İranda əməliyyat: 31 nəfər

İranda iki ayrı əyalətdə keçirilən əməliyyatlar zamanı ümumilikdə 31 nəfər saxlanılıb.

Day.Az xəbər verir ki, məlumat Tesnim News Agency tərəfindən yayılıb.

Onlar "kiberməkanda ictimai təhlükəsizliyi pozmaq" və "dövlət əleyhinə fəaliyyət göstərmək" ittihamları ilə şübhəli bilinirlər. 

Bildirilir ki, İsfahan vilayətinə bağlı Nətənz şəhərində aparılan əməliyyat zamanı bu ittihamlarla 26 nəfər saxlanılıb. Hüquq-mühafizə orqanları həmin şəxslərin onlayn platformalarda sabitliyi pozmağa yönəlmiş fəaliyyətlə məşğul olduqlarını iddia edir.

Eyni zamanda, Hörmüzqan əyalətində keçirilən digər əməliyyatda daha 5 nəfər saxlanılıb. Onların "ictimai təhlükəsizliyi pozmaq", xarici media ilə əlaqədə olmaq və "muzdlu fəaliyyət göstərmək"də şübhəli bilindikləri qeyd olunur. Hadisə ilə bağlı araşdırmalar davam edir.