Azərbaycanda banan ağacı bar verdi

Day.Az представляет новость на азербайджанском языке

Xaçmaz rayonunun Müzəffarova kənd sakini Əhməd Babayev həyətyanı sahəsində tropik iqlim şəraitinə xas bitki olan banan yetişdirib.

Milli.Az Region TV-yə istinadən xəbər verir ki, banan 5 il bundan öncə əkilsə də, təsərrüfatçı ondan məhsul əldə edə bilməyib. Buna isə bananın gec gül açması və meyvənin soyuğun təsirindən məhv olması səbəb olub.

Bu il ağac vaxtında bar verdiyi üçün Əhməd Babayev ilk dəfə özü yetişdirdiyi banandan dadacağını deyib: "3-4 metr hündürlüyndə qalxıb. Meyvəsi də bu il tez verib. Güman edirəm ki, oktyabr ayında öz yerinə gələcək".

Banan ağacı ildə bir dəfə bar verir. Məhsul verdikdən sonra isə ağacın yaşıl kütləsi quruyur, növbəti il isə yeni zoğlar cücərir.

Əhməd Babayevin sözlərinə görə, bananın çəkisi də az deyil: "Xarici ölkələrə bananın bir darağı 50 kq-a yaxın olur. Bizdə də təxminən 20-25 kq-a yaxın olar".

Banan yerli iqlimə xas bitki olmadığına görə, o, xüsusi şəraitdə yetişdirilməlidir və daima qulluq göstərilməlidir. Bu da bir qədər çətindir: "Çoxlu su verilməlidir. Bir də ki, soyuqdan qorumaq lazımdır. Çiçək açdıqda isə, o çiçəklərin güllərində şirə olur. Həmin şirəyə də çoxlu qarışqa toplaşır. Buna icazə vermək olmaz. Yoxsa banan olmaz".

Təsərrüfatçı bu il yaxşı məhsul götürərsə, ağacların sayını artırmaq fikrindədir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.