Tez ölmək istəyirsinizsə vitamin qəbul edin
Fəsillər dəyişdikcə orqanizimiz də dəyişir. Və bütün dəyişikliklər bəzən bizdə müxtəlif narahatçılıq hissləri yaradır. Bir çoxumuz da narahatçılıqlardan yaxamızı qurtarmaq üçün çarəni vitaminlərdə görürük. Lakin vitaminlərin yaratdığı fəsadlar haqda düşünmürük belə.
Misal üçün, 27 yaşlı həmsöhbətim Vüqar Yusubov vitaminlərdən istifadə etsə də, onun yaratdığı fəsadlardan canını heç cür qurtara bilmədiyini dedi: "Bir ara saçlarım tökülürdü deyə vitaminlərdən istifadə etməli oldum. Özü də həkim məsləhəti ilə. Amma bu vitaminlər məndə allergiyaya səbəb oldu. Hal-hazırda müalicə etsəm də, heç bir xeyri yoxdur".
Bu yaxınlarda danimarkalı alimlər insan orqanizminə A, C və E vitaminlərinin ziyanını sübut ediblər. Aparılan araşdırma zamanı onlar sübut ediblər ki, bu vitaminlərdən istifadə edən insanlar digərlərindən fərqli olaraq daha tez ölürlər. Vitaminlərin qəbulu ölüm riskini yüksəldir.
Vitamin hansı fəsadlara səbəb olur?
Uzun müddət vitamin qəbulu da olduqca ziyandır. Çünki orqanizm daimi vitamin qəbuluna öyrəşir, daha sonra isə allergik reaksiyalar yaranır. Bu haqda Milli.Az-a həkim-terapevt Nəcibə Axundzadə və allerqoloq İlqar İsmayılov məlumat verdilər.
N.Axundzadənin sözlərinə görə, vitamin tərkibli dərmanların tərkibində ölü maddələr var.
"Bu maddələr insan orqanizminə heç bir enerji vermir. Demək olar ki, onlar orqanizm tərəfindən tam qəbul olunmur. Bundan da əlavə vitaminlər orqanizmdə kimyəvi maddələrin yığılmasına səbəb olur. Bu isə olduqca təhlükəlidir. Vitaminlərin həddindən artıq çox qəbulu da insan orqanizminə olduqca ziyanlıdır. Çünki orqanizm vitaminlərin qəbuluna örgəşir, həmçinin də allergik reaksiyalar yaradır", - Nəcibə Axundzadə dedi.
Niyə süni vitaminlər zərərlidirlər?
Həkimlərin fikrincə, hətta C vitamini belə insan orqanizminə ziyandır. Qeyd edək ki, ekspertlərin fikrincə, vitaminlərdən mütəmadi olaraq istifadə edən insanlarda revmatizm yaranır. Misal üçün, C vitaminini onu qəbul edən şəxslərin qanında laxtalanmaya və tromblaşmaya səbəb ola bilər.
"Bundan da əlavə C vitamini məddənin selikli qişasına və bağırsaqlar üçün ziyanlıdır. Bu vitamin qusmaya səbəb ola bilər. Lakin natural vitaminlərdən istifadə edən isnanları isə heç bir təhlükə gözləmir. Vitamin A-dan istifadə edənlər isə qaraciyər və sümük xəstəliklərinə düçar ola bilərlər. Həmçinin də, saçlarda müəyyən xəstəlikər və miqren yarada bilər. Əslində, insanın qidalandığı gündəlik yeməklərdə A vitamini kifayət qədərdir. Süni A vitamininin istifadəsi məsləhət görülmür", - həkim bildirdi.
Orqanizmin vitaminə ehtiyacı yoxdur?
Vitaminlər bədənimiz üçün lazımlı olan maddələrdir. Xüsusilə, bəslənmə pozuqluğu olanlarda, çox irəli yaşlardakı şəxslərdə, hamiləlikdə, uşaqlığın erkən dövrləri kimi bəzi xüsusi vəziyyətlərdə bu məqama nəzarət edilməlidir. Amma bunlar xaricində sağlam fərdlərdə əlavə vitamin almanın əlavə bir faydası olduğu sübut edilmiş bir məlumat deyil, amma zərəri olduğu da göstərilməyib.
Qeyd edək ki, həkimlər şüursuz alınan vitaminlərin fayda yerinə zərər gətirə biləcəyini bildirirlər.
"Məsələn qrip olmamaq üçün çox adam davamlı C vitamini həbləri alır. Həm C vitamininin qripdən qoruduğuna dair dəlil yoxdur, həm də böyrək daşı olan şəxslərin çox C vitamini istifadə etməməsi lazımdır. Həmçinin də, vitamin qəbul edənlər psixoloji cəhətdən sağlam olduqlarına inanırlar. Buna misal amerikalı alimlərin apardıqları tədqiqatdır. Tədqiqat zamanı alimlər 100 xəstəyə vitamin verdiklərini bildiriblər. Əslində isə, onlara heç bir vitamin verilmirdi. Bir müddət keçdikdən sonra xəstələrdən necə olduqları soruşulduqda, onlar yaxşılaşdıqlarını bildirirlər", - N.Axundzadə dedi.
Vitaminlər allergiyaya səbəb olur
Həkim məsləhəti olmadan vitaminlərin qəbulu olduqca təhlükəlidir. Bu haqda allerqoloq İlqar İsmayılov məlumat verdi. Onun sözlərinə əsasən, vitaminlərin əksəriyyəti orqanizmdə allergiyaya səbəb olur.
"Əslində allergiya orqanizmdən asılı olaraq fərqlənir. Kimdə isə vitamin qəbulu allergiya yarada bilər, kimdə isə heç bir reaksiya verməz. Bu, insan orqanizmindən asılıdır.
Lakin insanlar çox ehtiyatlı olmalıdırlar. Xüsusilə də, fəsil dəyişilən vaxt. Bir çoxumuz fəsil dəyişdikdə, zəiflədiyimizi düşünüb vitamin qəbul edirik. Qeyd edim ki, əksəriyyəti bunu həkimin məsləhəti olmadan edirlər. Bu isə təhlükəlidir. Bəzi hallarda allergiya insanı öldürə də bilər. Əgər vitamin qəbul edərkən allergiya yaratdığını görürsüzsə, dərhal dərman qəbulunu dayandırmaq lazımdı.
Ən çox allergiyaya səbəb olan vitamin isə, C vitaminidir. Bu vitamin bir çox şeyə xeyirlidir, lakin fəsadları da olduqca çoxdur", - İ.İsmayılov bildirdi.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре