Qlobal reytinq agentliklərinin qiymətləndirmələri: Azərbaycan iqtisadiyyatı və bank sektoru sabitliyini qoruyur
Müəllif: Sadiq Cavadov
Mənbə: Trend
Son illərdə qlobal iqtisadiyyatda artan geosiyasi risklər, enerji bazarlarında dəyişkənlik və maliyyə bazarlarında qeyri-müəyyənlik fonunda ölkələrin iqtisadi dayanıqlığı beynəlxalq reytinq agentliklərinin qiymətləndirmələrində xüsusi yer tutur. Bu kontekstdə Azərbaycan iqtisadiyyatı və bank sistemi ilə bağlı aparıcı qlobal maliyyə institutlarının son hesabatları ölkənin maliyyə sabitliyinin möhkəm əsaslara söykəndiyini göstərir. Bu qurumların təhlillərinə əsasən deyə bilərik ki, Azərbaycanın makroiqtisadi sabitliyi, yüksək strateji valyuta ehtiyatları və güclü bank sektoru ölkə daxili ilə yanaşı, həm də regionda iqtisadi sabitliyin qorunmasında mühüm rol oynayır.
"Moody's" agentliyinin son hesabatına görə, Azərbaycanın bank sistemi üzrə proqnoz "müsbət" olaraq qalır. Agentlik hesab edir ki, ölkədə əlverişli əməliyyat mühiti və dövlət dəstəyi yaxın 12-18 ay ərzində bank sektorunun sabitliyini təmin edəcək.
Hesabatda qeyd olunur: "Əlverişli fəaliyyət şəraiti növbəti 12-18 ay ərzində aktivlərin keyfiyyətini və gəlirliliyi dəstəkləyəcək, tənzimləyici tələblərin sərtləşdirilməsi isə kapitalın möhkəmlənməsinə və likvidliyin idarə olunmasının yaxşılaşmasına kömək edəcək".
Agentliyin qiymətləndirməsinə görə, bank sektorunda aktivlərin keyfiyyətinin yüksək qalması qeyri-neft sektorunda artım və gəlirlərin yüksəlməsi ilə birbaşa bağlıdır. Bu isə kredit portfellərinin genişlənməsinə və bankların dayanıqlığının artmasına şərait yaradır.
Problemli kreditlərin payı da beynəlxalq standartlarla müqayisədə aşağı səviyyədədir. 2025-ci ilin sonunda bu göstərici ümumi kredit portfelinin təxminən 2,5 faizi təşkil edib ki, bu da bank sektorunun sağlam maliyyə strukturuna malik olduğunu göstərir.
Azərbaycan banklarının kapitallaşma səviyyəsi də beynəlxalq agentliklər tərəfindən yüksək qiymətləndirilir. "Moody's" qeyd edir ki, ölkədə fəaliyyət göstərən reytinqli bankların əsas kapitalının risklə ölçülmüş aktivlərə nisbəti orta hesabla 20 faiz təşkil edir.
"Azərbaycanın reytinqli bankları dayanıqlı kapital buferlərinə malikdir və daxili kapital formalaşması yüksək kapitallaşmanı dəstəkləməyə davam edəcək", - hesabatda vurğulanır.
Eyni zamanda bank sektorunda likvidlik göstəriciləri də kifayət qədər yüksəkdir. Sektor aktivlərinin təxminən 41 faizi likvid aktivlərdən ibarətdir ki, bu da xarici maliyyə şoklarına qarşı əlavə təhlükəsizlik buferi yaradır.
"S&P Global Ratings" agentliyi də Azərbaycan bank sektorunun dayanıqlığını vurğulayır və kreditləşmənin yaxın illərdə sabit artım tempini qoruyacağını proqnozlaşdırır. Agentliyin hesablamalarına görə, 2026-2027-ci illərdə ölkədə kreditləşmənin illik artımı təxminən 10-12 faiz təşkil edə bilər. Hesabatda qeyd olunur ki, son illərdə bank sektorunda tənzimləmənin modernləşdirilməsi risklərin azalmasına mühüm töhfə verib:
"Tənzimləmə və nəzarətin modernləşdirilməsinə yönəlmiş təşəbbüslər sayəsində Azərbaycanda bank risklərinin azaldığını hesab edirik".
Bu prosesə risk əsaslı nəzarət modelinə keçid, korporativ idarəetmə standartlarının gücləndirilməsi və beynəlxalq maliyyə hesabatı standartlarının tətbiqi kimi addımlar daxildir.
Azərbaycan iqtisadiyyatının ümumi inkişaf perspektivləri də beynəlxalq analitiklər tərəfindən müsbət qiymətləndirilir.
"ING Group" analitiklərinin proqnozuna görə, ölkədə real ÜDM artımı 2026-cı ildə 2,5 faiz, 2027-ci ildə isə 3 faiz səviyyəsində ola bilər. Artım əsasən qeyri-neft sektorunun genişlənməsi hesabına təmin ediləcək. Bu prosesə nəqliyyat-logistika infrastrukturunun inkişafı, bərpa olunan enerji layihələri və Qarabağ regionunda aparılan genişmiqyaslı bərpa işləri də töhfə verir.
Azərbaycanın strateji valyuta ehtiyatları da iqtisadi sabitliyin əsas faktorlarından biri kimi qiymətləndirilir. 2025-ci ilin sonunda ölkənin strateji ehtiyatları 85 milyard ABŞ dollarını keçib ki, bu da beynəlxalq adekvatlıq standartlarından xeyli yüksəkdir.
Azərbaycan hökuməti iqtisadiyyatın şaxələndirilməsi və yüksək texnologiyalara əsaslanan inkişaf modelinə keçidi prioritet istiqamətlərdən biri kimi müəyyən edib.
İqtisadiyyat naziri Mikayıl Cabbarov bu istiqamətdə çıxışında qeyd edib:
"İqtisadiyyatın şaxələndirilməsi strateji hədəflərimizin əsasını təşkil edir və artıq qeyri-neft-qaz sektoru iqtisadi artımın başlıca drayverinə çevrilib".
Nazirin sözlərinə görə, son illərdə qeyri-neft sektorunda orta illik real artım 5,9 faiz təşkil edib və bu sektorun ÜDM-də payı 2018-ci ildəki 58,3 faizdən 2025-ci ildə 71,5 faizə yüksəlib.
Ümumilikdə, bu dəyişikliklər Azərbaycan iqtisadiyyatının struktur transformasiyasının sürətlə getdiyini göstərir.
Azərbaycan iqtisadiyyatının sabitliyi təkcə ölkə daxilində deyil, region üçün də mühüm əhəmiyyət daşıyır. Enerji, logistika və maliyyə sektorlarında inkişaf Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri üçün yeni iqtisadi imkanlar yaradır. Məsələn, nəqliyyat-logistika layihələri - xüsusilə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafı - Avropa ilə Asiya arasında ticarətin diversifikasiyasına töhfə verir. Bu isə regional iqtisadi inteqrasiyanı gücləndirir və beynəlxalq tədarük zəncirlərinin daha dayanıqlı olmasına imkan yaradır. Bundan əlavə, enerji və bərpa olunan enerji layihələrinə cəlb edilən xarici investisiyalar region ölkələri üçün yeni investisiya axınları və texnologiya transferi imkanları yaradır.
Lakin bir şeyi də nəzərə almaq lazımdır ki, qlobal geosiyasi proseslər də region ölkələrinin iqtisadi göstəricilərinə müəyyən təsir göstərir. "ING Group" analitiklərinin qiymətləndirməsinə görə, Yaxın Şərqdə hərbi vəziyyətin kəskinləşməsi fonunda dünya bazarlarında neft və qızıl qiymətlərinin artması Azərbaycanın xarici balansına qısamüddətli dəstək verə bilər.
Analitiklər qeyd edirlər ki, neftin hər barelinin qiymətinin davamlı olaraq 10 dollar artması Azərbaycanın ixrac gəlirlərini təxminən 3 milyard dollar artırır ki, bu da ölkə ÜDM-nin təxminən 4 faizi həcmində əlavə iqtisadi təsir deməkdir. Büdcə baxımından isə belə artım dövlət gəlirlərinə təxminən 1,5 milyard dollar əlavə vəsait gətirə bilər.
Bununla yanaşı, ekspertlər qeyd edirlər ki, Azərbaycanın güclü maliyyə ehtiyatları və sabit makroiqtisadi siyasəti qlobal geosiyasi risklərin iqtisadiyyata təsirini məhdudlaşdırmağa imkan verir.
Qlobal reytinq agentliklərinin qiymətləndirmələri göstərir ki, Azərbaycan iqtisadiyyatı hazırda dayanıqlı makroiqtisadi siyasət, güclü maliyyə ehtiyatları və sabit bank sektoru hesabına regionun ən sabit maliyyə sistemlərindən birinə çevrilir. Enerji resursları, inkişaf edən nəqliyyat-logistika infrastrukturu və artan qeyri-neft sektoru ölkəni Avropa ilə Asiya arasında mühüm iqtisadi körpü kimi möhkəmləndirir. Bu baxımdan Azərbaycanın iqtisadi və maliyyə sabitliyi milli inkişafla yanaşı, həm də regionun iqtisadi təhlükəsizliyi və qlobal ticarət marşrutlarının dayanıqlığı üçün strateji əhəmiyyət daşıyır.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре