Bu şəxslərin maaşları ilə bağlı TƏKLİF

Müddətdən artıq xidmət çəkən hərbçilərin və xüsusi təyinatlıların maaşları artırılmalıdır.

Day.Az xəbər verir ki, Milli Məclisin deputatı Vüqar İskəndərov, parlamentin bugünkü plenar iclasında gələn ilin büdcə zərfinin müzakirəsində çıxış edərək, peşəkar ordu quruculuğu sahəsində çalışan müddətdən artıq xidmət çəkən və xüsusi təyinatlı hərbçilərin maaşlarının artırılmasını təklif edib.

Deputat qeyd edib ki, müharibədən sonra ölkələrdə hərbi sahəyə axın bir neçə dəfə azalır və buna görə də hərbi xidmətin daha cazibədar olması üçün maaşların artırılması vacibdir:

"Hərbi sahədə çalışan insanların maaşlarının yüksək olması bu sahəyə axını daha da stimullaşdıra bilər", - deyə Vüqar İskəndərov bildirib.

Bundan əlavə, deputat hüquq-mühafizə orqanlarının əməkdaşlarının maaşlarının da artırılmasının vacibliyini vurğulayıb: "Bu siyahıya ictimai təhlükəsizliyimizi qoruyan polis əməkdaşlarını da əlavə etməliyik. Çünki hüquq-mühafizə orqanları içərisində ən az məvacib alan Daxili İşlər Nazirliyinin əməkdaşlarıdır" - deyə o əlavə edib.