Serbiya Prezidenti Azərbaycanın müdafiə nazirini qəbul edib

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun Serbiyaya rəsmi səfəri davam edir.

Müdafiə Nazirliyindən Day.Az-a verilən məlumata görə, səfər çərçivəsində Serbiya Prezidenti Aleksandr Vuçiç Azərbaycan nümayəndə heyətini qəbul edib.

Azərbaycanın Serbiyadakı fövqəladə və səlahiyyətli səfiri Kamil Xasiyevin də iştirak etdiyi görüşdə ölkələrimiz arasında hərbi əməkdaşlıq və müdafiə sənayesi sahəsində qarşılıqlı əlaqələrin inkişaf perspektivləri müzakirə olunub.

Görüşdən sonra müdafiə naziri Kruşevaç şəhərində yerləşən "Slobodişte" Memorial Kompleksini ziyarət edib, İkinci Dünya müharibəsi qurbanlarının xatirəsinə inşa olunmuş abidənin önünə əklil qoyaraq dərin hörmət və ehtiramını bildirib.