Niderlandda Üzeyir Hacıbəylinin 140 illik yubileyi qeyd olunub

Niderlandda dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin 140 illik yubileyi və Milli Musiqi Günü böyük təntənə ilə qeyd edilib. Bu münasibətlə Haaqa şəhərində yerləşən "Theater de Vaillant" teatrının səhnəsində Azərbaycan musiqisinin incisi - "Leyli və Məcnun" operası nümayiş olunub.

Azərbaycanın Niderlanddakı Səfirliyindən Day.Az-a verilən məlumata görə, tədbir Azərbaycan-Niderland Odlar Yurdu Cəmiyyətinin təşkilatçılığı və Azərbaycan Respublikasının Diasporla iş üzrə Dövlət Komitəsinin dəstəyi ilə gerçəkləşib.

Rəsmi hissədə Azərbaycanın dövlət himni səsləndirilib, torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Azərbaycanın Niderlanddakı səfiri Məmməd Əhmədzadə Azərbaycan bəstəkarlıq məktəbinin banisi Üzeyir Hacıbəylinin çoxşaxəli yaradıcılığı ilə Azərbaycan mədəniyyəti tarixindəki rolu, o cümlədən Şərqin və Qərbin musiqi nailiyyətlərinin dərin vəhdətində yaratdığı nadir sənət inciləri və Azərbaycan musiqisini dünyada tanıtması, azərbaycançılıq məfkurəsinə dəyərli töhfələri barədə danışıb. Üzeyir Hacıbəylinin Azərbaycan mədəniyyətinin paytaxtı olan Şuşada anadan olduğunu deyən diplomat yubiley tədbirlərinin məhz azad edilmiş Şuşa və Qarabağda keçirilməsinin mühüm tarixi və mənəvi əhəmiyyət daşıdığını və həm dahi bəstəkarın ruhuna ehtiram, həm də qayıdışımızın rəmzi olduğunu deyib.

Daha sonra çıxış edən Azərbaycan-Niderland Odlar Yurdu Cəmiyyətinin sədri, musiqiçi Frəngiz Bağırova "Leyli və Məcnun" operasının tarixi əhəmiyyəti, onun yaranma prosesi və ilk ifaçıları barədə məlumat verib. O bildirib ki, bu opera təkcə Azərbaycanın deyil, bütün Şərq aləminin ilk operası kimi musiqi tarixində silinməz iz qoyub. Əsərin zəngin folklor materialı, xüsusilə muğamlar və xalq mahnıları əsasında yazıldığı, xalq musiqisi ilə Qərb musiqisinin uğurlu sintezi nəticəsində muğam-opera janrının əsasını qoyduğunu deyib. F.Bağırova əlavə edib ki, "Leyli və Məcnun" operası zamanla Azərbaycanın mədəni irsinin parlaq nümunəsinə çevrilib, ölkəmizdə və dünyanın müxtəlif ölkələrində dəfələrlə səhnələşdirilib və 2008-ci ildə YUNESKO tərəfindən bəşəri əhəmiyyətli yubiley kimi qeyd olunub.

Tədbirin bədii hissəsində, Niderland və Almaniyada yaşayan azərbaycanlı xanəndə və musiqiçilərin ifasında "Leyli və Məcnun" operasından seçilmiş parçalar təqdim olunub. Leyli obrazını Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti Vüsalə Cabir, Məcnun obrazını isə istedadlı sənətçi Nəhmətəğa Əliyev ifa ediblər. Tarda Cavid Səlimov, pianoda isə Səbinə Məmmədova çıxış edərək tamaşaya musiqi müşayiəti veriblər.

İfalar tamaşaçılar tərəfindən böyük maraq və alqışla qarşılanıb. Sonda səfir M.Əhmədzadə bu möhtəşəm musiqi gecəsinin ərsəyə gəlməsində göstərdiyi zəhmətə görə F.Bağırovaya, səhnədə sənətsevərlərə unudulmaz anlar yaşadan ifaçılara və musiqiçilərə təşəkkürünü çatdırıb. Xanəndələr və musiqiçilərə xüsusi təşəkkürnamələr təqdim olunub.

Tədbir, Azərbaycan mədəni irsinin Niderland ictimaiyyətinə tanıdılması ilə yanaşı, musiqi vasitəsilə xalqlar arasında mədəni dialoqun və qarşılıqlı anlaşmanın möhkəmlənməsinə töhfə verib.