Azərbaycan və Macarıstan arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib - Azər Qarayev

Azərbaycan və Macarıstan arasında münasibətlər son illərdə strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Hər iki ölkənin rəhbərləri - Prezident İlham Əliyev və Baş nazir Viktor Orban arasında qurulmuş şəxsi dostluq və qarşılıqlı etimad bu münasibətlərin inkişafına mühüm töhfə verir. İki ölkə yalnız ikitərəfli çərçivədə deyil, həm də beynəlxalq təşkilatlar və çoxtərəfli platformalarda bir-birini daim dəstəkləyir.
Bunu Trend-ə açıqlamasında politoloq Azər Qarayev deyib.
"Azərbaycan və Macarıstan arasında siyasi əlaqələr hazırda olduqca yüksək səviyyədədir. Prezident İlham Əliyev və Baş nazir Viktor Orban arasında mütəmadi dialoq və səfərlər bu əlaqələrin dərinləşməsini təmin edir. Mayın 20-də Prezident İlham Əliyevin Budapeştə səfəri, səfər çərçivəsində keçirilən görüşlər bunun bariz göstəricisidir.
Mətbuata bəyanatlarla çıxış zamanı Viktor Orban haqlı olaraq Prezident İlham Əliyevi Macarıstanın köhnə dostu adlandırdı: "Dost dar gündə tanınar və artıq 20 ildən çoxdur ki, Macarıstanın qarşılaşdığı istənilən sahədə - diplomatiyada, neft-qaz sənayesində və digər sahələrdə üzləşdiyi istənilən çətinlik zamanı həmişə Prezident Əliyev bizim yanımızda olub". Prezident İlham Əliyev də, öz mövbəsində, ölkələrimizin dost, strateki tərəfdaş olduğunu vurğuladı: "Bu gün danışıqlar və məhdud tərkibdə keçirilmiş görüş zamanı bir daha gördük ki, bir çox məsələlər üzrə mövqeyimiz üst-üstə düşür. Bu gün dəyişən dünyada gedən proseslərə nəzər saldıqda, yenə də mövqelərimizdə elə bir böyük fərq yoxdur. Azərbaycanla Macarıstan arasında bir çox oxşarlıqlar var". Yəni bu, həm Azərbaycanın Macarıstanla, həm də Macarıstanın Azərbaycanla münasibətlərə necə dəyər verdiyini göstərir", - A.Qarayev bildirib.
Politoloq vurğulayıb ki, Macarıstan dəfələrlə beynəlxalq strukturlarda, xüsusilə də Avropa İttifaqı və Avropa Parlamenti çərçivəsində Azərbaycan əleyhinə olan birtərəfli və qərəzli sənədlərə qarşı çıxaraq, onlara veto qoyub: "Budapeşt Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə həmişə birmənalı dəstək ifadə edib. Eyni şəkildə, Azərbaycan da Macarıstanın beynəlxalq təşəbbüslərini dəstəkləyir və onunla həmrəy davranır".
A.Qarayev qeyd edib ki, Azərbaycan və Macarıstan arasında iqtisadi əməkdaşlıq da yüksələn xətlə inkişaf edir.
"Xüsusilə enerji sahəsində strateji əməkdaşlıq qurulub. Macarıstan Azərbaycanın təbii qazını idxal edən ilk Avropa ölkələrindən biridir və bu, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Bakının rolunu bir daha önə çıxarır. Azərbaycanın "Yaşıl Enerji" strategiyası çərçivəsində Macarıstan şirkətləri ilə əməkdaşlıq imkanları genişlənməkdədir. İki ölkə arasında sənaye, kənd təsərrüfatı, informasiya texnologiyaları, əczaçılıq və nəqliyyat sahələrində birgə layihələr üzrə danışıqlar aparılır. Azərbaycan özəl sektoru üçün Macarıstan bazarı cəlbedici olduğu kimi, macar investorlar da Azərbaycan iqtisadiyyatına maraq göstərirlər", - o bildirib.
Onun sözlərinə görə, Macarıstan 2018-ci ildən etibarən Türk Dövlətləri Təşkilatının müşahidəçi üzvüdür və bu platformada da Azərbaycanla sıx əməkdaşlıq edir.
"Macarıstanın TDT-də fəallığı onun türkdilli ölkələrlə münasibətləri strateji səviyyəyə çatdırmaq istəyindən xəbər verir. Azərbaycan Macarıstanın bu platformadakı rolunu yüksək qiymətləndirir və onun fəaliyyətinə hər zaman dəstək verir. Macarıstanın təşəbbüsü ilə bu gün ikinci qeyri-rəsmi Zirvə görüşünün keçirilməsi də bu ölkənin türkdilli dövlətlərlə münasibətlərə verdiyi önəmin sübutudur. Prezident İlham Əliyevin dediyi kimi, bu, bir daha onu göstərir ki, Macarıstan öz tarixi köklərinə çox bağlıdır", - o qeyd edib.
Yekunda A.Qarayev bildirib ki, Azərbaycan və Macarıstan arasında əlaqələr dostluq və qarşılıqlı maraqlar əsasında qurulub.
"Siyasi dialoq, iqtisadi əməkdaşlıq, mədəni və humanitar sahələrdə tərəfdaşlıq, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində bir-birinə verilən dəstək bu münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəldib. Prezident İlham Əliyevin Macarıstana son səfəri və TDT Zirvə görüşündə iştirakı bu münasibətlərin daha da dərinləşəcəyinə işarədir. Azərbaycan və Macarıstan bir-birinə etibarlı tərəfdaş olaraq yanaşır və bu əməkdaşlıq yalnız iki ölkə üçün deyil, eyni zamanda, regionda və Avropada sabitlik və inkişaf baxımından da önəm daşıyır", - o bildirib.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре