Litvada Zəfər Günü və Dövlət Bayrağı Günü qeyd edilib

Litva Respublikasının Klaypeda şəhərində 8 Noyabr - Zəfər Günü və 9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirilib. Milli Mədəniyyət Mərkəzində keçirilən tədbir Klaypeda şəhərində fəaliyyət göstərən "Azəris" Cəmiyyətinin təşkilatçılığı ilə baş tutub.

Day.Az xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Tədbirdə "Azəris" Cəmiyyətinin sədri Əliağa Məmmədov, Belarus Cəmiyyətinin sədri Nikolay Logvin, Tatar Cəmiyyətinin sədri İlfir Gibadulin iştirak edib.

Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsinin yad olunması ilə başlayıb.

 

"Azəris" Cəmiyyətinin sədri Əliağa Məmmədov Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun təbrikini Cəmiyyət üzvlərinə və qonaqlara çatdırıb. Qələbə yolunda keçilən çətinliklərdən, Vətən oğullarının qəhrəmanlıqlarından danışılıb.

Tədbirin aparıcıları Klaypeda həftəsonu məktəbinin müəllimləri Rəna Məmmədova və Səbinə Qurbanova Azərbaycan bayrağının yaranma tarixi, ona verilən önəm və 9 noyabr tarixinin "Bayraq Günü" kimi qeyd edilməsi haqqında iştirakçılara geniş məlumat verib.

Sonda Klaypeda həftəsonu məktəbinin şagirdlərinin ifasında konsert proqramı təqdim olunub.