https://news.day.az/azerinews/1876420.html İtaliya Azərbaycana qida sənayesi məhsullarının ixracını genişləndirmək niyyətindədir - ITA Agency İtaliya Azərbaycana enerji məhsulları və xammalla yanaşı, İtaliya şirkətlərinin dünya bazarında aparıcı mövqelərə malik olduğu digər məhsulların, o cümlədən ərzaq məhsulları, içkilər, geyim, mebel və dizayn əşyalarının ixracını genişləndirmək niyyətindədir.

İtaliya Azərbaycana qida sənayesi məhsullarının ixracını genişləndirmək niyyətindədir - ITA Agency

Azərbaycanca, 23 ноября 2026 13:47 (UTC +04:00) 246
İtaliya Azərbaycana qida sənayesi məhsullarının ixracını genişləndirmək niyyətindədir

İtaliya Azərbaycana enerji məhsulları və xammalla yanaşı, İtaliya şirkətlərinin dünya bazarında aparıcı mövqelərə malik olduğu digər məhsulların, o cümlədən ərzaq məhsulları, içkilər, geyim, mebel və dizayn əşyalarının ixracını genişləndirmək niyyətindədir.

Bunu İtaliyanın Xarici Ticarət Agentliyinin (ITA Agency) prezidenti Matteo Zoppas Bakıda keçirilən Azərbaycan-İtaliya biznes forumu çərçivəsində Trend-ə açıqlamasında bildirib.

Onun sözlərinə görə, hazırda İtaliya məhsullarının Azərbaycana ixracında texnologiyalar və yüksək texnoloji komponentə malik mallar üstünlük təşkil edir. Bununla belə, ixracın strukturu İtaliyanın digər ölkələrlə ticarətindəki ümumi mənzərədən fərqlənir. Belə ki, həmin ölkələrə ixracda ərzaq məhsulları, moda sənayesi, mebel və avtomobillər mühüm yer tutur.

"Azərbaycanın dünyada böyük tələbat olan İtaliya məhsullarını idxal etmək üçün geniş imkanları var. Şəhərdə gəzərkən artıq burada ən tanınmış İtaliya moda brendlərini görə bilərsiniz və biz, ola bilsin ki, onların satışlarının artırılmasına kömək edə bilərik. İtaliya aqrar-sənaye kompleksi, ərzaq və içki istehsalı, moda sənayesi və dizayn, eləcə də mebel istehsalı kimi sahələrdə məhsul keyfiyyəti və xidmət səviyyəsinə görə dünyada aparıcı mövqelərdən birini tutur", - deyə o bildirib.

Biznes əlaqələrinin inkişafı ilə bağlı gələcək planlardan danışan Zoppas qeyd edib ki, "ITA Agency" Azərbaycanlı alıcıların sərgilərdə iştirak etməsi və İtaliya istehsalçıları ilə görüşməsi üçün onların İtaliyaya səfərlərini təşkil edir.

"Biz sərgilərimizdə iştirak etmək üçün İtaliyaya təxminən 100 alıcı aparır, həmçinin istehsalçılarla görüşlər keçirmək məqsədilə biznes missiyaları təşkil edirik. Bundan əlavə, İtaliya şirkətlərini müxtəlif istiqamətlər üzrə sərgi və yarmarkalarda iştirak etmək üçün Azərbaycana gətiririk", - deyə o bildirib.

Agentliyin prezidenti əlavə edib ki, Çeçiliya Olivanın rəhbərlik etdiyi "ITA Agency"nin yerli ofisi və ticarət analitikləri Azərbaycan bazarına daxil olmaqda maraqlı olan İtaliya şirkətlərinə dəstək göstərir.

Xüsusilə, ofis sahibkarlara bazarın strukturunu öyrənmək, ayrı-ayrı məhsul kateqoriyaları üzrə potensial müştərilərin siyahılarını əldə etmək, yerli tərəfdaşlar tapmaq və potensial sifarişçilərlə görüşlər təşkil etməkdə kömək edir.

Zoppasın sözlərinə görə, bu fəaliyyət Azərbaycandakı İtaliya diplomatik nümayəndəlikləri ilə koordinasiyalı şəkildə həyata keçirilir.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости