Bakıda ev qiymətinə məzar daşları... - FOTO Day.Az представляет новость на азербайджанском языке.

Başdaşı biznesində sensasiya doğuran faktlar var; sexlər imkanlı şəxslərin monopoliyasına çevrilib; 50 min manata başdaşı hazırlanır...

Son vaxtlar cəmiyyətin əsas müzakirə mövzularından biri də toy və yas mərasimlərində yol verilən israfçılıqdır. Aidiyyəti qurumların bu məsələ ilə bağlı apardıqları təbliğat-təşviqat kampaniyasına cəmiyyətdə müxtəlif yanaşmalar var. Ağrılı məqamlardan biri də qəbir daşlarının qiymətidir.

Günbəgün məzar daşlarının qiyməti bahalaşır. Daşlarının qiyməti ölçüsünə, rənginə və işlənməsinə görə hətta fantastik məbləğə qədər artır. Qəbirin üstünün götürülməsi ölü sahiblərinin ən ciddi problemlərindən birinə çevrilib.

Bakının müxtəlif yerlərində yerləşən qəbristanlıqlarda müşahidə aparıb bu sahədəki vəziyyəti araşdırdıq.

Adının çəkilməsini istəməyən qəbristanlıq işçilərindən biri qəbir daşlarının qiyməti ilə bağlı sensasiya doğuran faktlar açıqladı: "Qəbir daşlarının qiymətini sadalayanda insanlar şoka düşürlər. Amma bunlar bir reallıqdır. Hazırda ən aşağı qiymət 3 min manatdır. Ardıcıllıqla 5, 10, 15, 20, 30, 40 və hətta 50 minə belə qəbir daşı satılır. Buna əsas səbəb xaricdən gətirilən qranit və mərmər daşlarının bahalaşmasıdır. Məlumdur ki, 50 minə qəbir sifariş edən imkanlı, dövlət idarələrində işləyən şəxslərdir. Kasıblar belə qiymətlərə yaxın düşə bilməzlər. Qəbir daşlarının üzərində olan əl işlərinə görə də qiymətlər artır. Daşa əlavə olunan istənilən əl işi qiymətə ciddi təsir edir. Belə daşları düzəldilən sexlərin hər biri şəxsidir. "Alatava"da "Dəvəli sexi" adlı bir yer var. Naxçıvanlı Vahab adlı şəxsə məxsusdur. Belə sexlər minlərlədir".

Qəbir daşlarının qiymətinin artması bölgələrdə daha çox narazılıq yaradıb. "Qafqazinfo" xəbər verir ki, Bərdə, Ağdam və Tərtər rayonlarından son 4 ayda qəbir daşı sexlərində qiymət artımı yaşanır və özəl qəbir sexlərində qiymətlər 20-25 faizə qədər qədər bahalaşıb.

Bununla bərabər bahalı daşlara da tələbat az deyil. Bərdənin Təbriz küçəsində yerləşən qəbristanlıq ərazisində fəaliyyət göstərən sexlərdə qara mərmərdən düzəldilən ən ucuz qəbir daşının qiyməti 1300 manatdan 2000 manata qədər dəyişə bilir. Əvvəllər bu qiymət 1000 və 1500 manat arasında dəyişirdi. Ağ mərmərdən olan qəbir daşı isə 500 manatdan 1000 manata hazırlanır. Rayonlarda fəaliyyət göstərən qəbir daşı sexlərdə daha çox Ukraynadan və İrandan qara qranitlərdən istifadə edilir.

Ağdamın Quzanlı qəsəbəsində fəaliyyət göstərən qəbir daşı sexində 1-ci növ 1 metr 60 sm İran qranitindən hazırlanan məzar daşının qiyməti 1800 manatdır. Daşın ölçüsü artdıqca qiymət də bahalaşır.

Yerli sakinlərin sözlərinə görə, orta təbəqənin nümayəndələri əsasən ağ mərmərdən olan 600 - 800 manat arası olan daşları sifariş edirlər. İmkanlı şəxslər isə 1500 manatdan başlayaraq 5 min manata qədər olan daşlara üstünlük verirlər.

Qəbir daşlarının bu qədər baha olması ilə bağlı dini ekspert Kənan Rövşənoğlunun fikirlərini aldıq. O yaranan bu halların İslam qanunlarına zidd olduğunu bildirdi: "Ümumiyyətlə, İslamda bu cür hallar düzgün deyil. Elə müsəlman ölkələri var ki, əsrlər keçdikdən sonra qəbrin yerində başqa adam dəfn edilir. Çünki qəbristanlıq şəhəri salmaq olmaz. İslama görə, qəbir daşları da sadə olmalıdır. Hazırda ölkəmizdə məzar daşlarının baha olması yolverilməzdir. Bunlar israfçılıqdan başqa bir şey deyil".

"Yeni Müsavat"

Böyütmək üçün şəkillərə klikləyin: