Azərbaycan və Çin arasında münasibətlər son illərdə strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib

Azərbaycan və Çin arasında münasibətlər son illərdə strateji tərəfdaşlıq səviyyəsinə yüksələrək, yeni mərhələyə qədəm qoyub.

Day.Az xəbər verir ki, bunu Trend-ə Parlamentlərarası İttifaqın (IPU) Azərbaycandan vitse-prezidenti, Milli Məclisin deputatı Sevil Mikayılova deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin uğurlu xarici siyasəti nəricəsində Azərbaycan və Çin arasında strateji tərəfdaşlıq üzrə Bəyannamənin imzalanması bu əlaqələrin yüksək səviyyədə inkişaf etdiyini göstərir:

"Bu addım təkcə iki ölkə arasındakı iqtisadi-ticari əlaqələrin deyil, həm də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın genişlənməsinə töhfə verir.

Azərbaycanın beynəlxalq təşkilatlarla, xüsusilə də Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) ilə əməkdaşlığı xüsusi əhəmiyyət daşıyır. Hazırda Azərbaycan bu təşkilatda müşahidəçi deyil, dialoq tərəfdaşı statusuna malikdir. ŞƏT və BRICS-in üzv ölkələri ilə Azərbaycanın yaxın dostluq münasibətləri imkan yaradır ki, qarşılıqlı əlaqələr daha da genişlənsin".

Deputat vurğulayıb ki, Çin şirkətləri artıq təkcə texnologiya və xidmət təminatı sahəsində deyil, həm də Azərbaycana birbaşa investisiya yatırmaqda maraqlıdırlar.

"Çin Azərbaycanın mühüm ticarət tərəfdaşlarından biridir. Paralel olaraq Azərbaycan və Çin arasında turizmin inkişafına yönəlmiş mühüm addımlar atılıb. Çin vətəndaşları üçün vizanın ləğv edilməsi ölkəyə daha çox turistin cəlb olunmasına imkan yaradır. Gələcəkdə Azərbaycan vətəndaşları üçün də viza tələbinin aradan qaldırılması gözlənilir ki, bu da turizm və iqtisadi münasibətləri daha da inkişaf etdirəcək", - millət vəkili qeyd edib.

Onun sözlərinə görə, Çin iqtisadiyyatının sabitliyi və sürətli inkişafı qlobal iqtisadi proseslərdə mühüm rol oynayır:

"Xüsusilə enerji sektorunda sabit qiymətlərə ehtiyac duyan Azərbaycan üçün Çin iqtisadiyyatının artımı vacib amildir. Çin qlobal texnologiya sektorunda lider ölkələrdən biri olaraq, Azərbaycanla yaşıl texnologiyalar və alternativ enerji sahəsində uğurlu əməkdaşlıq qurur.

Azərbaycanın Çin ilə strateji tərəfdaşlığı təkcə siyasi və iqtisadi münasibətlərin inkişafına deyil, həmçinin, iki ölkə arasında daha sıx humanitar və mədəni əlaqələrin qurulmasına da imkan yaradır. Bu əməkdaşlıq gələcək illərdə yeni layihələrlə daha da möhkəmlənəcək və hər iki tərəf üçün qarşılıqlı faydalı nəticələr doğuracaq".