Parisin İrəvandakı hədəfləri

Müəllif: Elvin Səxavətoğlu

Xəbər verdiyimiz kimi, Fransa XİN rəhbəri Stefan Sejurne Birləşmiş Ştatların dövlət katibi Entoni Blinkenlə görüşdə Azərbaycan əleyhinə fikirlər səsləndirib. O bildirib ki, "Azərbaycanın Ermənistana qarşı ritorikası" Parisi narahat edir.

Azərbaycan XİN-nin cavabı gecikməyib.

Sitat: Fransa tərəfinin Azərbaycanı aqqressiv ritorikada təqsirləndirməsi qəbuledilməzdir. Fransa kimi ölkələrin son 30 ildə Ermənistanın təcavüzünü ört-basdır edən siyasətinin heç bir fayda vermədiyi hər kəsə aydın olmalıdır. Bununla, Fransa tərəfi anlamalıdır ki, onun tərəfindən həyata keçirilən bu kimi destruktiv fəaliyyətə nə qədər ki, son qoyulmayıb, bu həm Fransanın zərər görmüş imicinə, həm də hər vəchlə müdafiə etdiyi Ermənistana xeyir gətirməyəcək.

Parisin İrəvandakı hədəfləri

Fransan rəhbərliyini ilk dəfə deyil ki, Azərbaycana qarşı əsassız fikirlər səsləndirir. Vətən Müharibəsindən sonra dəfələrlə bu məqama şahidlik etmişik.

Aydındır ki, rəsmi Paris Azərbaycanla Ermənistan arasında vəziyyətin daim gərgin qalmasını istəyir. Çünki münasibətlər nə qədər gərgindirsə, Paris İrəvana "təhlükəsizliyin təhdid altındadır" mesajı verməklə Ermənistana tam yerləşmək istəyir.

Fransa ilk dəfə 2022-ci ilin 12-14 sentyabr gərginliyindən sonra planı işə salmışdı. Gərginlikdən sonra Ermənistanın təhlükəsizliyinə "təhdid var" görüntüsünü yaradaraq, Avropa İttifaqının mülki missiyasının Azərbaycanla sərhəddə yerləşdirilməsi şansını qazanmışdı.

Daha sonra müxtəlif bəhanələrlə mülki missiyanın tərkibinin genişləndirilməsinə, həmçinin Ermənistanda qalma müddətinin uzadılmasına nail olmuşdu.  

Həmin ssenari indi də davam edir. Fransa hazırda regionda gərginlik yaradacaq manevrlər etməklə, Ermənistanı silahlandırmaqla, Azərbaycana qarşı əsassız ittihamlar irəli sürməklə İrəvanda daha da möhkəmlənməyə çalışır.

Odda yanan Ermənistan olacaq 

Hadisələrin gedişi göstərir ki, Fransa Ermənistanda Afrika və Yaxın Şərqdə həyata keçirdiyi aqressiv kolonializasiya siyasətini davam etdirir. Yəni Ermənistan Fransanın yeni müstəmləkəsinə çevilməkdədir.

Rəsmi Paris İrəvanda möhkəmlənmək üçün cəhdlər göstərdiyi bir zamanda digər regionlarda rəqiblərinə müqavimət göstərə bilmir. Məsələn, Çin və Rusiya Fransanı Afrikadan sıxışdırır.

Həmçinin Fransa Yeni Kaledoniyanı da əlində saxlamaqda çətinlik çəkir.

Bu məsələdə də Fransanın əsas rəqibi Çindir. Pekin məsafə cəhətdən bölgəyə daha yaxındır. Bu səbəbdən adaya böyük sərmayə qoyur və yerli əhalini öz tərəfinə çəkməyi bacarır.

Azərbaycan da Yeni Kaledoniyadakı müstəqillik hərəkatına öz dəstəyini ifadə edir.

Adada Fransa idarəçiliyinə qarşı hər gün artan etirazlar, hadisələrin Parisin xeyirinə inkişaf etməyəcəyini göstərir.

Paris düşünür ki, digər müstəmləkələrində itirdiyi nüfuzu Cənubi Qafqazda kompensasiya edəcək. Amma proseslər göstərir ki, Fransanın neokolonializm siyasəti Cənubi Qafqazda da iflasa uğrayacaq.

Fransanın Ermənistana yerləşmək cəhdlərinin də nəticəsində hansı proseslərin baş verəcəyini, Rusiyanın bu prosesə necə müdaxilə edəcəyini indidən proqnozlaşdırmaq çətindir.

Ona görə də Fransanın öz maraqları üçün Ermənistandan istifadə etməsi Cənubi Qafqazda gərginliyi daha da artıra bilər. Fransa bölgədən çox uzaqdadır. Odda yanan Ermənistan olacaq.