericilik dəyişiklikləri Azərbaycan Respublikası Prezidentinin 27 fevral 2026-cı il tarixli 953 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026-2028-ci illər üçün Fəaliyyət Planı"nda nəzərdə tutulan tədbirlərin icrası çərçivəsində hazırlanaraq qəbul edilib. Dəyişikliklər vençur kapitalı, kraudfandinq və mələk investor fəaliyyətinin hüquqi tənzimlənməsini təmin etməklə yanaşı, ölkədə innovasiya və startap ekosisteminin inkişafı üçün daha müasir və əlverişli investisiya mühitinin formalaşmasına xidmət edəcək.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре