Azərbaycan-İtaliya münasibətləri möhkəm siyasi dialoqa və strateji tərəfdaşlığa əsaslanır - Mikayıl Cabbarov
Azərbaycan və İtaliya arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi məqsədilə Bakıda keçirilən biznes-forumda 200-dən çox şirkətin nümayəndəsi iştirak edir.
Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov bazar ertəsi Bakıda keçirilən Azərbaycan-İtaliya biznes-forumunda deyib.
Nazir bildirib ki, Azərbaycan və İtaliya arasında sənaye konfederasiyalarının təşkilatçılığı ilə İtaliyanın müəssisələr və "Made in Italy" naziri Adolfo Urso ilə başlanmış dialoq bu gün Bakıda daha geniş tərkibdə davam etdirilir.
"Forumda çoxsaylı İtaliya və Azərbaycan şirkətlərinin nümayəndələrinin iştirakı əməkdaşlığa olan marağın göstəricisidir. Bu gün tədbirimizdə 200-dən çox şirkətin nümayəndəsi iştirak edir. Ümumilikdə, Azərbaycan-İtaliya münasibətləri möhkəm siyasi dialoqa və strateji tərəfdaşlığa əsaslanır.
Ölkələrimiz arasında 2014 və 2020-ci illərdə strateji tərəfdaşlığa dair iki bəyannamə imzalanıb.
Ötən il İtaliya Prezidenti Serco Mattarellanın, bu ilin may ayında isə Nazirlər Şurasının sədri Corcia Meloninin Azərbaycana səfərləri iqtisadi əməkdaşlığımızda yeni səhifə açıb. Sizin bugünkü səfəriniz də bu əməkdaşlığa əlavə təkan verəcək", - deyə M.Cabbarov bildirib.
Nazir qeyd edib ki, Azərbaycan makroiqtisadi və siyasi sabitliyi, eləcə də qeyri-neft-qaz sektorunun inkişafı istiqamətində əldə etdiyi nəticələr sayəsində investorlar üçün əlverişli biznes mühiti təqdim edir.
"Ölkəmizin suveren kredit reytinqləri "Moody's" və "Fitch" beynəlxalq reytinq agentlikləri tərəfindən investisiya səviyyəsində qiymətləndirilir.
Qeyri-neft-qaz sektorunun inkişafı, istehsalın və ixracın şaxələndirilməsi dövlətin iqtisadi siyasətinin əsas prioritetlərindəndir. Bu məqsədlə hökumət sahibkarlara müxtəlif dövlət dəstəyi mexanizmləri tətbiq edir", - deyə o vurğulayıb.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре