Avtobus qəzaları niyə artır?

Day.Az представляет новость на азербайджанском языке.


Paytaxt sakinləri üçün avtobuslar təhlükəli nəqliyyat növünə çevrilib...


Ötən günlər Bakıda bir neçə ağır avtobus qəzası ilə yadda qaldı. Aprelin 17-də axşam metronun "Koroğlu" stansiyası yaxınlığındakı avtomobil dairəsindən Sabunçu rayonu istiqamətində hərəkətdə olan sərnişin avtobusunun iştirakı ilə ağır yol qəza hadisəsi baş verib. Zəncirvari yol qəzası nəticəsində 189 saylı marşrut üzrə hərəkət edən "Daewoo" markalı sərnişin avtobusu, "KamAZ" markalı yük maşını, iki "Mercedes" və bir "VAZ 21015" markalı minik avtomobilləri toqquşub. Hadisə nəticəsində 6 nəfər ağır yaralanıb.

İkinci hadisə srağagün günorta saatlarında Bayıl qəsəbəsində qeydə alınıb. 88 və 147 saylı xətt avtobuslarının toqquşması nəticəsində 10 nəfər xəsarət alıb, onlardan 7 nəfərin vəziyyəti ağırdır. Nəhayət, həmin gün saat 17:00 radələrində Bakı Dairəvi Yolunda 3-cü qəza hadisəsi qeydə alınıb. "Sədərək" ticarət mərkəzi istiqamətində hərəkət edən 211 saylı xətt avtobusu idarəetməni itirərək aşıb. Nəticədə avtobusda olan sərnişinlərdən 15 nəfər xəsarət alıb. Beləliklə, təkcə 2 gün ərzində baş verən avtobus qəzalarında 31 nəfər xəsarət alıb.

Bakıda ictimai nəqliyyatdan istifadə edən sərnişinlər qorxu içindədirlər. Sərnişin avtobuslarının tez-tez qəza törətmələri əhalinin haqlı narazılığına səbəb olur. Artıq sərnişinlərdə belə bir fikir formalaşıb ki, ictimai nəqliyyatdan nə qədər az istifadə etsək, o qədər yaxşıdır. Bəs son günlər sərnişin daşıyan avtobusların törətdiyi qəzaların sayının artmasının səbəbi nədir? Bu sualla Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədova müraciət etdik.

Qəzaya hava şəraiti səbəb olub

V.Əsədov qəzetimizə bildirdi ki, son günlər avtobus qəzalarının artmasının səbəbi hava şəraitinin kəskin dəyişməsidir: "Sonuncu qəza hadisələri sürücülər tərəfindən əsasən yol və metereoloji şəraitin nəzərə alınmaması səbəbindən baş verib. Hazırda Bakı şəhər Dövlət Yol Polisi bu istiqamətdə avtobus sürücüləri arasında nizam-intizamın yaradılması məqsədilə təcili tədbirlərə başlayır. Avtobus sürücüləri tərəfindən törədilən hər bir qəza hadisəsi polis əməkdaşları tərəfindən araşdırılır, sənədləşdirilir və aidiyyatı qurumlar üzrə işlər aparılır".

V.Əsədov vurğuladı ki, törədilən hər bir qəzaya görə sürücü məsuliyyətə cəlb edilir: "Ümumiyyətlə, ictimai nəqliyyatda qəzalar əsasən sürücülərin avtobusları dayanacaqdan kənarda saxlamaları nəticəsində baş verir. Hər hansı bir sürücü avtomobili dayanacaqdan kənarda saxlayıb sərnişinlərin endirilməsini təşkil etdikdə, həmin sürücüyə cərimə balı verilir və situasiyaya uyğun böyük məbləğdə pulla cərimələnir. Bu hadisə 4 dəfə təkrarlanarsa, həmin sürücünün sürücülük hüququ əlindən alınır".

