7 tələbənin qatili...
Son bir ayda Azərbaycanda gənc tələbələrin infarktdan vəfat etməsi ciddi və narahatedici bir tendensiyanı ortaya qoyur. Gənc yaşda infarkt nadir hallarda rast gəlinən, lakin müasir həyat tərzi, təhsil sistemindəki problemlər və ümumi cəmiyyət yanaşması ilə bağlı risk faktorlarının artdığı bir haldır. Bu məsələni yalnız tibbi yox, eyni zamanda təhsil, sosial, psixoloji və idarəetmə aspektlərindən də təhlil etmək lazımdır.
Day.Az xəbər verir ki, bu sözləri Milli.Az-a təhsil eksperti Kamran Əsədov deyib.
O bildirib ki, Dünya Səhiyyə Təşkilatının (WHO) məlumatlarına görə, ürək-damar xəstəlikləri dünyada ölüm hallarının əsas səbəbidir. Hər il təxminən 18 milyon insan bu səbəbdən həyatını itirir. Ürək xəstəlikləri daha çox orta və yaşlı insanlarda görülməsinə baxmayaraq, son illərdə gənclər arasında da bu xəstəliklərin artdığı müşahidə olunur. ABŞ-da aparılan bir araşdırmaya görə, 20-39 yaş aralığında infarkt keçirənlərin sayı son on ildə təxminən 2% artıb. Hindistanda isə hər il ürək xəstəlikləri səbəbilə həyatını itirənlərin 25%-i 40 yaşından aşağı yaşdadır. Bu artış, əsasən, stres, qeyri-sağlam qidalanma, oturaq həyat tərzi və psixoloji problemlərlə əlaqələndirilir.
"Azərbaycanda gənclər arasında infarkt hallarının artmasının əsas səbəblərindən biri təhsil sistemindəki yüklənmə və stressdir. Orta məktəblərdə və universitetlərdə yüksək rəqabət mühiti, ağır dərs proqramları, daimi imtahan təzyiqi və yüksək gözləntilər gənclərin emosional və fiziki sağlamlığına mənfi təsir göstərir. Azərbaycanda təhsil sistemində şagird və tələbələrin yüklənməsi ilə bağlı konkret rəqəmlər açıqlanmamış olsa da, müəllimlər və valideynlər arasında bu narahatlıq geniş yayılıb. Gənclər arasında narahatlıq və depressiya hallarının artması bu təzyiqin birbaşa nəticəsidir. Beynəlxalq tədqiqatlar göstərir ki, davamlı stress kortizol səviyyəsini artıraraq ürək-damar xəstəliklərinə və infarkta səbəb ola bilər.
Digər əsas faktor fiziki aktivliyin azalması və qeyri-sağlam həyat tərzidir. "WHO"nun məlumatına görə, dünya üzrə yeniyetmələrin təxminən 81%-i tövsiyə olunan fiziki aktivlik səviyyəsinə çatmır. Azərbaycanda da bu göstəricinin yüksək olması ehtimal edilir, çünki məktəblərdə və universitetlərdə idman fəaliyyətlərinə kifayət qədər diqqət yetirilmir. Bundan əlavə, gənclər arasında qeyri-sağlam qidalanma və fast-food istifadəsi geniş yayılıb. Yüksək yağlı və şəkərli qidalar qanda xolesterinin səviyyəsini artırır və erkən yaşda ürək xəstəliklərinə gətirib çıxarır".
Ekspert qeyd edib ki, psixoloji dəstəyin çatışmazlığı da mühüm rol oynayır. Azərbaycanda məktəblərdə və universitetlərdə psixoloqların sayı çox məhduddur, mövcud olan psixoloqlar isə çox vaxt gənclərin real problemlərinə müdaxilə edə bilmir. Bu səbəbdən tələbələr arasında emosional problemlərin həll edilməməsi onların ümumi sağlamlığına mənfi təsir göstərir. Stress, depressiya və narahatlıq kimi psixoloji problemlər gənclərin ürək-damar sisteminə mənfi təsir göstərərək infarkt riskini artırır.
"Bütün bu faktorlar qarşısında dünya təcrübəsindən öyrənilə biləcək mühüm dərslər var. Finlandiyada təhsil sistemi şagirdlərin psixoloji və fiziki sağlamlığını prioritet edir. Məktəblərdə mütəmadi olaraq stress idarəetmə və sağlam həyat tərzi ilə bağlı təlimlər keçirilir. Bu yanaşma gənclərin sağlamlığını qorumaqla yanaşı, onların akademik uğurlarını da artırır. Hindistanda isə son illərdə məktəblərdə sağlamlıq təhsili proqramları genişləndirilib, şagirdlər arasında qidalanma və fiziki aktivliyin əhəmiyyəti təşviq olunur. ABŞ-da isə universitetlər tələbələr üçün xüsusi stress idarəetmə proqramları və psixoloji dəstək mərkəzləri təşkil edir. Bu təşəbbüslər tələbələrin həm emosional, həm də fiziki sağlamlığını qorumağa kömək edir.
Azərbaycanda bu problemlərin həlli üçün təhsil sistemi səviyyəsində kompleks tədbirlər həyata keçirilməlidir. İlk növbədə, məktəb və universitetlərdə stress idarəetməsi və emosional sağlamlıqla bağlı maarifləndirmə proqramları təşkil olunmalıdı".
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре