QHT-lərin fəaliyyətinin bərpası qaydası dəyişir
Azərbaycanda qeyri-hökumət təşkilatlarının (QHT), eləcə də xarici dövlətlərin QHT-lərinin filial və nümayəndəliklərinin fəaliyyətinin dayandırılmasına səbəb olmuş pozuntular aradan qaldırıldıqda onların fəaliyyətinin vaxtından əvvəl bərpası qaydasının dəyişdirilməsi təklif olunur.
Day.Az Trend-ə istinadən xəbər verir ki, bu, Milli Məclisin bugünkü plenar iclasında nüzakirə olunan "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Layihəyə əsasən, QHT-lərin, habelə xarici dövlətlərin QHT-lərinin filial və ya nümayəndəliklərinin fəaliyyətinin dayandırılmasına səbəb olmuş pozuntular aradan qaldırıldıqda onların fəaliyyəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən vaxtından əvvəl bərpa oluna biləcək.
Hazırda qüvvədə olan qanunvericiliyə əsasən, belə hallarda fəaliyyətin vaxtından əvvəl bərpası məhkəmənin qərarı ilə həyata keçirilir. Bunun üçün fəaliyyətin dayandırılmasına səbəb olmuş pozuntular aradan qaldırılmalı, həmçinin qanunvericilikdə nəzərdə tutulan hallardan asılı olaraq müvafiq icra hakimiyyəti orqanının və ya təşkilat üzvlərinin müraciəti olmalıdır.
Qüvvədə olan qanunvericiliyə görə, QHT-lərin və xarici QHT-lərin filial və nümayəndəliklərinin fəaliyyəti bir ilədək müddətə məhkəmə qərarı ilə dayandırıla bilər. Bu, fövqəladə vəziyyətin tətbiqinə səbəb olmuş şəraitin aradan qaldırılmasına maneçilik törədildikdə, müvafiq icra hakimiyyəti orqanının xəbərdarlıq və ya göstərişində bildirilmiş pozuntular müəyyən edilmiş müddətdə aradan qaldırılmadıqda və buna görə inzibati məsuliyyətə cəlb edildikdən sonra da həmin pozuntular davam etdikdə, eləcə də təşkilatın icra orqanı tərəfindən üzvlərin hüquqlarının pozulması müəyyən edildikdə mümkündür.
Beləliklə, təklif olunan dəyişiklik fəaliyyətin dayandırılmasına səbəb olmuş pozuntular aradan qaldırıldıqdan sonra QHT-lərin fəaliyyətinin vaxtından əvvəl bərpası ilə bağlı qərarın məhkəmə tərəfindən deyil, müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilməsini nəzərdə tutur.
Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре