Vaxtınız yoxdur? Bəlkə, siz də onlardansınız? Day.Az представляет новость на азербайджанском языке.

Belə insanlar istər evdə, istərsə də işdə hər zaman səliqəli görünüşü ilə ətrafdakılarda xoş təəssürat oyadır. Tənbəllər isə əksinə. Belə adamlar tənbəlliyə görə hətta kiməsə kömək belə etmək iqtidarında olmurlar. Bu səbəbdən də zəhmətkeş insanlarla çoxları ünsiyyət qurmağa can atsa da, tənbəllərdən hamı qaçır. Tənbəllər öz işini başqalarına həvalə etməyi, nəsə buyurmağı xoşlayırlar. Onların kiməsə kömək əlini uzatması da iş görməkdən deyil, məsləhət verməkdən ibarət olur.

Psixoloq Jalə Həmidlinin sözlərinə görə, tənbəl insanların evi də özləri kimi səliqəsiz olur. "Xüsusilə də qəfildən belə adamların evinə gedəndə hələ kandardan evin pis vəziyyətdə olması görünür. Belə evlərdə içəri girən kimi dəhlizdə necə gəldi qoyulan ayaqqabılara, otaqların müxtəlif yerlərində və çarpayılarda sərilən paltarlara, hətta boşqab, diş fırçası kimi əşyalara da rast gəlmək olur. Ən səliqəsiz vəziyyət isə mətbəxdədir. Qablar günlərlə yuyulmadığı üçün yığılıb qalır, stolun üstündə çirkli qazanlar, boşqablar və yemək qalıqları üst-üstə qoyulur, üstündə də milçəklər uçur", - deyən psixoloq bildirib ki, belə adamların bütün işləri yarımçıq qalır. Onlar adətən vaxt azlığından şikayət edir və vaxtlarının heç nəyə çatmadıqlarını bildirlər. Əslində isə səhər yuxudan oyananda çarpayıda bir saata yaxın uzanır, fikrə dalırlar. Onlar üçün çarpayıdan vaxtında qalxmaq belə işgəncəyə bərabərdir. İşə daim gecikən bu adamlar işdə də heç nəyi çatdırmır və çox az işlərdə işləyə bilirlər.

Tənbəlliyin çox çətinliklə keçdiyini deyən Həmidovanın sözlərinə görə, onunla mübarizə aparmaq güclü iradə tələb edir. Tənbəlliyin bir qəribə xüsusiyyəti də var ki, o getdikcə artır. Vaxtında qarşısını almadıqda tənbəllik insanın bütün həyatını məhv edə bilər. Misal üçün, tənbəl evdar qadın öz səliqəsizliyi ilə həyat yoldaşı və onun qohumlarında ikrah hissi oyadır. Tənbəl kişi isə öz ailəsini maddi cəhətdən təmin etməyə, evdə müəyyən təmir işləri aparmağa çətinlik çəkir. Tənbəl insanlar uğursuzluğa uğradıqları üçün depressiyaya düşür, hətta intihar da edirlər. Göründüyü kimi ilk baxışdan adi görünən tənbəlliyin fəsadları olduqca ağırdır.

Tənbəllikdən qurtulmaq istəyən adamlar adətən hansısa işi görməyi qarşılarına məqsəd qoysalar da, əməl edə bilmirlər. Məsələn, ev işlərini. Lakin nədən başlayacaqlarını dəqiqləşdirə bilmirlər. Tənbəllik, hətta onlara cəhd etməyə də imkan vermir. Onlar düşünür ki, bir seriala, bir verilişə baxandan sonra da işlərini görə bilər, nəticədə isə günün yarısı keçir, işlər hələ də qaydasında deyil. Günün bitməsinə artıq az qaldığından başladıqları iş də yarımçıq qalır. Tənbəllər günün çox hissəsini internetdə, sosial şəbəkələrdə oturmaqla keçirir. Bunu etməklə onlar çox vacib bir işi gördüyünü zənn edir və bütün problemlərdən uzaqlaşırlar. Əyləncəyə və sabit həyat tərzinə meyl edən belə adamlar yeniliklərdən, çətinliklərdən qorxurlar. Sabit və sakit həyat, heç nə etmədən yaşamaq onlar üçün əsas məqsədə çevrilir.

Psixoloq onu da qeyd edib ki, tənbəl insanlar üçün 3-4 gün heç nə etmədən gün keçirmək adi haldır. Çox vaxt tənbəl insanlar özlərini xəstə hiss edirlər. Əslində əvvəlcə onlar sağlam olsalar da, tədricən özlərini xəstə göstərməklə, hərəkət etməməklə həqiqətən də xəstələnməyə başlayırlar. Apatiya da belə insanlarda tez-tez müşahidə olunan haldır. Əslində isə hərəkətsizlik və heç bir yeniliyin baş verməməsi insanı depressiyaya salır. Ona görə də tənbəl adam və ya onun yaxınları tənbəlliyin əlamətlərini hiss ediblərsə, bununla mübarizə aparmalıdırlar. Mübarizə zamanı ilk addım trenajor zalına və ya aerobikaya yazılmaq ola bilər. Ona görə ki, fəallıq, hərəkətlilik tənbəlliyin birinci düşmənidir. İnsan hərəkət etdikcə özünü daha enerjili və gümrah hiss edir. Yatdıqca, dincəldikcə isə yenə də yatmaq, uzanmaq bütün öhdəliklərindən və işlərindən uzaqlaşmaq istəyir. Təmiz havada gəzmək, dost, tanışlarla görüşmək, hər gün heç olmasa bir işi görməyi qarşıya məqsəd kimi qoymaq, tədricən isə görüləcək işlərin sayını artırmaq da tənbəl insanı zəhmətkeşə çevirə bilər.

Tənbəllikdən qurtulmaq üçün psixoloq ilk növbədə şəxsi gigiyena qaydalarına riayət etməyi, səliqəli geyim geyinməyi məsləhət görür. Bundan sonra isə evdəsizsə, evi, iş yerindəsizsə, stolun üstünü və rəfləri yığışdırın. Əgər yazı işinə başlamaq istəyirsizsə, stolun üstündən artıq kitab, dəftər, kağız və başqa əşyaları götürün. Stolun üstündə ancaq lazımlı və tez-tez istifadə olunan əşyaları, sənədləri saxlayın. İşlədikdən sonra istifadə etdiyiniz əşyaları yerinə qoyun.

Fəal olmaq üçün vaxtaşırı saata baxmağı da unutmayın. Belə ki, zaman gedir, onun dalınca qaçmağa çalışın, onda tənbəllik və apatiya da yoxa çıxacaq.

/Express.az/