Minsk Qrupu tarixə qovuşdu, Zəngəzur dəhlizi reallığa çevrilir

Son günlərdə çox əhəmiyyətli hadisələrin şahidi oluruq və bir azərbaycanlı olaraq böyük qürur hissi keçiririk. Dünən və bu gün Vaşinqtonda keçirilən görüşlər, paraflanan sənədlər, Prezident İlham Əliyevin illərdən bəri həyata keçirdiyi məqsədyönlü və dönməz siyasətin, güclü iradənin əhəmiyyətli bir təzahürüdür. Bu gün dünya bir daha Azərbaycanın güclü mövqeyini, bütövlüyünü və sabitliyini görmüş olur.

Day.Az xəbər verir ki, bu fikirləri Trend-ə açıqlamasında Milli Məclisin deputatı Jalə Əliyeva deyib.

Millət vəkili bildirib ki, ABŞ kimi fövqəldövlətdə bu görüşün keçirilməsi və tərəflər arasında razılığın əldə edilməsi Azərbaycan tarixinin çox əhəmiyyətli bir səhifəsidir:

"Bu, sadəcə Azərbaycan tarixinin deyil, dəyişməkdə olan dünya düzəni çərçivəsində yeni dünyanın, yeni tarixinin bəlkə də başlanğıcı günüdür. Bəlkə bir az iddialı səslənə bilər, amma bu, bir həqiqətdir. Bu gün Azərbaycan artıq sözün əsl mənasında söz sahibi olaraq əhəmiyyətli bir yerə gəldiyini nümayiş etdirə və sübut edə bildi. Bu, yalnız nümayişlə bitmir, biz əməllərimiz, qərarlarımız və qətiyyətimizlə bu siyasətimizi bütün dünya qarşısında təsdiqləyə bildik".

Deputat vurğulayıb ki, bu, böyük bir uğur, böyük bir nailiyyətdir və Azərbaycanın illərdən bəri həyata keçirdiyi düzgün siyasətin mühüm bəhrəsidir.

"Əhəmiyyətli məqamlardan biri ATƏT-in Minsk qrupunun ləğv olunması təşəbbüsü, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin paraflanması və bu gün artıq həmin müqavilənin imzalanması ərəfəsində olmağımızdır. Bu, sözün əsl mənasında tarixin yazılan çox mühüm bir səhifəsidir. Bu səhifədən sonra sadəcə Azərbaycan və Ermənistan üçün deyil, Cənubi Qafqaz bölgəsi, eləcə də bütün dünya və dünya nizamı üçün uğurlu inkişafların və mühüm irəliləmələrin şahidi olacağıq", - deyə J.Əliyeva qeyd edib.

Milli Məclisin deputatı Naqif Həmzəyev isə Trend-ə açıqlamasında deyib ki, ABŞ Prezidenti Donald Trampın şahidliyi altında imzalanmış Birbə Bəyannamə iki qonşu ölkə arasında onillərlə davam etmiş münaqişənin həlli istiqamətində mühüm addım kimi qiymətləndirilir:

"Bəyannamənin ən mühüm hissələrindən biri "Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş"in tərəflərin xarici işlər nazirləri tərəfindən paraflanması olub. Bu addım, gələcəkdə sazişin tam imzalanması və ratifikasiyası üçün əsas təşkil edəcək. Həmçinin, ATƏT-in Minsk Qrupu və onunla əlaqəli strukturlarının bağlanmasına dair birgə müraciətin imzalanması keçmiş münaqişəsinin həllində uzun müddət vasitəçilik rolunu oynayan təsisatın fəaliyyətinin başa çatdığını simvolizə edir".

Millət vəkili bildirib ki, "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" (TRIPP) bağlantı layihəsi Ermənistan ərazisində həyata keçiriləcək və ABŞ-nin bu regiona münasibətdə maraqlı olduğunu göstərir:

"Bu razılaşma eyni zamanda Rusiyanın regiondakı nüfuzuna qarşı ABŞ-nin addımı kimi də dəyərləndirilir. Minsk Qrupunun ləğvi və ABŞ-nin vasitəçilik rolunu öz üzərinə götürməsi, Cənubi Qafqazda geosiyasi balansın dəyişməsinə işarədir. TRIPP layihəsi və digər kommunikasiya marşrutlarının açılması regionda iqtisadi inkişaf üçün yeni imkanlar yaradacaq. Bu, həm Azərbaycan, həm də Ermənistan üçün eyni zamanda, region dövlətləri üçün iqtisadi fayda vəd edir".

Deputat diqqətə çatdırıb ki, münaqişənin sona çatdırılması bütün Cənubi Qafqaz regionunda sabitliyin təmin edilməsinə töhfə verəcək.

"Tramp administrasiyasının bu prosesdə fəal rol oynaması ABŞ-nin regiondakı nüfuzunu artırmaq və Rusiyanın həmin sahədəki rolunu məhdudlaşdırmaq cəhdini əks etdirir. Lakin bu razılaşmanın uğurla həyata keçirilməsi hər iki tərəfin siyasi iradəsindən və ictimai dəstəkdən asılıdır.

Gələcəkdə sülh sazişinin tam imzalanması, ratifikasiyası və praktiki həyata keçirilməsi bölgənin taleyini müəyyən edəcək mühüm mərhələlər olacaq. Bu prosesin uğurla başa çatdırılması nəinki Azərbaycan və Ermənistan, həm də bütün Cənubi Qafqaz regionu üçün yeni inkişaf imkanlarının yaradılmasına səbəb olacaq", - deyə N.Həmzəyev fikrini yekunlaşdırıb.