Hansı sabun əlləri daha yaxşı təmizləyir?

Dermatoloq Anna Fedus bildirib ki, sabunların əksəriyyəti mikrobları "öldürmür", əsas təsir mexanizmi çirk və mikroorqanizmlərin mexaniki şəkildə yuyulub aparılmasıdır.

Day.Az xəbər verir ki, onun sözlərinə görə, düzgün əl yuma adi sabunla belə kifayət qədər gigiyena təmin edir və antibakterial sabunların gündəlik istifadədə əlavə üstünlüyü yoxdur.

Mütəxəssis sabunların tərkibinə də diqqət çəkərək qeyd edib ki, uşaq sabunu daha az ətir və qıcıqlandırıcı maddələr ehtiva etsə də, hər kəs üçün tam təhlükəsiz demək deyil. Həddindən artıq istifadə edilən antibakterial və ya yüksək qələvi tərkibli sabunlar dərini quruda və mikrobiomu poza bilər.

Həkimin sözlərinə görə, gündəlik istifadə üçün neytral və ya yüngül turşulu pH-a malik, az ətirli maye və ya adi tualet sabunu daha uyğundur. Əllər çirklidirsə sabun və su, su yoxdursa isə ən azı 60% spirt tərkibli antiseptik istifadə etmək tövsiyə olunur.