PKK-nın özünü ləğvi Türkiyə və regiona nə qazandıracaq?

Müəllif: Fərid Zöhrabov

Mənbə: Trend

Kürdüstan Fəhlə Partiyası (PKK) buraxıldığını və Türkiyəyə qarşı silahlı mübarizəni dayandırdığını elan edib.

Məlumata əsasən, belə bir qərar partiyanın 5-7 may tarixlərində keçirilən 12-ci qurultayında qəbul olunub.

Qurultayın yekun bəyannaməsində qeyd olunur ki, qurultay PKK-nın təşkilati strukturunun buraxılması və silahlı mübarizəni dayandıraraq, PKK adı altında təşkilatın fəaliyyətinə son qoyulmasını qət edib.

Bəs PKK-nın özünü ləğvi Türkiyə və regiona nə qazandıracaq?

Kürdüstan Fəhlə Partiyası (PKK) uzun illər boyu Türkiyə və region ölkələri üçün təhlükə mənbəyi olub. Bu təşkilatın törətdiyi terror hadisələrində və silahlı münaqişələrdə, minlərlə insanın həyatına son qoyulub. Təşkilat müxtəlif dövrlərdə taktiki dəyişikliklər etsə də, əsas məqsədini dəyişməmişdi: Türkiyənin cənub-şərqində muxtar və ya müstəqil kürd dövləti yaratmaq.

Lakin son illərdə baş verən daxili və xarici təzyiqlər, hərbi uğursuzluqlar, liderlik böhranı və beynəlxalq arenada legitimlik itkiləri nəticəsində PKK rəhbərliyi özünü buraxmaq qərarına gəlib. Zaman-zaman Türkiyə Silahlı Qüvvələri və təhlükəsizlik orqanları tərəfindən həyata keçirilən "Pençe", "Zeytin Dalı", "Barış Pınarı" kimi əməliyyatlar PKK-nın həm dağlıq ərazilərdəki bazalarını, həm də şəhər hüceyrələrini zərərsizləşdirib.

İdeoloji parçalanma və daxili mübahisələr

PKK daxilində yeni nəsil ilə köhnə liderlər arasında fikir ayrılıqları, həmçinin, qadın və kişi döyüşçülər arasında qeyri-bərabər münasibətlər təşkilatda daxili gərginliyi artırıb.

Bir sıra beynəlxalq güclər PKK-nı rəsmi olaraq terror təşkilatı kimi tanıdıqları üçün təşkilatın xaricdəki maliyyə və logistika dəstəyi azalmışdı. Suriyada YPG və PYD vasitəsilə əldə etməyə çalışdıqları dəstək də ciddi məhdudiyyətlərlə üzləşib.

PKK-ya ictimai dəstək verənlər də, demək olar ki, yox səviyyəsinə çatmışdı.Region xalqları, xüsusilə də Türkiyə kürdləri artıq PKK-nın fəaliyyətlərini öz gələcəkləri üçün təhlükə kimi görür və silahlı mübarizədən çox, siyasi və sülh yolu ilə həll yollarını üstün tuturlar.

PKK-nın özünü buraxması yalnız Türkiyə üçün deyil, həm də Yaxın Şərq regionu üçün strateji nəticələr doğura bilər. Belə ki, xüsusilə Türkiyənin cənub-şərq bölgələrində təhlükəsizlik səviyyəsinin artması, iqtisadi və sosial inkişaf layihələrinin daha sürətli həyata keçirilməsinə şərait yaradacaq. Bu addım PKK-nın 40 ildən artıq davam edən silahlı mübarizəsinin sonlandırılması istiqamətində mühüm bir mərhələ kimi qiymətləndirilir. Türkiyə hökuməti və beynəlxalq ictimaiyyət bu qərarın sülh prosesinə töhfə verəcəyinə və bölgədəki sabitliyi artıracağına ümid edir.