Evi yananlara mənzil verildi
Day.Az представляет новость на азербайджанском языке:
May ayının 19-da Binəqədi rayonunda yanan bina sakinləri yaşayış yerlərilə təmin olunur. Binəqədi rayon İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarovanın ANS PRESS-ə verdiyi məlumata görə, həmin binadakı 10 ailə Goradil, Fatmayi və Bilgəhdə yaradılan pansionatlarda yerləşdirilib. Onun sözlərinə görə, bina sakinləri təklif olunan pansionatların uzaq məsafədə yerləşdiyini əsas gətirərək orada yaşamaqdan imtina ediblər. Bu səbəbdən də, onlara yaşadıqları əraziyə yaxın yerlərdə kirayə evlər təklif olunub.
"Hətta sakinlər təklif olunub ki, təkcə Binəqədi rayonunda deyil, istədikləri yerdə kirayə evlər tapa bilərlər. Kimin evi neçə otaqdırsa, həmin otaqların sayı qədər kirayə ev tuta bilərlər. Onların evlərini şəraiti də nəzərə alınıb", - deyə Nuridə Allahyarova bildirib.
Qurum rəsmisi bildirib ki, indiyə qədər 16 ailə kirayə evlə təmin olunub. Onlara yaşayış üçün bütün şərait yaradılıb.
Onun sözlərinə görə, kirayə evlərə təlabat artsa da, mənzil bazarında bahalaşma qeydə alınmayıb. Hətta yanan binanın sakinlərinə kirayə ev verilərkən güzəştlər də edilib.
"Əgər Azaqlıq Prospekti ərazisində 3-4 otaqlı evlərin aylıq kirayəsi 300-400 manatdırsa, yanan bina sakinlərinə 250-300 manata da verilir. Vətəndaşların özləri onlara kömək etmək istəyirlər", - deyə Nuridə Allahyarova bildirib.
Bakıda fəaliyyət göstərən makler də, mənzil bazarında kirayə evlərinin qiymətində artım olmadığını təsdiqləyir. Uzun müddət bu işlə məşğul olan Şöhlət Kərimovun ANS PRESS-ə verdiyi məlumata görə, kirayə evlərin qiymətində heç bir dəyişiklik edilməyib.
"Artıq dünəndən başlayaraq kirayə evləri soruşanların sayı artıq. Lakin bir ay bundan qabaqkı qiymətlər dəyişməyib. Əksinə, hamı çalışır ki, həmin insanlara kömək etsin. Biz də evi yanan insanlara pulsuz xidmət göstəririk. Həmişə də onlara kömək etməyə hazırıq".
Qeyd edək ki, yanan binada 56 ailə olub. 16 mərtəbəli binada 143 nəfər yaşayırdı. Faciə nəticəsində 15 nəfər ölüb.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре