"Qafqazda ilk ürək transplantasiyası: Azərbaycan səhiyyəsinin tarixi nailiyyəti və gələcək perspektivlər" mövzusunda dəyirmi masa keçirilib - FOTO
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin birgə təşkilatçılığı ilə "Qafqazda ilk ürək transplantasiyası: Azərbaycan səhiyyəsinin tarixi nailiyyəti və gələcək perspektivlər" mövzusunda dəyirmi masa keçirilib.
Trend xəbər verir ki, dəyirmi masada aidiyyəti qurumların və səhiyyə mütəxəssislərinin iştirakı ilə ilk transplantasiya əməliyyatının elmi-praktiki əhəmiyyəti və gələcək perspektivləri müzakirə edilib.
Tədbir çərçivəsində Milli Məclisin səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, səhiyyə nazirinin müavini Nadir Zeynalov, Orqan donorluğu və Transplantasiyası üzrə Koorsinasiya Mərkəzinin sədri Yeganə Abbasova və digər rəsmilər çıxış ediblər.
Açılış nitqini edən Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov bildirib ki, Azərbaycanda ürək transplantasiyasına ehtiyacı olan insan sayı çoxdur: "Bu mövzuda əsas məsələ donorun tapılmasıdır. Azərbaycanda ilk ürək transplantasiyası həyata keçiriləndən sonra ürək donoru olmaq istəyənlərin sayında artım gördük".
Daha sonra səhiyyə nazirinin müavini Nadir Zeynalov çıxış edərək bildirib ki, trasplantasiya əməliyyatlarının icbari sığorta ilə qarşılanması sıçrayış yaradıb:
"Meyitdən orqanların köçürülməsi üçün ardıcıl tədbirlər həyata keçirilir. Bu istiqamətdə 2020-ci ildə qəbul edilən qanun fəaliyyətimizin hüquqi bazasını təşkil edir. 2022-ci ildə Koordinasiya Mərkəzinin yaradılması ilə ölkədə transplantasiya prosesi sistemli şəkildə aparılmağa başlanıb".
Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasovanın sözlərinə görə, ürək transplantasiya əməliyyatının Qafqazda ilk Azərbaycanda icra olunması üçün uzun yol qət edilib.
"Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi üçün əvvəlcə hüquqi baza yaradılıb. Bu məqsədlə vahid informasiya bazasının əsasnaməsi hazırlanıb. Bu bazaya bütün transplantasiya həyata keçirən xəstəxanalar və ilkin donor gözləyən şəxslərin siyahısı daxil edilib".
Daha sonra Qafqazda ilk ürək transplantasiyası olunan şəxs Rəşad Məmmədəliyev çıxış edərək öncə əməliyyatda əməyi keçənlərə təşəkkür edib, sonra hər kəsi donorluqdan faydalanmağa çağırıb:
"Donor ailəsinə çox təşəkkür edirəm. Əməliyyatın mənə psixoloji təsiri yoxdur. Əməliyyat uğurla icra edildi, heç bir problemim yoxdur. Hər kəs rahatlıqla donorluqdan faydalana bilər".
Rəşad Məmmədəliyevin valideyni Fəridə Hüseynova da öz növbəsində hər kəsə təşəkkür edib.
Azərbaycan Ürək və Damar Cərahhiyəsi Cəmiyyətinin sədri Ramil Əliyev bildirib ki, son iki ildir Azərbaycanda İcbri Tibbi Sığortanın tətbiqindən sonra açıq ürək əməliyyatı xeyli sayda artıb:
"Son iki ildə ölkədə 11000 açıq ürəyi əməliyyatı keçirilib".
Dəyirmi masada çıxış edən Ürək və Damar Cərahhiyəsi Cəmiyyətinin sədri, professor Kamran Musayev bildirib ki, transplantasiya əməliyyatlarının sayının artması üçün maarifləndirmə işləri aparılmalıdır.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре