Avtoxuliqanlıq edən şəxsləri nə gözləyir?
Avtoxuliqanlıq edən şəxsləri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsinə əsasən, ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıq hörmətsizlik ifadə edən və yol hərəkəti qaydalarının davamlı pozulması ilə müşayiət olunan hərəkətlərə görə 500 manatdan 750 manatadək cərimə və ya 15 gündən 1 ayadək inzibati həbs gözləyir.
Bu zaman şəxsin nəqliyyat vasitəsini idarə etmək hüququ 1 il müddətinə məhdudlaşdırılır.
Bu məsuliyyətə iki və ya daha çox avtomobilin iştirakı ilə sürət yarışı keçirmək (511.1.1), avtomobilin bir və ya bir neçə təkərini yerdən qaldıraraq idarə etmək (511.1.2), qəfil sürətləndirmə nəticəsində davamlı təkər sürtünməsi səsləri yaratmaq və ya yolda çoxsaylı təkər izləri buraxmaq (511.1.3) daxildir.
Əgər şəxs qeyd olunan əməlləri barəsində inzibati tənbeh haqqında qərar qüvvəyə mindikdən sonra 1 il ərzində təkrar törədərsə, 511.2-ci maddəyə əsasən, 750 manatdan 1000 manatadək cərimə və ya 1 aydan 2 ayadək inzibati həbs tətbiq olunur və sürücülük hüququ 2 il müddətinə məhdudlaşdırılır.
Avtoxuliqanlıq hərəkətləri müəyyən edilmiş sürət həddini 60 km/saatdan artıq aşmaqla törədildikdə isə 511.3-cü maddəyə əsasən, 2000 manatdan 4000 manatadək cərimə və ya 1 aydan 2 ayadək inzibati həbs nəzərdə tutulur. Bu halda da nəqliyyat vasitəsini idarə etmək hüququ 2 il müddətinə məhdudlaşdırılır.
Nəsimi Ələsgərli
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре