Təhsil tələbə kreditlərinin verilməsi qaydası açıqlandı
Təhsil tələbə kreditlərinin verilməsi qaydası açıqlanıb.
Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, Təhsil tələbə kreditinin (TTK) sosial və standart növləri mövcuddur.
Sosial təhsil tələbə kreditindən yalnız sosial həssas təbəqəyə aid ailələrin üzvü olan tələbələr istifadə edə biləcəklər.
Aşağıdakı tələbələr təhsillərinin birinci tədris ilinin ilk semestrindən (yarımildən) sosial TTK-dən istifadə etmək hüququna malikdirlər:
Ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri;
3-cü dərəcə əlilliyi olanlar;
Hər iki valideyni (tək valideyni olduqda isə həmin şəxs) aşağıda qeyd olunan kateqoriyaların hər hansı birinə aid olanlar:
1-ci və ya 2-ci dərəcə əlilliyi olanlar;
İşsiz kimi qeydiyyatda olanlar;
Yaşa görə əmək pensiyası alanlar;
Yaşa görə sosial müavinət alanlar.
Sosial kredit almaq hüququ olmayan tələbələr isə təhsillərinin birinci tədris ilinin ilk semestrindən (yarımildən) etibarən standart kredit almaq hüququna malikdirlər:
Birinci tədris ilinin ilk semestri (yarımili) üçün tələbə qəbulu imtahanında toplanan ümumi balın Fondun Himayəçilik Şurası tərəfindən müəyyən edilən minimal həddindən yuxarı olanlar;
Digər semestrlər (yarımillər) üçün isə ÜOMG-si 71 bal və yuxarı olanlar (peşə təhsili müəssisələrində təhsilalanlara münasibətdə aralıq qiymətləndirmə balı 71 bal və yuxarı olanlar);
İllik təhsil haqqı xərcinin ən azı 20 faizini ödəyənlər.
Təhsil krediti hər tədris semestri (yarımili) üzrə yalnız bir dəfə və təhsilin normativ müddətində verilir.
TTK almaq hüququnu müəyyənləşdirən halların müraciətin qeydiyyata alındığı tarixdən sonra dəyişməsi həmin semestr üçün verilmiş kredit şərtlərini dəyişdirmir.
TTK üçün girov və zaminlik tələb olunmur.
Kreditlərin verilməsi Fondla müvəkkil bank arasında bağlanılacaq baş sazişə uyğun olaraq tələbələrlə bağlanılmış kredit müqavilələri əsasında təhsil müəssisələrinə köçürüləcək.
Təhsil tələbə kreditləri sığortalanır.
Təhsil tələbə krediti üzrə kreditin maksimal məbləğini və kredit faizlərini Fondun Himayəçilik Şurası təsdiq edəcək.
Təhsil tələbə krediti üzrə müraciətlərin edilməsi, qeydiyyatı, tələbənin statusunun və hüququnun müəyyən edilməsi və digər əməliyyatlar bu məqsədlə yaradılan elektron informasiya sistemi vasitəsi ilə həyata keçiriləcək.
TTK-nin verilməsindən imtina edilmiş şəxsin TTK almaq üçün növbəti semestrdə (yarımildə) təkrar müraciət etmək hüququ var.
Borcalanda TTK-nin qaytarılması öhdəliyi TTK-nin qaytarılma dövründə, yəni güzəşt dövründən sonra yaranır.
TTK almış, lakin təhsilini başa çatdırmamış və təhsil müəssisəsindən xaric olunmuş borcalana münasibətdə TTK-nin qaytarılması öhdəliyi bu halların təhsil müəssisəsi tərəfindən rəsmiləşdirildiyi gündən başlanır.
Güzəşt dövründə borcalanın əmək və ya sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu müəyyən edilərsə, tələbə kreditlərinin qaytarılması öhdəliyi bu fəaliyyətin başlandığı tarixdən yaranır.
TTK-nin qaytarılması dövründə aşağıdakı hallar baş verərsə, TTK-nin qaytarılmasına möhlət verilir və kredit müqaviləsinin müddəti həmin müddətə qədər uzadılır:
yuxarı təhsil səviyyəsində əyani təhsil;
həqiqi hərbi xidmət;
məhkumluq (4 ildən çox olmayaraq azadlıqdan məhrumetmə və ya azadlığın məhdudlaşdırılması);
işləyən borcalana münasibətdə hamiləliyə və doğuma görə və uşağının üç yaşı tamam olanadək ona qulluq etməkdən ötrü qismən ödənişli sosial məzuniyyətdə olduğu müddət;
sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara və I dərəcə əlilliyi olan şəxslərə qulluq müddəti.
TTK borcalanın özü və ya onun əvəzinə hər hansı bir şəxs (valideyni, qohumu, işəgötürəni və s.) tərəfindən qaytarıla bilər.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре