İlkin Süleymanovla bağlı YENİ XƏBƏR

Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə ittiham olunan İlkin Süleymanovun cinayət işi ilə bağlı kənd sakinləri Məhkəmə-Hüquq Şurasına müraciət edib.

Day.Az xəbər verir ki, Trend-in əldə etdiyi məlumata görə, kənd sakinləri İlkin Süleymanovun evinin qarşısına toplanıb, məsul şəxsləri işi xüsusi nəzarətə götürməyə çağırıblar.

Dondar Quşçu sakinləri Məhkəmə-Hüquq Şurasına, həmçinin Baş prokuror Kamran Əliyevə, Ali Məhkəmənin sədri İnam Kərimova müraciət edib, cinayəti İlkin Süleymanovun törətməsinə inanmadıqlarını deyiblər.

Onlar müvafiq qurumlardan İlkin Süleymanovun işinin yenidən araşdırılmasını xahiş ediblər.

Həmçinin oxuyun: İlkin Süleymanovun məhkəməsində ŞOK FAKTLAR - Nərminin paltarları eyni vaxtda iki fərqli qurumda necə ola bilər?

Qeyd edək ki, cinayət işi üzrə məhkəmədə prokuror İlkin Süleymanova 20 il həbs cəzası istəyib.

Xatırladaq ki, 2019-cu ilin noyabrın 19-dan itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini, 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan meyiti 2020-ci il yanvarın 6-da kənd ərazisində aşkar edilib. Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən cinayətin açılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu həbs olunub.

Həmçinin oxuyun: Hakim İlkin Süleymanova söz verdi - "Sənin barəndə ..."

İlkin Süleymanova qarşı Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələr ilə ittiham irəli sürülüb.