Azərbaycanın sədrliyi dövründə APA-nın tərkibi genişlənib

Azərbaycan Respublikasının Milli Məclisinin Asiya Parlament Assambleyasına sədrliyi dövründə ölkəmiz Assambleya çərçivəsində əməkdaşlığın və dialoqun dərinləşdirilməsi istiqamətində fəal səylər göstərib.

Day.Az xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Bəhreyn Krallığında keçirilən Asiya Parlament Assambleyasının 16-cı plenar sessiyasında çıxışı zamanı ölkəmizin sədrliyi dövründə əldə olunan nailiyyətlər barədə danışarkən deyib.

Onun sözlərinə görə, cari ildə APA-nın yaradılmasının 20-ci ildönümünün qeyd edildiyi bir məqamda Assambleya artıq konstruktiv dialoq və həmrəylik üçün mühüm çoxtərəfli təsisata çevrilib.

Spiker Sahibə Qafarova Azərbaycanın sədrliyi dövründə təşkilatın tərkibinin genişləndiyini qeyd edib. O, bu dövrdə institusional inkişaf məsələlərinə xüsusi diqqət yetirildiyini, Büro iclaslarının yenidən keçirilməyə başlandığını və onların Daimi komitələrin iclasları çərçivəsində keçirildiyini diqqətə çatdırıb.

Bildirilib ki, bu öz növbəsində təşkilatın gündəliyindəki məsələləri daha operativ şəkildə nəzərdən keçirməyə və müzakirə etməyə imkan verir. Bununla yanaşı, Assambleyanın fəaliyyətini gücləndirəcək yeni mexanizmlərin yaradılmasına böyük diqqət yetirildiyi, o cümlədən Azərbaycan tərəfindən Qadınlar üzrə Komissiyanın təsis edilməsi təşəbbüsünün irəli sürüldüyü vurğulanıb.

Həmçinin bildirilib ki, sədrliyimiz dövründə APA-nın büdcəsinin formalaşdırılmasına dair qərar üzrə konsensus əldə edilib ki, bu da Assambleyanın imkanlarının genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.