Qlobal nəqliyyat qovşağına çevrilən Azərbaycan: “Şimal-Cənub” dəhlizi nə vəd edir?
![Qlobal nəqliyyat qovşağına çevrilən Azərbaycan:](https://img.day.az/2025/02/15/800x550/trend_railway_main.jpg)
Azərbaycan son illərdə nəqliyyat dəhlizlərinin inkişafı sahəsində əhəmiyyətli addımlar atıb. Xüsusilə, ölkənin coğrafi mövqeyi onu Avropa ilə Asiyanı birləşdirən əsas tranzit mərkəzlərindən birinə çevirib. Azərbaycanın bu sahədə atdığı addımlar regionun logistika və ticarət potensialını artırmaqla yanaşı, ölkəyə iqtisadi və geosiyasi üstünlüklər də qazandırır.
Azərbaycanın Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutundakı (Orta Dəhliz) fəal rolu regionun logistika və ticarət mərkəzinə çevrilməsinə, iqtisadi əməkdaşlığın dərinləşməsinə və ölkənin qlobal ticarət əlaqələrində əhəmiyyətinin artmasına böyük töhfə verir. Bu təşəbbüs Azərbaycanın beynəlxalq iqtisadi mövqeyini gücləndirir və onun strateji rolunu daha da artırır. Ölkənin həmçinin, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin üzərində yerləşməsi ona ticarət, logistika və yükdaşımalar sahəsində əhəmiyyətli perpektivlər vəd edir.
Prezident İlham Əliyevin 11 fevral 2025-ci il tarixli müvafiq Fərmanı ilə "Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi ilə tranzit yük daşımalarının inkişafı məqsədilə əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi ölkənin bu layihəyə dərin yanaşmasını özündə ehtiva edir. Son bir neçə ay ərzində "Azərbaycan Respublikasının ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin tranzit potensialının artırılmasına və tranzit yükdaşımaların təşviqinə dair 2024−2026-ci illər üçün Fəaliyyət Planı", "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı" və nəhayət adıçəkilən sazişin təsdiq edilməsi nəqliyyat sektoruna dövlət qayğısının və bu sahədən gözləntilərin bir nümunəsidir.
Hələ 2000-ci ildə Sankt-Peterburqda Rusiya, İran və Hindistan arasında imzalanmış müqavilə ilə start verilən Şimal-Cənub nəqliyyat layihəsinə Azərbaycan Respublikası 2005-ci ildən qoşulub. Hazırda Rusiya və Azərbaycanın əməkdaşlığı, ikitərəfli iqtisadi münasibətlərin inkişafı istiqamətində önəmli rol oynayan, Qərbi Avropanı Asiya ilə birləşdirən "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi ilə daşınmaların artırılması, dəhliz boyunca infrastruktur təminatının təkmilləşdirilməsi, sərhəd-keçid prosedurlarının sadələşdirilməsi və s. kimi məsələlər hər iki ölkənin prioritetlərinə daxildir.
İqtisadçılar hesab edirlər ki, bütün bunlar nəqliyyat-tranzit əlaqələrinin uzunmüddətli perspektivə malik olduğunu ifadə edir.
Day.Az xəbər verir ki, Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov Trend-ə açıqlamasında Azərbaycanın beynəlxalq nəqliyyat dəhlizlərinin genişlənməsinə töhfə verən ölkələrdən olduğunu deyib. O bildirib ki, bir tərəfdən Orta Dəhliz (Qərb-Şərq), digər tərəfdən isə "Şimal-Cənub" nəqliyyat dəhlizinin Azərbaycan üzərindən keçməsi praktik olaraq ölkənin geosiyasi mövqeyini gücləndirməklə yanaşı, həm də dövlət gəlirlərinə birbaşa təsir göstərir: "Şimal-Cənub" nəqliyyat dəhlizi şimaldan Hindistana qədər uzanan bir dəhlizdir və ötürmə qabiliyyəti, yüklərin daşınma məsafəsi kifayət qədər genişdir. Nəzərə alsaq ki, sözügedən dəhliz həm Hindistana, həm də İran ərazisi vasitəsilə körfəzə çıxış imkanı əldə edir, bu da təbii ki, daha çox yüklərin daşınması üçün imkanlar yaradır".
Deputatın sözlərinə görə, "Şimal-Cənub" nəqliyyat dəhlizi birmənalı şəkildə Azərbaycanın qeyri-neft sektorunda beynəlxalq yükdaşımalardan gəlirinin artması baxımından yeni imkanlar yaradır: "Bu, dövlət gəlirlərinin artması və daha çox yüklərin Azərbaycan üzərindən daşınması, eyni zamanda Azərbaycanda istehsal edilən qeyri-neft məhsullarının yeni bazarlara çıxarılması baxımından vacibdir. Birmənalı şəkildə nəqliyyat dəhlizləri vasitəsilə qeyri-neft sektorunun inkişafının stimullaşdırılması mümkündür ki, bu da məhz Azərbaycanda nəqliyyat sahəsində həyata keçirilən siyasətin prioritet istiqamətlərindəndir".
