Maqnit qasırğası davam edir

Yer kürəsində bir neçə gün əvvəl başlayan maqnit qasırğasının təsiri hələ də davam edir. Alimlərin son qiymətləndirməsinə görə, Günəşdə baş vermiş tac kütlə atılması səbəbindən 24 iyul tarixində də geomaqnit aktivliyi yüksək olaraq qalacaq.

Day.Az xəbər verir ki, günəş küləyinin sürətinin artması nəticəsində gün ərzində zəif səviyyəli maqnit qasırğalarının müşahidə olunacağı gözlənilir.

Mütəxəssislər bildirirlər ki, tac kütlə atılmasının əsas hissəsi Yerin yanından keçsə də, planetimiz onun kənar təsir zonasına düşə bilər. Bu səbəbdən G1 səviyyəsində qiymətləndirilən zəif geomaqnit qasırğalarının yaranması ehtimalı saxlanılır. Belə hadisələr adətən peyk rabitəsi, GPS sistemləri və radio əlaqəsində qısamüddətli pozuntular yarada bilər.

Alimlər eyni zamanda vurğulayırlar ki, tarixdə çox nadir rast gəlinən güclü Günəş fırtınaları əvvəl düşünüləndən daha ciddi nəticələr doğura bilər. Araşdırmalar göstərir ki, Günəş küləyi gücləndikcə atmosferin yuxarı qatlarında elektrik cərəyanları artır və bu da enerji şəbəkələri, rabitə sistemləri və kosmik peyklər üçün riskləri yüksəldir. Hazırda belə ekstremal hadisə gözlənilməsə də, mütəxəssislər yüksək Günəş aktivliyi dövründə vəziyyətin diqqətlə izlənilməsinin vacibliyini bildirirlər.