Köhnə binalardan mənzil almaq istəyənlərin NƏZƏRİNƏ! - Bunu bilməlisiniz
Azərbaycanda "ƏDV geri al" layihəsinin əhatə dairəsi hər il genişləndirilir.
Fiziki şəxslər mağazalardan və ictimai iaşə obyektlərindən aldıqları mallara görə ödədikləri ƏDV-nin bir hissəsini geri ala bilirlər (neft və qaz məhsulları, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla). Həmçinin teatr tamaşaları, film nümayişləri, muzey ziyarətləri, simfonik orkestr konsertləri kimi mədəni fəaliyyətlər üzrə ödənilmiş ƏDV-nin 50 faizi geri qaytarılır. Bundan əlavə, tibb müəssisələrində və özəl tibbi praktika üzrə göstərilən xidmətlərə görə ödənilmiş ƏDV də istehlakçılara geri qaytarılır.
Bu mexanizm mənzil bazarında da tətbiq olunur.
Lakin bu sahədə müəyyən istisnalar mövcuddur. Vətəndaşlardan biri saytımıza müraciət edərək bildirib ki, köhnə binada mənzil alıb, lakin ona ƏDV geri qaytarılmayıb.
Bu isə sual yaradır: "ƏDV geri al" mexanizmi mənzil satışı bazarında necə tənzimlənir? Bu mexanizm köhnə tikililərə şamil edilmir?
İqtisadçı ekspert Eldəniz Əmirov Day.Az-a açıqlamasında əvvəlcə "ƏDV geri al" layihəsinin mahiyyəti barədə danışıb.

O bildirib ki, ilk növbədə "ƏDV geri al" layihəsinin mahiyyəti düzgün anlaşıldıqda, bu mexanizmin hansı ödənişlərə və hansı sahələrə tətbiq edildiyi də aydın olur.
"Layihənin əsas məqsədi ödənişlərin uçotunun və şəffaflığının təmin edilməsində problem olan sahələri nəzarət altına almaqdır. Məhz bu səbəbdən, şəffaflıq baxımından riskli hesab edilən istiqamətlər "ƏDV geri al" layihəsinin əhatə dairəsinə daxil edilir. Bu mexanizmin üstünlüyü ondadır ki, prosesdə istehlakçı - yəni vətəndaş - maraqlı tərəfə çevrilir.
İqtisadçı deyib ki, vətəndaş ƏDV-nin bir hissəsini geri almaq üçün ödənişlərin rəsmi şəkildə aparılmasında maraqlı olur.
"Dövlət isə bu yolla uçotun və vergi intizamının gücləndirilməsinə nail olur. Beləliklə, hökumət, biznes və vətəndaş arasında qarşılıqlı maraq balansı formalaşır. Vətəndaş prosesdə aktiv iştirak etdiyi üçün ona ödənilmiş ƏDV-nin müəyyən hissəsi geri qaytarılır. Bu baxımdan "ƏDV geri al" mexanizmi son illərdə Azərbaycanın həyata keçirdiyi ən uğurlu və innovativ iqtisadi layihələrdən biri hesab olunur."

Bəs bu mexanizm niyə köhnə tikililərə tətbiq olunmur?
Eldəniz Cəfərov bildirib ki, köhnə tikililər adətən bir neçə dəfə alqı-satqıya məruz qalır.
"Bu müddət ərzində həmin daşınmaz əmlakın uçotu, qeydiyyatı və hüquqi sənədləri artıq formalaşmış olur. Mülkiyyət bir şəxsdən digərinə keçdikdə dövlət qeydiyyatı aparılır və müvafiq uçot mexanizmləri işə düşür. Yəni bu sahədə şəffaflıq problemi nisbətən azdır. Yeni tikililərdə isə vəziyyət fərqlidir. Keçmişdə bu sahədə sənədsiz satışlar, qeyri-rəsmi ödənişlər və şəffaf olmayan dövriyyə halları daha çox müşahidə olunurdu. Məhz bu neqativ halların qarşısını almaq, ödənişləri rəsmi müstəviyə çıxarmaq və vergi uçotunu təmin etmək məqsədilə "ƏDV geri al" mexanizmi yeni tikililərə tətbiq olunmağa başlanıb."
Elvin Səxavətoğlu
Day.Az
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре