Stress, əsəb ürəyi necə məhv edir?
Bir insan nə qədər uzun müddət gərgin, əsəbi, təşvişli dönəm keçirirsə, onun ürək, qan-damar, beyin və təzyiq xəstəlikləri bir o qədər erkən başlayıb xronikləşir.
3 ay əsəbi mühit kifayətdir ki, bir çox problemlər başlasın.
Gent.az xəbər verir ki, bəzən nevroloqlar yanlış olaraq depressiya, nevroz, panik atakın insanı öldürmədiyini deyib, xəstələri axrayın edirlər.
Bəli, panik atak, təşviş zamanı insanın ürəyi çırpınsa da, təzyiqi kəllə çarxa çıxsa da, bu tutmalar onu həmin an öldürmür. Amma bu hallar təkrarlandıqca sonda ürək dözmür.
Bəs nə baş verir ki, əsəb, təşviş ürəyi sıradan çıxarır?
Stress zamanı yuxu pozulur, bu da beynin yüklənməsinə, damarların sıxılmasına, lazımi hormon olan melotoninin sintezinin azalmasına səbəb olur.
Yuxusu pis olan insan pessimist, yorğun olur, iş qabiliyyəti aşağı düşür
Stress və təşviş zamanı baş ağrıyır, tənəffüs pozulur, döş qəfəsində spazmlar olur, həzm orqanlarının işi pozulur.
Ürək nevrozu, mədə nevrozu, bağırsaq nevrozu - yəqin ki, bunlar barədə eşitmisiniz.
Tədqiqatlar göstərib ki, ürəyin işemik xəstəliyi və infarktı olan xəstələrin 80%-də uzun müddətli depressiv vəziyyətlər, asteniya, panik ataklar olub.
Kəskin stress ürəyin ritmini pozur, aritmiya, stenokardiya başlayır.
Alimlər sübut edib ki, hətta ürəyi sağlam olan insan güclü stress, qorxu, itki keçirdikdən sonrakı 6 ayda ciddi ürək xəstəlikləri tutub.
Ən təhlükəlisi xroniki stresdir, yəni bitməyən stress. İnsan emosional durumuna nəzarəti bütünlüklə itirir, nevroz, əsəbi olması ilə barışır, bununla artıq mübarizə aparmır.
Stress, panik atak zamanı qana adrenalin və kortizol çox miqdarda sıçrayır ki, nəticədə ən xırda damarlardan tutmuş venalara kimi spazm və sıxılma baş verir. Damarlar sıxıldıqca qan keçiriciliyi azalır, pozulur, daralma və ya ateroskleroz baş verir.
Zamanla stress bütün qan dövranını yükləyir, ürəyə, beyinə, böyrəklərə normal qan axını baş vermir, gah artan, gah azalan təzyiq də damarlara düşən yükü artırır. Bununla da qan damarlarına bağlı beyin və ürək kimi orqanlar daim gərgin rejimdə çalışır və oksigensizlikdən əziyyət çəkir.
Ona görə də əsəbi insanların daha çox infarkt və insult olma riski yüksəlir.
Əgər sizin ürək sarıdan problemləriniz varsa, çox güman ki, əsəbləriniz də sakit deyil.
Nə etməli: stress faktorundan uzaqlaşmalı, bol səyahət etməli, mütləq ildə 2 ay tətilə çıxmalı, həmişə sakitləşdiricilər içməli. Əgər nevroz, panik atak və qorxularla baş edə bilmirsizsə, nevroloq, psixoloq, psixiatr yardımından istifadə etməlisiniz.(medicina.az)
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре