“Nvidia” rəhbərinin daha bir məşuqəsi üzə çıxdı - Qalmaqal böyüyür
"Nvidia" şirkətinin baş direktoru Censen Huanqın şirkətin səhiyyə istiqaməti üzrə vitse-prezidenti Kimberli Pauell ilə nikahdankənar münasibətdə olduğu iddia edilir.
Day.Az xəbər verir ki, "The New York Times" bu barədə "Nvidia"nın beş keçmiş əməkdaşına istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, 63 yaşlı Huanq və 48 yaşlı Pauell 2026-cı ilin martında şirkətin illik konfransı zamanı San-Xosedəki otellərdən birində bir-birlərinə qarşı nəvaziş nümayiş etdiriblər. Hər ikisi evli olan şəxslərin həmin anları şahidlərdən biri telefonla lentə alıb.
Qəzetin mənbələrinin sözlərinə görə, Huanqın mühafizəçiləri telefonla çəkiliş aparan şəxsi görərək onu digərlərindən ayırıblar və məxfilik haqqında saziş imzalamağı təklif ediblər.
Pauell 2008-ci ildən "Nvidia"da çalışır və birbaşa Huanqa tabedir.
Şirkətin direktorlar şurası Huanqın vəzifədən uzaqlaşdırılması məsələsini nəzərdən keçirir.
Yeni iddialar Huanqın Sinqapurun "Megaspeed" şirkətinin keçmiş rəhbər şəxslərindən olan Elis Huanqla ehtimal edilən münasibətləri ətrafında müzakirələr fonunda yayılıb. ABŞ rəsmilərinin qadının Çin kəşfiyyatı ilə əlaqələrindən şübhələndiyi bildirilir.
Huanq əməkdaşlara müraciətində həyat yoldaşına xəyanət etdiyini etiraf edib və hərəkətlərinə görə məsuliyyəti üzərinə götürdüyünü bildirib. Şirkət isə onun xarici kəşfiyyat əməliyyatının hədəfi olub-olmadığını araşdırmağa başlayıb.
Yeni məlumatların yayılmasından sonra "Nvidia"nın səhmləri noyabrın 11-də əsas ticarət sessiyasından sonrakı əməliyyatlarda təxminən 8 faiz ucuzlaşıb.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре