Ankarada Azərbaycan Milli İncəsənət Muzeyinin sərgisi açılıb

Mayın 30-da Ankarada Türkiyənin tanınmış muzeylərindən biri olan Ankara Rəsm və Heykəl Muzeyində Azərbaycan Milli İncəsənət Muzeyinin görkəmli rəssam, Azərbaycan realist rəssamlıq məktəbinin banisi Mirzə Qədim İrəvaninin 200 illik yubileyinə həsr olunmuş sərgisi açılıb. Sərginin açılışının necə keçdiyindən, eləcə də Türkiyə paytaxtı ilə bağlı təəssüratlarından AMİM-nin direktoru Şirin Məlikova Day.Az-a danışır.

- Şirin xanım, bu sərginin keçirilməsi üçün niyə məhz Türkiyənin bu muzeyi seçilib?

- Sərgiyə uzun müddət hazırlaşdıq, o cümlədən sərgi üçün yerin seçilməsinə də çox vaxt sərf etdik. Nəhayət, seçim bu muzey oldu.  Onun nəfis memarlığı, möhtəşəm türk təsviri sənəti kolleksiyası, Atatürkün lojası olan heyrətamiz konsert zalının olması, onun qəbul zalı ilə birlikdə  məni valeh etdi. Muzeyin və peşəkar konsert zalının yerləşdiyi neoklassik üslubda tikilmiş ağ mərmər bina muzey aləmində nadir hadisədir.

- Muzey Türkiyəyə hansı sərgini aparıb?

- "Mədəni yaddaşımızda Qərbi Azərbaycan" sərgisi 2023-cü ilin dekabrında İncəsənət Muzeyində açdığımız eyniadlı sərginin davamı oldu. Söhbət İrəvan xanlığının keçmiş əzəmətindən, vandallar tərəfindən yer üzündən silinmiş memarlıq incisi -Sərdar sarayından gedir. Biz, bu torpaqda yaşayıb-yaradan görkəmli insanlardan danışırıq - onlar əcdadlarının indi yalnız salnamələrdə və möcüzəvi şəkildə salamat qalmış sənət əsərlərində qorunub saxlanılan zəngin mədəni irsindən ilhamlanıblar. Dövrə, saray mühitinin yenidən canlandırılması  ilə baş vururuq - burada dəbdəbəli xalçalar - "Ləmpə" kompozisiyalı dəst-xalı gəbə (zalları tamamilə örtən üç-beş xalçadan ibarət dəst), naxışların məharətlə həkk olunduğu metaldan hazırlanmış əşyalar - şərbət üçün iri ölçülü qab, əlləri yumaq üçün aftafa-ləyən, bir zamanlar  Sərdar sarayının güzgülü zalında da mövcud  olmuş tovuzquşu fiqurları, Mirzə Qədim İrəvaninin əsrin əvvəllərində dünyanın yenidən bölüşdürülməsinin çətin dövrlərində möcüzəvi şəkildə salamat qalmış və indi də Gürcüstan Milli Muzeyində qorunan  rəsmlər vardır. Biz Qacarlar sülaləsinin şah və sərkərdələrinin, qorxmaz döyüşçülərinin, qəhrəmanlarının əzəmətini nümayiş etdirən, vaxtilə saray zalının ikinci pilləsinin itiuclu tağlarında yerləşdirilmiş İrəvaninin şah əsərlərinin surətlərini saxlayırıq. Burada biz, həmçinin məşhur fotoqraf, səyyah və etnoqraf D. Yermakovun çəkdiyi arxiv fotoşəkillərindən ibarət Sərdar sarayının canlandırılmasına kömək edən süni intellekt tərəfindən yaradılmış videoçarxı görürük (şəkillərin orijinalı Gürcüstan Milli Muzeyində saxlanılır). Burada həmçinin tarixi İrəvanı əks etdirən XIX əsrin sonlarına aid rəsmlər - rus rəssamı İlya Zankovskinin "İrəvan və Ağrıdağ dağlarının mənzərəsi" və Nikolay Qruşevin "İrəvandakı Sərdar məscidi" əsərləri nümayiş etdirilir.

- Yəqin ki, sərgidə mərkəzi yeri Mirzə Qədim İrəvaninin əsərləri tutur?

- Bir zalı bütünlüklə İrəvaninin yaradıcılığına həsr etdik. Bunlar onun yaradıcılığının yetkin dövründə yaratdığı portretlərdir. Burada biz həmçinin İrəvandan olan zadəganların və görkəmli şəxslərin fotoalbomunu, İrəvan xanlığının sonuncu xanının ailəsini nümayiş etdiririk və kolleksiyamızdan olan əşyaları sərgiləyərək Tacı xanım Bağırbəyovanın  fotoşəkli proyeksiya ilə  canlandırılır, sanki fotoşəkildən çıxan kimi -  tünd çəhrayı rəngli məxmər üzərində qızılı sapla işlənmiş naxışlı tikməli, effektiv görünüşə malik arxalıq nümayiş olunur.

Bir zal Bəhruz Kəngərlinin "Qaçqınlar" silsiləsinə həsr olunub, burada 1918-ci ildə Qərbi Azərbaycandan didərgin düşərək Naxçıvanda sığınacaq tapmış soydaşlarımızın - qocaların, uşaqların, qadınların obrazlarını görürük.

Sərgidə bu bölgənin tanınmış rəssamı Hüseyn Əliyevin Azərbaycan ədəbiyyatı klassiklərinin - Mirzə Fətəli Axundovun, Əbdürrəhim bəy Haqverdiyevin və Cəfər Cabbarlının obrazlarını əks etdirən portretləri də nümayiş olunur. Qeyd edim ki, sərgi iyulun 18-dək davam edəcək.

- Türkiyə ictimaiyyəti sərgimizi necə qarşıladı?

- Muzeyin statistikasına görə sərginin açılışında 700-dən çox insan olub. Konsert zalında Mirzə Qədim İrəvaninin həyatından o dövrün tarixi hadisələri kontekstində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sifarişi ilə çəkilmiş "Cənnət yuxusu" sənədli filmi nümayiş etdirilmişdir. Sərgi və film ictimaiyyətdə böyük marağa səbəb olub.

- Ankara necə idi, Şirin xanım?

- Ankara çoxmilyonlu şəhərdir, amma burada çılğın temp hissi yoxdur. Görünur, infrastruktur, nəzərə çarpan "mərkəz"in olmaması, dolama yollar və tunellərin çoxluğu öz işini görür. Şəhəri hiss etmək çətindir, hər zaman magistral yol ilə getdiyinizi və hər iki tərəfdə gah dağlar, gah təpələr, gah çöllər, gah da hündür olmayan bina kompleksləri hiss olunur.

Mən şəhərləri əsasən muzeylərə görə nəzərdən keçirirəm, mənim qavrayışımın xüsusiyyəti belədir. Ankaradakı muzeylər böyük deyillər, hətta deyərdim ki, kiçik sərgi sahəsi olan kameralardan ibarətdir, lakin  qiymətli kolleksiyalara  malikdirlər.

- Hansı muzey digərlərindən daha çox yadda qaldı ?

Ən böyük təəssüratı Anadolu Sivilizasiyaları Muzeyi (Anadolu Medeniyetleri Müzesi) yaratdı - Türkiyənin ən böyük muzeyi, unikal kolleksiyaya malikdir! Paleolit ​​dövründən başlayaraq qədim dövrlərə və sivilizasiyalara aid artefaktlar - burada həm məhsuldarlıq ilahələrinin gildən hazırlanmış  heyrətamiz kolleksiyası, həm Çatal -Höyükdən  rəsmlər, burada həm hettlərin qızılı və Midas türbəsindən olan qeyri-adi gözəlliyə malik masa, qeyri-adi zərif formalı gil küplər, nəhəng bürünc qablar, mixi yazılı lövhələr, daş relyeflər və heykəllərin dəbdəbəli kolleksiyası və digər  çoxlu eksponatlar vardır.

Bu muzey sonsuz ilham verə bilər. Küçələrin kəsişməsində hett dövrünün mərasim etalonuna bənzətməklə tökülmüş və miqyasca böyüdülmüş bürünc heykəlini - günəşin simvolunu görəndə heyrətləndim. Nə gözəl fikirdir! Heykəl çox müasir görünür və yalnız xəbəri olanlar onda qədim artefaktı tanıya bilər. Əgər bütövlükdə götüsək, çoxlu ziyarətçilərin, əsasən də müxtəlif yaşlarda uşaqları olan ailələrin öz mədəniyyətlərinə marağı, istirahət gününü muzeydə keçirtmək  istəyini görmək sevindirici idi.

Bundan başqa, mən Prezident kitabxanasından böyük  təəsürat aldım. Bu, şaxələnmiş infrastruktura, bilik mənbəyinə çıxış üçün çoxsəviyyəli sistemə malik irimiqyaslı qurğudur. Kitabxanada ölkə muzeylərindən olan artefaktlar, düzgün işıqlandırma, ekspozisiyanın dramaturgiyası, mövzu seçimi ilə təşkil edilən sərgilər məni heyrətləndirdi. Gənclərin sayı da məni heyran etdi - gündə 8 minə qədər, istirahət günləri isə 13 minə qədər insan. Ziyarətçilər üçün  zəngin kolleksiyanın elektron bazasından tutmuş gündə üç dəfə pulsuz yemək, çay və kofe, uşaq zonaları və s. qədər hər cür şərait yaradılıb.

Ankara - inkişaf edən və genişlənən, özünəməxsus monoton həyatını yaşayan, keçmişlə bu günü tarazlayan tarixi bir şəhərdir