Dəhşətli statistika

Məsələyə münasibət bildirən Nəqliyyatçıların Hüquqi Problemlərinin Həllinə Yardım İctimai Birliyinin rəhbəri Məzahir Rüstəmovun məlumatına görə, bu ilin son 3 ayı ərzində, avtobusların iştirakı ilə 30-a yaxın qəza baş verib və bu qəzalar nəticəsində 18 insan həyatını dəyişib: "Bu, çox dəhşətli statistikadır. Bu səbəbdən də, bu gün sərnişin avtobusları insanlar üçün qorxulu nəqliyyat vasitəsinə çevrilib. Bunun qarşısının alınması üçün təbii ki, Nəqliyyat Nazirliyi, Dövlət Yol Polisi və yolların inşası ilə məşğul olan mütəxəssislər ciddi fikirləşməlidirlər. Hər bir hadisəyə fərdi formada yanaşılmalı, hadisənin baş vermə səbəbi dəqiq araşdırılmalıdır. Məsələyə "Bu, yol hadisəsidir, nəqliyyatda baş verməlidir" və yaxud "Bütün hadisələrdə sürücü günahkardır" kimi fikirlərlə yanaşmaq düzgün deyil. Sərnişin nəqliyyatında belə halların, ümumiyyətlə, minimum səviyyəyə endirilməsi haqqında fikirlər yürüdülməli və bu sahədə maksimum tədbirlərdən istifadə edilməlidir".

Sürücülər maaş sisteminə keçməlidir

M.Rüstəmov bizimlə söhbətində bildirdi ki, bu gün ictimai nəqliyyatda qəzaların əsas səbəblərindən biri də sürücülərin gəlirlərinin qənaətbəxş olmaması ilə bağlıdır. Onun sözlərinə görə, sürücülərin sosial vəziyyətləri normal deyil və onlar ehtiyac içində olduqları üçün işlərinə tam məsuliyyətlə yanaşmırlar: "Aldığı əmək haqqı sürücünü qane etmədiyi üçün o, yollarda tələskənliyə yol verir, çünki sərnişini ünvanına daha tez daşımağa meyillidir ki, müəyyən vaxt ərzində planı tez doldurub əlavə işlərlə məşğul olsun. Sürücülərə işləyərkən fikir versək, görərik ki, bu gün onlar təhlükəsizlik barədə yox, nə qədər pul qazanacaqları barədə düşünürlər. Yəni faktiki olaraq sürücü bilmir ki, ayın axırı nə alacaq və ailəsini necə dolandıracaq. Bundan əlavə, sürücülər işə götürülərkən onların sağlamlığı nəzərə alınmır, psixoloji vəziyyəti yoxlanılmır və bütün bunlar belə qəzaların yaranmasına təkan verir. Kiçicik bir ehtiyatsızlıq fəlakətlə sonlanır".

Mütəxəssis vurğuladı ki, sərnişinlərin təhlükəsizliyini təmin etmək üçün avtobus sürücüləri maaş sisteminə keçirilməlidirlər: "Sürücülər gün ərzində yüzlərlə insanın həyatına cavabdehdirlər. Belə məsuliyyəti üzərinə götürən insanı seçim qarşısında qoymaq olmaz ki, alacağın pul nə qədər işləməyinə bağlıdır. Sürücüyə maksimum həddə əməkhaqqı təyin olunmalıdır ki, öz sənətinə şərəfli bir sənət kimi yanaşsın. İctimai nəqliyyatdan istifadə edən insanların həyatını risk altında qoymamaq üçün, sərnişinlərin rahat gediş-gəlişini tənzimləmək üçün düşünürəm ki, avtobus sürücülərinin iş şəraiti yaxşılaşdırılmalı, onlara yüksək əmək haqqı verilməli və növbəli iş rejiminə keçilməlidir. Düşünürəm ki, bu detallar nəzərə alınarsa, sürücü işinə məsuliyyətlə yanaşar və avtobus qəzalarının qarşısı alınar".

/Kaspi.az/