Azərbaycan diplomatiyasının parlaq və tarixi qələbəsi

Müəllif: Milli Məclisin deputatı, Xanlar Fətiyev

Torpaqlarımızın işğaldan azad edilməsinin, ərazilərimizdə erməni separatizminə son qoyulmasının müəllifi olan cənab Prezident İlham Əliyev Azərbaycanın növbəti möhtəşəm uğuruna imza atdı. Dövlətimizin başçısının, ABŞ Prezidentinin və Ermənistanın baş nazirinin Vaşinqtonda keçirdikləri görüşün nəticələrinə dair imzaladıqları Birgə Bəyannamə sülhə gedən yolda irəliyə doğru atılan mühüm addım olmaqla, Azərbaycan diplomatiyasının parlaq qələbəsi kimi tarixə düşdü.

Öncə onu qeyd etmək istərdim ki, ABŞ vaxtı ilə avqustun 8-də keçirilən bu görüş çərçivəsində Azərbaycan və Ermənistanın xarici işlər nazirləri tərəfindən "Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair Saziş"in layihəsi paraflandı. O cümlədən iki ölkənin xarici işlər nazirləri tərəfindən ATƏT-in Minsk qrupunun və onunla əlaqəli strukturların bağlanması barədə ATƏT-in fəaliyyətdə olan sədrinə birgə müraciət imzalandı. Məlum olduğu kimi Azərbaycan ərazilərinin işğaldan azad edilməsindən sonra fəaliyyətini dayandırmış Minsk qrupunun hüquqi baxımdan da ləğvi Azərbaycanın sülh sazişinin imzalanması müstəvisində irəli sürdüyü iki fundamental şərtdən biridir. Bu baxımdan Vaşinqtonda bununla bağlı iki ölkə arasında razılığın əldə olunması və ATƏT-in fəaliyyətdə olan sədrinə birgə müraciətin edilməsi ilə sülhə gedən yolda olan əsas manelərin biri aradan qaldırılır. Minsk qrupunun rəsmən ləğv edilməsi keçmiş "Dağlıq Qarabağ" münaqişəsinin "sənədli-sübutlu" tamamilə bağlanması deməkdir. Bu, Azərbaycan üçün tarixi uğurdur.

Birgə Bəyannamədə bu məsələlər, habelə Azərbaycanla Ermənistan arasında sülhün təmin olunması və dövlətlərarası münasibətlərin yaradılmasında qarşıda duran və yerinə yetirilməsi vacib olan fundamental vəzifələr yer alıb. ATƏT-in bütün iştirakçı dövlətlərini ATƏT-in fəaliyyətdə olan sədrinə edilən müraciəti qəbul etməyə çağıran Birgə Bəyannamənin müəllifləri həmçinin, regionda və onun qonşuluğunda dövlətlərin suverenliyi, ərazi bütövlüyü və yurisdiksiyasına hörmət əsasında sülhün, sabitliyin və rifahın təşviqi üçün iki ölkə arasında ölkədaxili, ikitərəfli və beynəlxalq nəqliyyatın təmini məqsədilə kommunikasiyaların açılmasının əhəmiyyətini bir daha təsdiq etdilər. Bununla da Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantınının yaradılmasını Ermənistan öz üzərinə konkret hüquqi öhdəlik olaraq götürdü.

Təxminən 5 ilə yaxın müddət ərzində Ermənistan kommunikasiyaların açılmasını yubatsa da, "Sülh kəsişməsi" adlı utopik təşəbbüs irəli sürərək avantüra ilə məşğul olsa da, Azərbaycan ən böyük tarixi məqsədlərindən birini - Zəngəzur dəhlizinin açılmasını təmin etdi. "Tramp yolu" adlanmasına baxmayaraq, aydın məsələdir ki, söhbət Zəngəzur dəhlizindən gedir və və Azərbaycan ilk gündən Naxçıvanla bağlı təkid etdiyi maneəsiz gediş-gəlişə nail olur.

Vaşinqtonda sülh sazişinin layihəsinin paraflanması, Minsk qrupunun ləğvinə dair birgə müraciətin edilməsi, kommunikasiyaların açılmasına dair razılığın əldə olunması Azərbaycanın bir neçə ildir ki, həyata keçirilməsinə çalışdığı məsələlərdir. Hansı ki, bunlar 44 günlük müharibədən sonra rəsmi Bakının Ermənistana təqdim etdiyi sülh prinsiplərində də öz əksini tapıb. Bu baxımdan Vaşinqtonda əldə olunan bütün razılaşmalar Azərbaycanın İkinci Qarabağ savaşından dərhal sonra bəyan etdiyi sülh niyyətinin və sülh uğrunda irəli sürdüyü şərtlərin həyata vəsiqə almasının bariz ifadəsidir. Vaşinqton görüşünün nəticələri həm də onu göstərir ki, Prezident İlham Əliyevin sülh uğrunda qətiyyətli addımlarının və mövqeyinin nəticəsi olaraq Ermənistan Azərbaycanın şərtlərini qəbul etdi. Sülh sazişinin paraflanması ilə Azərbaycan həm də beynəlxalq müstəvidə antiazərbaycançı siyasi dairələri, xüsusən "Azərbaycan Zəngəzuru tutacaq" deyib gecə-gündüz ölkəmizə iftira yağdıranların əlini-qolunu bağladı, onların arqumentlərini əllərindən aldı, beynəlxalq imicini daha da yaxşılaşdırdı.

Vaşinqton görüşünün nəticələri Prezident İlham Əliyevin - dahi siyasət qrosmeysterinin sülhə gedən yolda qələbə ilə başa vurduğu növbəti uğurlu partiyadır. Müzəffər Ali Baş Komandan əvvəlcə sərkərdə qətiyyəti ilə torpaqlarımızı işğaldan azad etdi. Bu zəfərin davamı kimi Qarabağdakı erməni separatizminə son qoydu, Qazax rayonunun işğal altında qalan 4 kəndini geri aldı, bütün ərazilərimiz üzərində milli suverenliyimizi təmin etdi, Ermənistanla dövlət sərhədinin demarkasiya və delimitasiyasını başlatdı. Bu gün isə Azərbaycan 5 ilə yaxındır ki, sülh prosesindən müxtəlif bəhanələrlə yayınan Ermənistanı sülh sazişinin mətni ilə razılaşmağa və digər şərtləri yerinə yetirməyə məcbur edir. Bununla da müharibədə qalib gəlmiş Prezident İlham Əliyev həm də sülhü qazandı. Respublikamızın bütün milli maraq və mənafelərini qətiyyətlə, təmkinlə və ardıcıllıqla təmin edən Müzəffər Prezidentimizin liderliyi ilə yekun sülh sazişinin imzalanacağı tarix də uzaqda deyil.

Prezident İlham Əliyev Ağ Evdə mətbuata bəyanatla çıxışında bununla bağlı deyib:
"Bu gün həqiqətən də tarixi bir gündür. Bu gün biz Cənubi Qafqazda sülhü bərqərar edirik. Bu, nəinki bizim bölgəmiz, eyni zamanda, bütün dünya üçün böyük bir imkandır. Beləliklə, həqiqətən də məhz Tramp rifah və sülh marşrutu rabitə, əlaqələr baxımından divarları yox edəcək, əlaqələr yaradacaq və bir sıra ölkələr üçün investisiya, sərmayə, sabitlik və rifah baxımından böyük imkanlar açacaqdır".

Prezident İlham Əliyevin Vaşinqtona işgüzar səfəri Azərbaycan-ABŞ münasibətlərinin canlandırılması və yeni keyfiyyət mərhələsinə yüksəldilməsi baxımından da tarixi əhəmiyyət kəsb etdi. ABŞ-nin əvvəlki rəhbərliyinin dövründə Azərbaycana göstərilən düşmən münasibətə görə iki dövlət arasındakı əlaqələr ciddi şəkildə zədələnmişdi. Bayden-Blinken administrasiyası Azərbaycana beynəlxalq səviyyədə qara yaxmaq və gözdən salmaq üçün bütün riyakarlıqlara əl atır, respublikamızı Ermənistana hücuma cəhddə ittiham edirdi. Hətta antiterror tədbirlərindən sonra Azərbaycandan ABŞ-yə rəsmi nümayəndə heyətlərinin səfərlərini təxirə salmış, ölkəmizə qarşı sanksiyalar barədə düşünməyə başlamışdılar. Lakin Azərbaycan bütün bu təzyiq cəhdlərinin qarşısında öz milli maraqlarından bir addım belə geri çəkilmədi, ləyaqli siyasət yürütdü.

Bu gün isə Azərbaycan-ABŞ münasibətlərində tamamilə yeni dövr başlayır. Prezident İlham Əliyevin səfəri zamanı imzalanmış "Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları arasında strateji tərəfdaşlığa dair xartiyanın inkişaf etdirilməsi məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumu" buna əyani sübutdur. İki dövlətin strateji tərəfdaşlığı enerji, ticarət və tranzitin də daxil olduğu regional bağlantıları, süni intellekt və rəqəmsal infrasturukturun da daxil olduğu iqtisadi sərmayəni və təhlükəsizlik sahəsində əməkdaşlığı əhatə edəcək.

Prezident İlham Əliyevlə Donald Tramp arasında qurulmuş uğurlu əməkdaşlığın nəticəsi olaraq bu səfər çərçivəsində ABŞ Prezidenti tərəfindən "Azadlığı Müdafiə Aktı"na 907 saylı düzəlişin icrasını dayandıran sənədin imzalanması isə respublikamızın milli maraqlarının təmin olunması baxımından Azərbaycanın mühüm siyasi uğuru oldu.

"Ədalətsiz 907-ci düzəlişin ləğv edilməsi, bunun məhz ofisdə mənim iştirakımla baş tutması, əlbəttə ki, çox rəmzi xarakter daşıyır" - deyə Prezident İlham Əliyev Vaşinqtonda Azərbaycan mətbuatına müsahibəsində deyib.

Müsahibəsində Vaşinqtona səfərin nəticələrindən çox məmnun qaldığını vurğulayan dövlətimizin başçısı əmin olduğunu bildirib ki, bu səfərin konkret nəticələri yaxın gələcəkdə özünü büruzə verəcək. Bütövlükdə, Prezident İlham Əliyevin Vaşinqtona səfəri Azərbaycanın milli maraqlarının təmin olunması baxımından tarixi siyasi hadisəyə çevrildi. Bu səfər həm də onu növbəti dəfə təsdiqlədi ki, Ulu Öndər Heydər Əliyevin ideyaları, Müzəffər Prezidentimiz İlham Əliyevin qətiyyətli və müdrik siyasəti ilə Azərbaycan öz tarixinin ən qüdrətli dövrünü yaşayır, dövlətçilik salnaməsini yeni uğurlarla zənginləşdirir.