Mərkəzi Bank Azərbaycanın inflyasiya proqnozlarını yeniləyib

İyul proqnozlarına əsasən 2025 və 2026-cı illərdə illik inflyasiyanın hədəf diapazonu daxilində (4±2%) qalacağı proqnozlaşdırılır.
Day.Az AMB-yə istinadən xəbər verir ki, iyul proqnozuna görə inflyasiya 2025-ci ildə 5.7% təşkil edəcək.
Bildirilib ki, 2025-ci ilin illik inflyasiya proqnozuna dövlət istehlakı 0.50 faiz bəndi, ev təsərrüfatlarının istehlakı 1.26 faiz bəndi, kənd təsərrüfatı istehsalçıları qiymətləri (KİQİ) 3.17 faiz bəndi, ticarət tərəfdaşlarında inflyasiya 2.78 faiz bəndi artırıcı təsir edəcək. NEM-in -0.70 faiz bəndi və digər amillərin -1.31 faiz bəndi azaldıcı töhfəsi gözlənilir.
Qeyd edilib ki, iyul proqnozuna əsasən 2026-cı ilə inflyasiyanın 5.3% təşkil edəcəyi gözlənilir.
"2026-cı ilə proqnozlaşdırılan illik inflyasiyaya dövlət istehlakı 0.35 faiz bəndi, ev təsərrüfatlarının istehlakı 1.28 faiz bəndi, KİQİ 2.23 faiz bəndi, ticarət tərəfdaşlarında inflyasiya 1.92 faiz bəndi və digər amillər 1.80 faiz bəndi artırıcı, NEM isə -2.27 faiz bəndi azaldıcı təsir edəcək. Proqnozların reallaşması bir sıra xarici və daxili amillərin dəyişimindən asılı olacaq", - məlumatda vurğulanıb.
"Qlobal iqtisadiyyatda geosiyasi gərginliyin yüksək qalması, qlobal fraqmentasiya şəraitində mühüm ticarət marşrutlarında yaranan maneələr və qeyri-müəyyənliyin davam etməsi əmtəə qiymətlərinin yüksəlməsinə və qlobal inflyasiya proseslərinin sürətlənməsi fonunda idxal inflyasiyası vasitəsilə ölkədaxili inflyasiyaya artırıcı təsir göstərməsinə səbəb ola bilər. Eyni zamanda, qlobal iqlim dəyişiklikləri məhsuldarlığa və qlobal ərzaq istehsalına təsir edə bilər. Daxili faktorlardan inflyasiyanı artıra biləcək başlıca risk isə yerli xərc amillərinin və məcmu tələbin izafi artımı ilə əlaqədardır", - məlumatda bildirilib.
Vurğulanıb ki, potensial riskləri nəzərə alaraq ortamüddətli dövrdə büdcə xərclərinin və kreditqoyuluşlarının inflyasiyaya təsirləri xüsusi diqqətdə saxlanılmalıdır.
2025-ci ilin I yarımilliyində inflyasiya gözləntiləri sektorlar üzrə fərqli istiqamətlərdə dəyişib. Mərkəzi Bank tərəfindən həyata keçirilən real sektorun monitorinqinin nəticələrinə əsasən ötən ilin müvafiq dövrünə nisbətən sahələr üzrə gözləntilərdə azalma qeydə alınıb.
Sənaye və xidmət sektorları üzrə növbəti 3 aylıq dövrdəki qiymət gözləntiləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfəyə yaxın azalıb. Tikinti sektorunda cüzi azalma qeydə alınıb. Ticarət sektoru üzrə göstəricilər isə azalmaqla bərabər mənfi zonada qalmağa davam edib. Sənaye sektorunda qiymət indeksi iyun ayında 0.94 (ötən ilin müvafiq dövrü 1.85), ticarətdə -5.13 (ötən ilin müvafiq dövrü -2.89), tikintidə 3.15 (ötən ilin müvafiq dövrü 3.59), xidmət sektorunda isə 10.95 (ötən ilin müvafiq dövrü 19.63) olub.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре