Həyətdə olan ağacı kəsməyə görə

Şəxsi mülkiyyətə aid olan həyətyanı və bağ sahələrində yerləşən yaşıllıqların, eləcə də kənd təsərrüfatı məhsullarının yetişdirilməsi məqsədilə istifadə olunan bitki örtüyünün kəsilməsi ümumilikdə inzibati və ya cinayət məsuliyyəti yaratmır.

Bununla belə, İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsinə uyğun olaraq, meşə fonduna daxil olmayan ağac və kol əkililərinin qanunsuz şəkildə kəsilməsi və ya məhv edilməsi hallarında fiziki şəxslər 2000 manat, vəzifəli şəxslər 4000 manat, hüquqi şəxslər isə 25 000 manat məbləğində cərimə olunurlar.

Eyni zamanda, Cinayət Məcəlləsinin 259.1-ci maddəsinə əsasən, ağacların qanunsuz kəsilməsi nəticəsində xeyli miqdarda (5000 manatdan yuxarı, 20 000 manatdan artıq olmayan məbləğdə) ziyan vurulduqda, cinayət nəticəsində dəymiş ziyanın 2 misli həcmində cərimə, yaxud 2 ilədək müddətə islah işləri və ya 2 ilədək müddətə azadlığın məhdudlaşdırılması, həmçinin 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 3 ilədək azadlıqdan məhrumetmə cəzası tətbiq edilə bilər.

Nəsimi Ələsgərli