EIA qlobal xam neft hasilatı üzrə proqnozlarını açıqlayıb
ABŞ Enerji İnformasiya Administrasiyası (EIA) 2026 və 2027-ci illər üzrə qlobal xam neft hasilatına dair proqnozlarını açıqlayıb.
Day.Az xəbər verir ki, EIA-nın "Qısamüddətli enerji proqnozu"nun oktyabr buraxılışında yer alan məlumatlara əsasən, qlobal xam neft hasilatının 2026-cı ildə orta hesabla sutkada 75,40 milyon barel, 2027-ci ildə isə 81,50 milyon barel təşkil edəcəyi gözlənilir.
Məlumata görə, 2026-cı ildə qlobal xam neft hasilatı rüblər üzrə dəyişkənlik göstərəcək. Belə ki, ilin birinci rübündə hasilatın sutkada 77,33 milyon barel, ikinci rübdə 71,57 milyon barel, üçüncü rübdə 75,69 milyon barel, dördüncü rübdə isə 77,02 milyon barel olacağı proqnozlaşdırılır.
Beləliklə, 2026-cı ilin ikinci rübündə qlobal xam neft hasilatının birinci rüblə müqayisədə sutkada 5,76 milyon barel azalacağı, daha sonra isə yenidən artacağı gözlənilir. İllik göstəriciyə əsasən, 2026-cı ildə dünya üzrə xam neft hasilatı 2025-ci ildəki sutkalıq 79,09 milyon barellə müqayisədə 3,69 milyon barel və ya təxminən 4,7 faiz aşağı olacaq.
EIA-nın proqnozuna əsasən, 2027-ci ildə isə qlobal xam neft hasilatında artım gözlənilir. Həmin ilin birinci rübündə hasilatın sutkada 79,60 milyon barel, ikinci rübdə 81,30 milyon barel, üçüncü rübdə 82,20 milyon barel, dördüncü rübdə isə 82,86 milyon barel təşkil edəcəyi proqnozlaşdırılır. İllik orta göstəricinin 81,50 milyon barel olması gözlənilir ki, bu da 2026-cı ilin proqnozundan sutkada 6,10 milyon barel və ya 8,1 faiz çoxdur.
Hesabata görə, OPEC ölkələrinin ümumi xam neft hasilatının 2026-cı ildə sutkada 20,44 milyon barel təşkil edəcəyi proqnozlaşdırılır. Bu göstərici 2025-ci ildəki 24,63 milyon barellə müqayisədə 4,19 milyon barel azdır. 2027-ci ildə isə OPEC üzrə hasilatın sutkada 24,42 milyon barelə yüksələcəyi gözlənilir.
Eyni zamanda, OPEC+ ölkələrinin hasilatının 2026-cı ildə sutkada 29,54 milyon barel olacağı proqnozlaşdırılır. 2025-ci ildə bu göstərici 33,33 milyon barel olub. EIA 2027-ci il üçün OPEC+ üzrə sutkalıq hasilatı 33,38 milyon barel səviyyəsində qiymətləndirir.
Qurum ABŞ-nin xam neft hasilatının da artacağını gözləyir. Belə ki, ABŞ üzrə hasilatın 2025-ci ildə sutkada 13,66 milyon bareldən 2026-cı ildə 13,87 milyon barelə, 2027-ci ildə isə 14,38 milyon barelə yüksələcəyi proqnozlaşdırılır. ABŞ istisna olmaqla OPEC+ üzvü olmayan ölkələr üzrə hasilatın isə 2026-cı ildə sutkada 31,90 milyon barel, 2027-ci ildə 33,81 milyon barel təşkil edəcəyi gözlənilir.
Bundan başaqa, EIA-nın məlumatına əsasən, OPEC+ üzrə xam neft hasilatı gücü 2026-cı ildə sutkada orta hesabla 20,87 milyon barel, 2027-ci ildə isə 26,07 milyon barel səviyyəsində qiymətləndirilir. Artıq hasilat gücünün isə 2026-cı ildə 0,44 milyon barel, 2027-ci ildə 1,65 milyon barel olacağı proqnozlaşdırılır.
Azərbaycanın neft hasilatında isə cari ildə azalma müşahidə olunur. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı ilin yanvar-avqust aylarında ölkədə qaz kondensatı da daxil olmaqla 17,692 milyon ton xam neft hasil edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 698,8 min ton və ya 3,8 faiz azdır. Hasil olunan xam neftin 17,648 milyon tonunu əmtəəlik xam neft təşkil edib. Bu göstərici də illik müqayisədə 701,1 min ton və ya 3,8 faiz azalıb.
Hesabat dövründə Azərbaycanın mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 25,7 milyard manat təşkil edib. Bu, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,9 faiz azalma deməkdir.
Bununla yanaşı, neft hasilatının azalmasına baxmayaraq, Azərbaycanın xam neft ixracının dəyərində artım qeydə alınıb. Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, 2026-cı ilin yanvar-avqust aylarında Azərbaycan 9,282 milyard ABŞ dolları dəyərində 14,678 milyon ton bitumlu süxurlardan alınan xam neft və xam neft məhsulları ixrac edib. Trend-in hesablamalarına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 886 milyon ABŞ dolları və ya 10,6 faiz çox, fiziki həcmdə isə 1,247 milyon ton və ya 7,8 faiz azdır.
Azərbaycanın əsas ixrac istiqaməti isə İtaliya olub. İlk səkkiz ayda Azərbaycandan İtaliyaya 8,471 milyon ton xam neft və neft məhsulları göndərilib. Bu ixracın dəyəri 5,226 milyard ABŞ dolları təşkil edib. İllik müqayisədə İtaliyaya ixracın dəyəri 424 milyon ABŞ dolları və ya 8,8 faiz artıb, fiziki həcm isə 727 min ton və ya 7,9 faiz azalıb.
Beləliklə, EIA-nın proqnozları qlobal neft hasilatında 2026-cı ildə azalma, 2027-ci ildə isə nəzərəçarpacaq artım gözlənildiyini göstərir. Azərbaycanın göstəricilərində isə hasilat və ixracın fiziki həcmində azalma fonunda neft ixracının dəyərinin artması diqqət çəkir.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре