Londonda "Qarabağ kuboku" uğrunda futbol turniri təşkil edilib

Britaniya Azərbaycanlıları Assosiasiyasının (BAA) dəstəyi və həmyerlimiz İlkin Quliyevin təşkilatçılığı ilə London şəhərində "Qarabağ kuboku" uğrunda futbol turniri keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, BAA-nın sədri Hafiz Baxşəliyev bildirib ki, turnirdə adlarını Azərbaycana və II Qarabağ savaşına həsr edən 7 komanda - "Kaspian", "Qarabağ", "Dəmir yumruq", "Boz qurd", "Old Centlmən", "Bayraqdar", "Mançester Polad" iştirak edib.

Final oyununda "Kaspian" və "Qarabağ" komandaları mübarizə aparıblar. Qarşılaşma "Kaspian" komandasının qələbəsi ilə nəticələnib. Qalibə "Qarabağ kuboku", ilk 3 yeri tutan komandaların oyunçularına isə üzərində Xarı bülbülün həkk olunduğu medallar təqdim olunub.