Məlumat üçün qeyd edək ki, Prezident İlham Əliyevin "Şimal - Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin Azərbaycan Respublikasının ərazisindən keçən hissəsində işlərin sürətləndirilməsi haqqında" 7 dekabr 2015-ci il tarixli Sərəncamına uyğun olaraq Astara (Azərbaycan) - Astara (İran) dəmir yolu xəttinin Astaraçay üzərindəki körpüyə qədər 8,3 kilometr yeni yol tikilib, Astaraçay üzərində dəmiryol körpüsü inşa olunub, İran İslam Respublikası ərazisində yaradılmış yük terminalına qədər 1,4 kilometr yol çəkilib. Bütövlükdə, dəhlizin tam gücü ilə fəaliyyətə başlamasının gələcəkdə Azərbaycanın da tranzit gəlirlərinin əhəmiyyətli dərəcədə artmasına səbəb olacağı proqnozlaşdırılır.
İqtisadçı Eldəniz Əmirov isə Trend-ə açıqlamasında əvvəlcə "Şimal-Cənub" nəqliyyat dəhliznin tarixinə nəzər salıb. O xatırladıb ki, 2000-ci ilin 12 sentyabr tarixində Rusiya, İran və Hindistan arasında imzalanmış hökumətlərarası Saziş əsasında "Şimal-Cənub" nəqliyyat dəhlizinin təməli qoyulub: "Ümumiyyətlə, bu dəhlizin əsası ötən əsrin sonlarına gedib çıxır. Əsas olaraq da Şimal-Cənub dialoqu şəklində qoyulmuşdur. Lakin sonra Rusiyanın, - o dövrdə Keçmiş SSRİ-nin, - Avropa ilə münasibətlərində olan soyuqluq bu dəhlizin marşrutunu Qırmızı dənizdən salaraq Atlantik okeanı vasitəsilə Şimali Avropaya çatdırdı. Hazırda isə Rusiyanın təşəbbüsü ilə "Şimal-Cənub" dəhliznin yeni, daha qısa marşrutu təklif edilmişdir".
İqtisadçı qeyd edib ki, Azərbaycan isə 2005-ci ildə "Şimal-Cənub" nəqliyyat dəhlizinin təməlinin qoyulması ilə bağlı sənədə imza ataraq məhz bu dəhlizin qurulması üçün əməkdaşlıq haqqında ilkin rəsmi razılaşmaya müvəffəq olub: "Bu konteksdə də Azərbaycan bir çox ciddi işlər görüb. Məhz Azərbaycan bu dəhliz üzərində olan ölkələr arasında ən yaxşı infrastruktur göstəricisinə malikdir. Nəzərə alsaq ki, "Şimal-Cənub" dəhlizinin bir marşrutu Xəzər dənizi üzərindən, biri Asiya tərəfdən, digəri isə Azərbaycan üzərindən keçir, Azərbaycan tərəfi ən perspektivlisidir".
"İxracın diversifikasiyası, logistik imkanların genişləndirilməsi, Azərbaycanın strateji əhəmiyyətinin daha da artırılması kimi bir çox istiqamətlərdə, ələlxüsus da ticarət imkanları, infrastrukturun genişləndirilməsi, təbii resurlardan səmərəli istifadə və s. kimi istiqamətlərdə bu sazişin təsdiqlənməsi Azərbaycan iqtisadiyyatı üçün önəmlidir. Yəni nə qədər çox dəhliz olarsa və digər ölkələrlə nə qədər çox strateji iqtisadi sənəd imzalanarsa, bu sözsüz ki, ölkə iqtisadiyyatı üçün önəmlidir. Lakin "Şərq-Qərb" dəhliznin perspektivi və bu dəhlizin ölkəyə verdiyi fayda qədər "Şimal-Cənub" dəhlizinin faydası olacaq desək, yanılmış olarıq", - deyə E. Əmirov vurğulayıb.
Qeyd edək ki, 2024-cü ildə Azərbaycan üzərindən keçən tranzit yükdaşımaların həcmi 2023-cü illə müqayisədə 8,4% artaraq, 14,5 milyon ton təşkil edib.
Dövlət Statistika Komitəsinin açıqladığı məlumata əsasən, ötən ilin yanvar - noyabr aylarında Azərbaycan ərazisindən keçən nəqliyyat dəhlizlərində daşınmış yüklərin həcmi 30,2 milyonton olub.
Bu göstərici 2023-cü ilin eyni dövrü ilə müqayisədə 282 min ton və ya 0,9% çoxdur. Dövr ərzində yüklərin 13,9 milyon tonu və ya 46%-i dəmir yolu nəqliyyatı, 9,1 milyon tonu və ya 30,1%-i avtomobil nəqliyyatı, 7,2 milyon tonu və ya 23,9%-i isə dəniz nəqliyyatı ilə daşınıb. Dəhlizlər vasitəsilə daşınmış yüklərin 57%-ni və ya 17,2 milyon tonunu tranzit yüklər təşkil edib.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре