Nensi Pelosinin İrəvana səfəri Paşinyan hakimiyyətinin siyasi mövqesizliyini ortaya qoyur - RƏY

Bu gün ABŞ Konqresində çoxlu ermənipərəst konqresmen yer alıb. Bunların hamısı erməni lobbisinin ideoloji mərkəzi hesab olunan Amerikanın Erməni Milli Komitəsinin (ANCA) əlaltılarıdır. Daha doğurusu, ANCA onları pul ilə ələ alıb. Onlar hər zaman Azərbaycana və Türkiyəyə qarşı sanksiyaların tətbiq edilməsi ilə bağlı çıxışlar edirlər.
Bunu Trend-ə Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri Fuad Hüseynzadə deyib.
Onun sözlərinə görə, bununla yanaşı, bu konqresmenlər özlərinin sosial şəbəkə profillərində Ermənistan-Azərbaycan arasındakı son sərhəd gərginliyini əsassız olaraq siyasi formada təqdim edirlər.
"Ermənipərəst senator və konqresmenlər öz çıxışlarında ATƏT-in Minsk qrupunun danışıqlar prosesində iştirakını bərpa etmək üçün də fikirlər səsləndirirlər. Bu günlərdə regiona səfər edən ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi də erməni lobbisinin təsir dairəsində olan konqresmenlərdəndir. Onun İrəvanda etdiyi son çıxışında Azərbaycanın ünvanına ağır ifadələr səsləndirməsi bundan irəli gəlir. Xatırladaq ki, ABŞ-dakı erməni lobbisi uzun müddət idi ki, Nensi Pelosinin İrəvana getməsi üçün çalışırdı. Ermənistanın 13 sentyabrda Azərbaycanla sərhəddə törətdiyi təxribatlardan sonra erməni lobbisi kütləvi şəkildə Nensi Pelosiyə bu səfərlə bağlı müraciətlər edirdilər. Onu Milli Assambleyanın sədri Alen Simonyan Ermənistana dəvət etsə də, amma əsasən ABŞ-dakı erməni lobbisinin təzyiqi nəticəsində sentyabrın 17-də İrəvana səfər etdi.
Nensi Pelosinin Azərbaycan əleyhinə sərt, əsasız ifadələr səsləndirəcəyi gözlənilən idi. Çünki o, hər zaman ermənipərəsət mövqedən çıxış edib. İrəvanda da bu mövqeyini nümayiş etdirdi. Qoca Pelosinin İrəvanda qondarma erməni soyqırımı abidəsinin qarşısında "timsah göz yaşları" axıtması da siyasi motiv daşıyırdı. Nensi Pelosi və onun kimi konqresmenlərin təcavüzkar Ermənistanı dəstəkləməsi, Azərbaycan haqqında əsassız fikirlər səsləndirməsi nə dərəcədə demokrat olmalarından xəbər verir. Onlar demokratiya pərdəsi adı altında şəri dəstəkləməklə siyasi kimliklərini göstəririlər", - F.Hüseynzadə qeyd edib.
O bildirib ki, Azərbaycan heç bir ölkənin ərazisinə hücum etmir və özü suveren ərazisini qoryur. Ermənilər isə illərdir Azərbaycanın mülki əhalisinə qarşı soyqırımılar edir, tarixi abidələrə qarşı vandalizm aktı törədirlər. Maraqlıdır ki, ABŞ Konqresi niyə Ermənistanın Azərbaycana təcavüzünü pisləyən qətnamə layihəsi qəbul etmir?
"Artıq Azərbaycanın Xarici İşlər Nazirliyi səviyyəsində Nensi Pelosi tərəfindən verilmiş və bölgədəki vəziyyəti təhrif edən açıqlamaya cavab verilib. Həqiqətən də Nensi Pelosi tərəfindən Azərbaycana qarşı irəli sürülən əsasız və ədalətsiz ittihamlar təəssüf doğurur.
Diqqətçəkən məqam odur ki, Nensi Pelosinin Ermənistana səfəri bu ölkədə heç də birmənalı qarşılanmayıb. Eyni zamanda, xalqla hakimiyyət arasında haçalanma, fikir ayrılığı yaranıb. Ayrca ölkə daxilində də xalq arasında iki cəbhə yaranıb. Artıq bir neçə gündür ki, ermənilər İrəvanın mərkəzində aksiya keçirirlər. Onlar hökumətdən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmağı tələb edirlər. Əlbəttə ki, bu aksiyanı keçirənlər qərbpərəst qüvvələrdir və Nensi Pelosinin ölkəyə gəlişini alqışlayırlar. Hətta onda özlərinin xilasını görürlər. Eyni zamanda, İrəvanda Nensi Pelosinin bu səfərinə qarşı da aksiyalar keçirilir və onlar Ermənitsanın Rusiya ilə müttəfiqliyinə sadiq qalcağını deyirlər. Göründüyü kimi, bunlar da ruspərsətlərdir. Artıq demək olar ki, Nensi Pelosinin İrəvan səfəri ölkədə siyasi gərginliyi daha da artırıb. Əslində, bu səfər Paşinyan hakimiyyətinin siyasi olaraq mövqesizliyini ortaya qoyur. Ermənistanda Paşinyan hakimiyyəti özü-özünü toparlaya bilmir və buna görə də idarəetmə itib. Necə deyərlər, Paşinyan hakimiyyəti hazırda ləngər vurur: bilmir Qərb, yoxsa Rusiya tərəfə əyilsin", - Hüseynzadə əlavə edib.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре